Prezident Administrasiyasının rəhbəri skandal yaradacaq məlumatlar istəyir
Prezident Adminstrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin nazirliklərə və dövlət komitələrinə ünvanladığı məxfi məktub əlimizə keçib. Sentyabr ayının sonlarına təsadüf edən həmin məktubda Ramiz Mehdiyev nazir və komitə sədrlərindən tələb edir ki, rəhbərlik etdikləri qurum tərəfindən Azərbaycana jurnalist dəvət ediləcəyi halda bu barədə əvvəlcədən bütün detalları ilə PA-ya məlumat versinlər. Məlumatda əsasən aşağıdakılar öz əksini tapmalıdır:
– Dəvət edilən jurnalistin adı, soyadı hansı KIV-də çalışması və vəzifəsi.
– Səfərin konkret tarixi və məqsədi.
– Jurnalistin gedəcəyi yerlərin və şəxslərin siyahısı.
– Çalışdığı KIV-də bundan əvvəl Azərbaycanla bağlı hazırladığı materiallar.
– Səfərin yekunu və jurnalistin hazırlayacağı material.
Heç şübhəsiz Ramiz Mehdiyevin nazir və komitə sədrlərinə bu məktubu ünvanlaması beynəlxalq mediada Azərbaycan hakimiyyəti barədə dərc edilən ifşaedici materiallardan doğan narahatlıqdan irəli gəlir. “Eurovision” musiqi yarışması ərəfəsində ölkəmizə gələn əcnəbi jurnalistlərin çalışdıqları KIV-də Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırması hakimiyyəti ciddi tədbirlər görməyə sövq edib. Və görünür, çıxış yolu kimi Azərbaycana gələn jurnalistləri nəzarətə götürmək qərarına gəlib.
Azad