“AzərRos”un vitse-prezidenti Vidadi Abbasov ünvanlarına səslənən ittihamlara sərt cavab verdi
“AzərRos” prezidenti Söyün Sadıqovun Rusiya Erməniləri İttifaqının rəhbərliyi ilə görüşü Azərbaycan rəsmiləri və hakimiyyətə yaxın mətbuat tərəfindən süngü ilə qarşılandı. Öz növbəsində “AzərRos” AFMK-nın vitse-prezidenti Vidadi Abbasov “Azadlıq”a ünvanladığı məqaləsində mətbuatda dərc olunan ittihamlara cavab verib.
Rusiyadakı azərbaycanlılara belə hörmətsizlik hardandır?!
Noyabrın 24-də Vesti.az saytı “Azərbaycanlı biznesmen yenə Ara Abramyanın onun üçün qurduğu tələyə düşdü” başlıqlı məqalədə “AzərRos” AFMK rəhbərliyinə bir sıra suallar verilir. Təəssüf ki, məqalə Azərbaycanda Söyün Sadıqova qarşı başlanan çirkin kampaniyanın tərkib hissəsi kimi yazılıb. Bununla belə mən böyük həvəslə Vesti.az və bir çox digər Azərbaycan KİV-lərini rahatsız edən suallara cavab verəcəm.
Hörmətli redaksiya!
Diqqətinizə çatdırım ki, “AzərRos” AFMK Rusiyadakı Azərbaycan diaspora təşkilatlarından biri deyil, milliyyətçə azərbaycanlı olan Rusiya vətəndaşlarının birləşdirən yeganə təşkilatdır.
Bizim yerimizə bizim prioritetlərimizi yerbəyer etməyi nəzakətsizlik hesab edirəm. Yəni başa düşmək elə çətindir ki, biz Rusiya azərbaycanlılarıyıq! Biz bizi qəbul edən və övladlarımızın gələcəyi üçün bütün şəraiti yaradan Rusiyaya minnətdarıq. Hələ dünən Azərbaycanda öz ailələrini dolandıra bilməyən həmvətənlərimiz bu Rusiyada imkan əldə edib, bizneslə, yaradıcılıqla məşğul olur, dövlət strukturlarında çalışır. Buna görə onlar heç kimə haqq ödəmir. İnanmırsınız? Sizi başa düşürəm, Azərbaycanda buna inanmaq olmur, hətta təsəvvür etmək çətindir.
Rusiyadakı azərbaycanlılardan Azərbaycana ildə milyardlarla dollar pul gedir. Diqqətinizə çatdırım ki, Rusiyadakı hər bir iş qabiliyyətli azərbaycanlı Azərbaycanda ən azı bir ailə saxlayır. Rusiya bizim üçün belə imkan yaradıb və bizim nefti olan tarixi vətənimizə də iqtisadi töhfəmiz budur.
Bəli, “AzərRos” AFMK və REİ-nın (Rusiya Erməniləri İttifaqı) birgə bəyanatında Ermənistan rəhbərliyinə çağırışlar yoxdur. Sizə necə izah edək ki, “AzərRos”la REİ arasında əməkdaşlıq Qarabağ münaqişəsinin müzakirəsini nəzərdə tutmur, bu bizim səlahiyyətimizə aid deyil. Dağlıq Qarabağ münaqişəsinin həlli və Azərbaycan torpaqlarının azad edilməsi Azərbaycan hakimiyyətinin əlindədir. Kim onlara işğalçılara müharibə elan etməyə mane olur?! Yoxsa Azərbaycanda istəyirlər ki, biz onların əvəzində bunu Rusiya şəhərlərinin küçələrində edək?!
Bizim Azərbaycan problemlərinə dair prioritetlərimizlə bağlı təxminləriniz olduqca uğursuzdur. Sizə xatırlatmağı lazım bilirəm: sizin çirkin kampaniya apardığınız Söyün Sadıqov 12 il müddətində özünün bütün enerjisini və maliyyə imkanlarını təkbaşına Rusiyadakı azərbaycanlıların maraqlarını müdafiə edən, Qarabağ münaqişəsi barədə həqiqətləri yayan və yalançı erməni təbliğatına qarşı dayanan “AzərRos” AFMK-nın möhkəmlənməsinə yönəldib. Sadıqov təkbaşına Rusiyada yalançı ləzgi və talış liderlərin fəaliyyətinə qarşı olub. Azərbaycanda rusların yalnız erməniləri müdafiə etməsi ilə bağlı göz yaşları tökəndə Sadıqovun səyləri nəticəsində tanınmış rus yazıçıları və siyasətçilərinin yeddi kitabı nəşr olunub. Bu kitablar yalançı erməni təbliğatını darmadağın etdi, ictimai fikrin Azərbaycanın xeyrinə dəyişməsində əhəmiyyətli rol oynadı. Bizim öz gücümüzə Azərbaycan naminə hansı işlər gördüyümüzü Siz Bəhram Batıyev (Vesti.az saytındakı məqalənin müəllifi – red.) bu yaxınlarda Nijeqorodsk vilayətinə səfəriniz zamanı gördünüz.
Bəs 20 ildə Azərbaycan işğal edilmiş torpaqlarının azad olunması üçün nə edib? Hər şey yalnız hərbi ritorika ilə məhdudlaşırdı. İnformasiya müharibəsi əvvəlki tək “Özüm danışıram-özüm eşidirəm” formatında aparılır, səslənən fikirlər də inandırıcı görsənmi. Azərbaycanın yüksəkdə olması üçün nəyi çatmır? Yəqin istək. Xaricdə güclü diasporların yaradılması üçün nə edilib? HEÇ NƏ!!!
Diasporalarla iş Üzrə Dövlət Komitəsi qısqanclıqla Söyün Sadıqovun uğurlarını izləyərək hər il “görülən işlər və xərclənən vəsaitlər barədə” hesabat verir. Qətiyyən şübhə etmirəm ki, biz zərrə qədər də diasporaya görə canıyananlıq edən Dövlət Komitəsinin olduğunu hiss etmiriksə, işlər də, vəsaitlər də boş yerə xərclənib. Həmin komitə utanmadan onun köməyi olmadan onun yerinə işləyənlərin açıq təqibinə keçib. KİV-lərin yazılarında və hakimiyyət təmsilçilərinin bəyanatlarında hiss edirik ki, Azərbaycanda bizə erməni aqressorlarından daha çox nifrət edirlər. Həyatını öz xalqına xidmət etməyə həsr edən rusiyalı azərbaycanlılara belə nifrət və hörmətsizlik hardandır?
Hə! Azərbaycanda Rusiyadakı Azərbaycan Təşkilatları İttifaqını (RATİ) və “AzərRos” AFMK-ə bərk nifrət edirlər, çünki onlar Kremlə “yaxındır”.
Sevinin də, nəhayət ki, Kremlə yaxşı münasibəti olan Azərbaycan təşkilatı yaranır, onlar da erməni diasporunun bütün dünyada elədiyi kimi Azərbaycanın maraqlarının lobbiçisi olacaq. Siz axı təkrarlamağı sevirsiniz: “Qarabağ münaqişəsinin açarı Kremldədir!”. Onda niyə bu açara yaxın olan azərbaycanlılardan qorxursunuz? Görünür, bu açar Bakıda heç kimə lazım deyil. Elə deyil?
Sizi inandırmağa çalışmayacam ki, Rusiyadakı tanınmış və hörmətli azərbaycanlıların sistematik təqibi xalqımızın maraqlarına uyğun deyil, mahiyyətcə də iyrəncdir. Güman edirəm həmvətənlərim – jurnalistlər bunu yaxşı anlayırlar. Hamı acı həqiqəti deməyi bacarmır. Bu hər kəsə verilməyib. Kimsə “bir tikə çörəyini” itirməyə qorxur, kiminsə hünəri çatmır. Bir tikə çörək və şərəf… Bu artıq hər bir jurnalistin, siyasətçinin, politoloqun, ictimai xadimin, məmurun və sadə vətəndaşın öz seçimidir. Mən burda sizə məsləhət verə bilmərəm.
Ancaq yenə də şüurlu şəkildə, yaxud istəmədən təəssüf ki, Azərbaycan üçün adi hal olan çirkin kampaniyalarda iştirak edənlərə müraciət etmək istəyirəm. Ağa qara, yaxud əksinə demək çətin deyil. Bu utanc işdə həmvətənlərimin iştirak etməsi mənə ağır gəlir!
Vidadi Abbasov, “AzərRos”un vitse-prezidenti


