Ermənilərdən Rusiyaya ittiham

Erməni mətbuatı Moskvanın Ermənistana qarşı informasiya müharibəsi apardığını yazır

Ermənistan mətbuatında ara-sıra Rusiya ilə münasibətlərə dair yazılar dərc edilir. “Lragir” nəşrinin «Rusiya-Ermənistan blefi» yazısı da bu qəbildəndir. Qəzet iki ölkə arasında strateji əhəmiyyətli münasibətlərdən xəbər verən fundamental siyasi müqavilələrin olduğunu yazsa da, Moskvanın Ermənistana qarşı informasiya müharibəsi apardığını iddia edir. Artıq Ermənistan da bütün mümkün arqumentlərdən istifadə edərək Rusiyanı cavabsız qoymur. Nəşrin iddiasına görə, əgər Rusiya tərəfdən bu «müharibə» ölkə rəhbərliyinin göstərişi əsasında həyata keçirilirsə, Ermənistan rəhbərliyi Moskvanın iradlarının qarşısını almağa çalışır. Bununla belə Ermənistanda Moskvanın hətta ən pis əməlinə bəraət qazandırmağa hazır olanlar da var. Belələri siyasətdə və həyatda əsl riskin nə olduğunu, həmçinin onları nəyin gözlədiyini anlamır.
Qəzetin yazdığına görə, Ermənistan rəhbərliyi müəyyən dərəcədə Rusiyanın təzyiqinə vərdiş edib. Onlar artıq anlayır ki, ruslarla etibarlı dialoqa getmək mümkün olmayacaq. Görünür Yerevanda ümid edirlər ki, Moskva antierməni hücumundan əl çəkəcək. Bəlkə də artıq narahatçılığa əsas yoxdur. Çünki Rusiyanın Cənubi Qafqazda heç bir perspektivi və siyasi resursları yoxdur. Yəqin elə bu da Moskvadakı siyasətçiləri qıcıqlandırır.
Formal olaraq Rusiyanın Ermənistana qarşı iradları Yerevanın həyata keçirmək istədiyi «yeni xarici siyasət kursu» ilə izah edilir. Yəni Ermənistan NATO, Avropa İttifaqı və Avroatlantik birliyin aparıcı ölkələri ilə yaxınlaşmağa cəhd edir. Maraqlıdır ki, İran Ermənistanın bu niyyətinə çox sakit və müəyyən maraqla yanaşır. Ancaq Ermənistan özü bu qurumların heç birinə uzvlüklə bağlı niyyətinin olduğunu açıqlamayıb. Şübhəsiz ki, Rusiyanın daha çox məlumatı var və qorxusunun da tutarlı əsasları var. Moskva anlamalıdır ki, müxtəlif istiqamətlərdən onun üçün daim belə təhlüekələr yaranır. Ancaq Rusiyanın nəzərdə tutduqları Ermənistanın xarici siyasətinin məhdudlaşdırılmasını və ölkənin müstəqilliyinin tam itirilməsi deməkdir.
Erməni mətbuatının iddiasına görə, Rusiya Türkiyə və Azərbaycanı inandırmaq istəyir ki, o Ermənistanın maraqlarını qurban verə bilər. Ancaq bu nəticələrin əsas arqumenti ona gətirib çıxarır ki, Rusiya Qarabağ münaqişəsinin tezliklə həllində maraqlı deyil. Moskva münaqişənin uzanmasında və qarşılıqlı iddiaların artmasında maraqlıdır. Bu olduqca spesifik, lakin effektiv ssenaridir. Dəqiq olan isə odur ki, Ermənistan bu və digər səbəblərdən xaroici siyasətdəki strukturlarının quruluşuna yenidən baxmalı olacaq. Yəqin ki, bu artıq geosiyasi əhəmiyyət daşıyacaq prezident seçkilərindən sonra baş verəcək.