Bəxtiyar Hacıyev
Azərbaycanın ərazi bütövlüyü təmin edilibmi və Xankəndi Azərbaycanın, Ermənistanın, qondarma Artsaxın, yoxsa Rusiyanın nəzarətindədir?
▪️ Bu gün Rusiya müdafiə nazirinin müavini Dmitri Bulqakov Xankəndi yaxınlığında rusməramlı kontingent üçün tikilmiş 250 nəfərlik növbəti modul tipli hərbi şəhərciyinin açılışını edib. Bulqakov Xankəndinə Bakıdan getməyib, Bakıda heç bir rəsmi görüş olmadan gedib. Orada tikilən modul tipli şəhərciklər, hospitallarla əmri Rusiya Müdafiə naziri Şoyqu tərəfindən verilir.
▪️ Aprel ayının 5-dən gec olmayaraq 25 belə şəhərciyin tam istifadəyə veriləcəyi bildirilir. Bu isə 10 noyabr üçtərəfli bəyanatında göstərilən 1960 nəfər üçün yox, daha çox sayda hərbçi üçün şəhərciklərin tikilməsi deməkdir.
▪️ Hazırda Xankəndində Rusiya bayrağı dalğalanır, qondarma Artsax bayrağı dalğalanır, Ermənistan bayrağı dalğalanır, Azərbaycan bayrağı yox.
▪️ Hazırda Xankəndində qondarma rejimin “prezidenti” və “parlamenti” fəaliyyət göstərir, Ermənistan rəsmiləri sıx-sıx ora gedib-gəlirlər, Rusiya rəsmiləri birbaşa gedib-gəlirlər, Azərbaycan prezidenti isə yox. Azərbaycanın Xankəndində baş verənlərə heç bir nəzarəti yoxdur.
▪️ Rusməramlı kontingent arasında aparılan təbliğat “vətəni qorumaq” təbliğatıdır, sülhü bərqərar etmək yox. Hazırda rusməramlıların nəzarət etdikləri ərazilərdə də onların Azərbaycana, Azərbaycan Respublikasına etimadı yox, Rusiyaya etimadları formalaşdırılır. Humanitar yardım Rusiyadan gəlir, təhlükəsizlik qarantı kimi Rusiya göstərilir.
▪️ Xocalı hava limanında uçuş zolağının daha 800 metr uzadılaraq 3 km-ə çatdırılması planlaşdırılır. Bu isə Rusiya qırıcıları da daxil olmaqla bütün növ hərbi təyyarələrin ora asanlıqla eniş etməsinə şərait yaradacaq. Rus mənbələr yazırlar ki, rusməramlı kontingent Qarabağda uzunmüddətli və güclü şəkildə möhkəmlənəcəklər.
▪️ 10 noyabr bəyanatından dərhal sonra iqtidara yaxın mənbələr “Xankəndində Azərbaycan bayrağı dalğalanacaq, Azərbaycan manatı, bankı, mobil operatorları fəaliyyət göstərəcək, oradakı ermənilərə Azərbaycan pasportu veriləcək” təbliğatı aparırdılar. Ancaq bu gün baş verənlər prosesin tam başqa istiqamətdə getdiyini göstərir. Bir müddət sonra oradakı ermənilərə Rusiya pasportları paylansa, bu çox təhlükəli mərhələyə gətirib çıxaracaq.
▪️ Ona görə də prezident qələbədən danışanda bu məqamları da xatırlayaraq və sorğulayaraq dinləməliyik.