heyder-heykel-mexiko

Heydər Əliyevin heykəlinə ABŞ-dan da etiraz gəldi

heyder-heykel-mexiko«Heydər Əliyev abidəsi qoyulmağa layiq iş görməyib»

Mexiko şəhər hökumətinə məktub göndərildi

Heydər Əliyevin heykəlilə bağlı beynəlxalq qalmaqal davam edir. Bu məsələ ilə bağlı Amerikadan da reaksiya gəlib. “Amerika Azərbaycanlıları Demokratiya Uğrunda” Cəmiyyətinin (AZAD) sədri Elmar Şahtaxtinski Mexiko şəhər hökumətinə müraciət edərək, Heydər Əliyevin heykəlinin götürülməsinə çağırıb.
Müraciətdə deyilir:
“Öz təşkilatımın və bütün həmfikirlərimin adından Mexiko hökumətinin təşkil etdiyi və Azərbaycan diktatoru Heydər Əliyevin heykəlinin şəhərdəki parklardan birindən götürülməsini tövsiyə edən komissiyanın qərarını alqışlamaq istərdim.
Mən sizin qərara cavab olaraq, Azərbaycan hökumətinin parkın yenidən qurulmasına xərclənən pulları geri tələb etməsi, Azərbaycan səfirliyinin bağlanması və neft sənayesinə investisiyaların ləğvilə hədələməsindən hiddətləndiyimizi bildirirəm.
Əminəm ki, Azərbaycan hakimiyyəti Mexiko meriyasını qorxuda bilməyəcək və sizin şəhərin məğrur sakinləri ÿəcnəbi rejimin onlara öz parklarında nə etmək lazım gəldiyini diqtə edə bilməsinə yol verməyəcək.
Əvvəlki məktubumda xatırlatdığım kimi, Heydər Əliyev ictimai parklarda və bağlarda abidəsi qoyulmağa layiq iş görməyib. O, demokratiyanın düşməni, korrupsiyanın baş alıb getməsinə, Azərbaycan xalqının hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına cavabdeh olub.
Azərbaycanda böyümüş, Meksika və onun xalqı haqqında ilkin mənbədən məlumat almaq nəsib olmuş bir adam kimi, güman edirəm ki, Meksikada və Azərbaycanda normal adamlar, azadlığı və insan hüquqlarını dəyərləndirənlər bu heykəlin tezliklə sizin gözəl şəhərinizdən götürülməsini qiymətləndirəcək”.
Heydər Əliyevin heykəlinin götürülməsinə dair komissiyanın qərarıyla əlaqədar Meksikada yaşayan Azərbaycan və türk icmaları abidənin yerləşdiyi parkda etiraz aksiyası keçiriblər. APA-nın məlumatına görə, aksiya Latın Amerikası Azərbaycanlıları Assosiasiyası tərəfindən, qurumun sədri, professor Natiq Atakişiyevin təşkilatçılığı ilə keçirilib.
Aksiya iştirakçıları və mətbuat nümayəndələri qarşısında çıxış edən N.Atakişiyev qeyd edib ki, H.Əliyevin heykəli və Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş abidə ilə əlaqədar Mexiko şəhər hökuməti tərəfindən yaradılmış üç nəfərdən ibarət Təhlil Komissiyasının şəhər hökumətinə verdiyi tövsiyələrlə bağlı Meksika və Latın Amerikasında yaşayan Azərbaycan icması dərin narahatlıq hissi keçirir. Qeyd edək ki, Təhlil Komissiyası şəhər hökumətinə Heydər Əliyevin heykəlinin götürülməsi barədə tövsiyə verib. Abidə parkın təmiri üçün pul ödəyən Azərbaycan səfirliyi tərəfindən ucaldılıb. Imzalanmış sazişə görə, abidə 99 il yerində qalmalıdır.
Tövsiyə açıqlandıqdan sonra “RIA Novosti” agentliyinə müsahibə verən Azərbaycanın Meksikadakı səfiri Ilqar Muxtarov bəyan edib ki, heykəl götürülsə, Azərbaycan Meksikada 4 milyard dollar həcmində investisiya layihələrini reallaşdırmaqdan imtina edəcək.
AXCP sədrinin müavini Nurəddin Məmmədlinin fikrincə, H.Əliyevin heykəllərinin götürülməsi, ona aid şüarların yığışdırılması mövcud rejimin məhvi deməkdir: “Çünki Heydər Əliyev faktiki real həyatda deyil, hakimiyyətin simvollarında yaşayır. Əslində, geniş mənada – insanlıq, siyasət, ölkələrin maraqları baxımından bu heykəllərə ehtiyac yox idi. Heykəl qoyulması bütə olan münasibətin  ifadəsidir. Bütün bu baş verənlər Azərbaycan xalqına ciddi zərbədir. Heykəllərin götürülməsi prosesilə bağlı bunlar səs-küy salmasaydılar, ayıbları da bir o qədər az ifşa olunardı, dünyada biabır olmazdılar. Bu hadisə ilə mövcud hakimiyyət öz faciəsini daha da dərinləşdirdi. Çünki Meksika və Kolumbiya dünyada iki ölkədir ki, Xocalı faciəsini soyqırım, qətliam kimi tanıyıb. Belə bir ölkə ilə heykələ görə münasibətləri korlamaq Azərbaycan üçün üzqarasıdır”.
Media sahəsi üzrə ekspert Mahal Ismayıloğlu söyləyir ki,  burada söhbət hakimiyyətin nüfuzundan gedir: “Hakimiyyətə sual vermək lazımdır ki, Mexikoda Heydər Əliyevə heykəl qoymaq nəyə lazım idi? Heydər Əliyev bir ölkənin başçısı olub, ona hər ölkədə heykəl qoymaq, az qala, sitayiş etmək dünyada analoqu olmayan mənzərədir. Təbii ki, Azərbaycan avtoritar bir ölkədir və onu sovet sistemindən qalan qanunlarla idarə etmək istəyirlər”.

Nigar