“Yeni Müsavat” “Azadlıq” qəzetinin Anar Məmmədovla bağlı yazıya təkzib verməsi ətrafında süni ajiotaj yaratmaqda davam edir. Qəzetin baş redaktorunun müavini Azər Ayxan növbəti dəfə xəbər portallarından birində əsassız iddialar irəli sürüb. O, qəzetimizin redaktoru Sücəddin Şərifovun “Azər Ayxan yaxşı bilir ki, Anardan, Ziya Məmmədovdan bizə müttəfiq çıxmaz” fikrinə münasibət bildirərkən deyib: “Anardan, Ziya Məməmdovdan onlara müttəfiq olsa da, olmasa da özləri bilərlər. Amma ortada xeyli fakt var ki, onların müttəfiq olduğunu düşünək”.
Məsələ ilə bağlı növbəti dəfə Sücəddin Şərifovun mövqeyini təqdim edirik: “Biz ilk gündən Anar Məmmədovla bağlı təkzibin “Azadlıq” qəzetində hansı səbəbdən dərc edildiyini izah etmişik. Fikrimizcə, izahatımız kifayət qədər əsaslı və yetərlidir. Həmin izahatdan sonra növbəti dəfə bu məsələ ətrafında spekulyasiya etmək, “Azadlıq”ı nüfuzdan salmaq, süni prinsipallıq göstərmək cəhdləri başadüşülən deyil. Əslində, başadüşüləndir. “Yeni Müsavat” qəzetinə indi bu “prinsipiallıq” çox lazımdır.
Azər Ayxanın şübhələrinə gəlincə, biz bu istiqamətdə polemika açmaqda həvəsli deyilik. Əgər “Yeni Müsavat”dakı dostlarımız bu polemikaya həvəslidirlərsə, onda mən Azər Ayxandan təkidlə xahiş edirəm, bizimlə bağlı şübhələrinin nədən qaynaqlandığına elə növbəti saylarındaca aydınlıq gətirsin. Bundan sonra isə biz kimin-kimlə aşkar və gizli müttəfiq olması barədə bütün bildiklərimizi konkret faktlarla ictimaiyyətə açıqlayacağıq. Mən bu polemikanı “Yeni Müsavat”a arzulamazdım. Çünki bu polemikada uduzan tərəf onlar olacaq”.


