ABŞ-dan Azərbaycan hakimiyyətinə sərt ittihamlar

Azərbaycandakı repressiya və işgəncələr ABŞ Dövlət Departamentinin hesabatında

Sənəddə İlham Əliyevin AXCP-yə hücum çıxışı və Əli Kərimlinin blokadaya alınması da əksini tapır

ABŞ Dövlət Departamenti 2020-ci il üçün dünya ölkələrində insan haqlarının durumuna dair illik hesabatını açıqlayıb.

Hesabatın Azərbaycanla bağlı hissəsində ölkədə ciddi insan haqları pozuntuları geniş şəkildə işıqlandırılıb. Problemlər kimi qanunsuz və ya özbaşına həbslər, işgəncə, həbsxanalarda sərt və bəzi hallarda həyata təhlükə yaradan şərait, siyasi məhbuslar problemi və s. göstərilib.

Hesabatda AXCP sədri Əli Kərimlinin 2020-ci ilin aprelindən internet-kommunikasiya blokadasına alındığı, onun 2006-cı ildən bəri, eləcə də jurnalist Xədicə İsmayılın və hüquq müdafiəçisi İntiqam Əliyevin xaricə çıxışına qadağa qoyulduğu bildirilib.

Sənəddə AXCP sədrinin mühafizəçisi Niyaməddin Əhmədovun həbsi və həbs zamanı hansı işgəncələrə məruz qalması, Qarabağ yürüşünə görə həbs edilən AXCP üzvləri Fuad Qəhrəmanlı, Seymur Əhmədzadə, Ayaz Məhərrəmli, Ramid Nağıyev və Baba Süleymananın işgəncəyə məruz qalması, onlar barəsində günlərlə heç bir xəbər almağın mümkün olmadığı, yaxınları və ailə üzvlərinin onlarla əlaqə saxlaya bilmədiyi, Fuad Qəhrəmanlıya yalnız həbsindən 10 gün sonra, onda da öldüyü xəbəri yayıldığı üçün qardaşı ilə bir neçə saniyəlik telefon danışığı imkanı verildiyi haqda məlumatlar əksini tapır.

Sənəddə Müsəlman Birliyi Hərəkatının üzvü, siyasi məhbus Abbas Hüseynin həbsdə təzyiqlərə məruz qalması da qeyd olunub.

AXCP üzvü Aqil Hümbətovun ölkə başçısı İlham Əliyevin ünvanına sərt tənqidlərə görə psixi dispanserə salındığı da hesabatda göstərilib.

Sənəddə 14-15 iyul Qarabağa dəstək yürüşünə görə həbslərə ayrıca toxunulur və orada qeyd edilir ki, AXCP Rəyasət Heyətinin üzvləri Fuad Qəhrəmanlı, Ayaz Məhərrəmli, Məmməd İbrahim və Bəxtiyar İmanov yürüşdə ümumiyyətlə iştirak etmədikləri halda 3-4 ay həbsdə saxlanılıblar.

Bu hissədə o da qeyd olunur ki, ölkə başçısı İlham Əliyev 2020-ci il 16 iyul tarixli çıxışında AXCP-ni həmin gecə ixtişaş yaratmaqda ittiham edib.

Hesabatda Milli Şura Koordinasiya Mərkəzinin və Müsavat partiyasının üzvü Tofiq Yaqublunun 2020-ci ilin martında şərlənərək həbs edilməsi detallı şəkildə əksini tapıb.

Sənəddə Tərtər cinayətləri haqda da məlumatlar yer alır.

Hesabatdə Azərbaycandan xaricdə azərbaycanlı müxalif fəalların təqibi və İnterpol xətti ilə həbs etdirilməsi barədə də detallı məlumatlar yer alıb.

Dövlət Departamenti Azərbaycanda hüquq müdafiəçilərinin də təzyiqə məruz qalıdığını da hesabata daxil edib. Məsələn, sənəddə Müdafiə Xətti hüquq müdafiə təşkilatının rəhbəri Rüfət Səfərovun AXCP funksionerləri Fuad Qəhrəmanlı və Seymur Əhmədzadənin işgəncəyə məruz qaldığını ictimailəşdirənən sonra prokurorluğa çağırılaraq və təhdid edildiyi öz əksini tapır.

Bundan əlavə, hesabatda Azərbaycanda məhkəmələrin müstəqilliyi ilə bağlı geniş yayılmış problemlərin olduğu, ifadə, mətbuat və internet azadlığına ciddi məhdudiyyətlərin qoyulduğu, jurnalistlərə qarşı zorakılıqların tətbiq edildiyi, böhtan və iftiranın kriminallaşdırıldığı qeyd edilib.

Hesabatda bildirilib ki, ATƏT-in müşahidə missiyasi Azərbaycanda 9 fevralda keçirilən parlament seçkilərinin, habelə 2018-ci ildə keçirilən prezident seçkisinin məhdudlaşdırıcı qanunvericilik çərçivəsində və siyasi mühitdə keçirilidiyini və bunun seçkidə həqiqi rəqabətə əngəl olduğuna dair nəticəyə gəlib.

Sənəddə Azərbaycanda jurnalistlərin şübhəli ittihamlarla təqib olunub həbs edildikləri, saytların bloklandığı, dinc toplaşmaq azadlığına ciddi müdaxilələrin olduğu, hərəkət azadlığının məhdudlaşdırıldığı, hökümətdə sistemli korrupsiya hallarının olduğu və s. kimi neqativ hallar əksini tapır.

Dövlət Departamenti qeyd edir ki, Azərbaycan hökuməti insan haqlarını pozan əksər rəsmiləri cəzalandırmır və cəzasızlıq problem olaraq qalır.