Çıldağ elmi…

Bəzən düşünürəm ki, görəsən başqa hansı millət fərdinin bir azərbaycanlı qədər çoxlu arzusu ola bilər…
Dünən avtobusda bir yalvarış səsinə döndüm. Hələ çarəsizliyin, umudsuzluğun bu şəklini görməmişdim. Bir ağbirçək anaydı. Dilənirdi. Həm də necə! Yox, o başqaları kimi, “Allah xətrinə” demirdi. Sadəcə, dayanmadan təkrarlayırdı: “Yalvarıram, yalvarıram, noolar, mənə bir çörək pulu verin. Acam. Imkanım yoxdu. Yalvarıram, yalvarıram, noolar…”.
Heç onu demək istəmirəm ki, prezidentin analoqsuz inkişafdan ürək dolusu danışdığı bir ölkədə bir ananın belə dilənməsi nə deməkdi. Yox. Məqsədim yalanı üzə çıxarmaq və kiməsə çatdırmaq da deyil. Artıq Azərbaycanda bunu bilməyən bir kimsə yoxdu. Onu da deyim ki, hakimiyyətin yalançı mahiyyətinin açılması və ifşa edilməsi prosesi xüsusilə tənqidçi medianın uzun işinin sonucunda başa çatıb və toplum üçün iki vur iki kimi bir şeyə çevrilib. Bundan belə müxalifət eyni işlə məşğul olacaqsa, yəni bu hakimiyyətin yalançı, talançı mahiyyətinin sürəkli olaraq ifşa edilməsi ilə,- ki bu, hələ də davam edir,- heç şübhəm yoxdu, heç bir müsbət effekt doğurmayacaq. Çünki iki vur ikini deyəndən sonra bir də iki üstə gəl ikinin cavabını söyləməyin heç bir mənası yoxdu. Bir daha deyirəm, şükürlər olsun ki, bu çətin proses başa çatıb və onu da əlavə edim ki, haqq üçün desək, bu yolda hakimiyyət özü müxalifətdən də, bizlərdən də çox iş görüb. Bu mənada artıq növbəti etapın taktikası düşünülməli və xalq kütləsinin maraqlandırılaraq aktiv mübarizəyə, öz haqları uğrunda savaşa cəlb edilməsi mərhələsi başlanmalıdı.
Indi o dilənçi ananı iki vur iki və ya iki üstə gəl iki maraqlandırmır. O, ancaq çörəkpulu üçün yalvarır. Məncə, bunu deməyim də pis olmaz: YAP hakimiyyətinin bəyənmədiyi, iqtisadi tənəzzül yaşadığını dönə-dönə qeyd etdiyi Almaniyada yaşayan istedadlı heykəltəraş dostum Azər Vəli mənə bir fakt dedi bu ölkə ilə bağlı. Deyir, Almaniyada dövlət səfillərə, yəni bizim “bomj” kimi tanıdığımız şəxslərə hər ay 340 avro və qalmağa yer verirdi. Sonra gördülər ki, bu başıpozuq zümrə həmin sığınacaqlarda qalmır, onca günün içində 340 avronun başına daş salır, yenə də cəmiyyət üçün təhlükə mənbəyinə çevrilirlər (Avropanı görmüş adamlar bunu yaxşı bilir ki, vətəndaşın, yəni çalışan, büdcəyə xeyir verən insanın həyatının təhlükəsizliyi dövlət üçün ən öndə gələn məsələlərdən biridi), onda səfillərlə bağlı yeni qərar qəbul edildi. Həmin o aylıq 340 avrodan başqa hər gün səhər onlara daha 19 avro verilir ki, axşama kimi öz içki və qida ehtiyatlarını qarşılaya, cəmiyyətin başqa üzvləri də rahat, qorxusuz-ürküsüz nəfəs ala bilsinlər.
Hələ mən onu demirəm ki, söhbət əyyaşlığı həyat tərzi kimi seçən bir “bomj”dan yox, ağbirçək və çarəsiz anadan gedir. Indi mənimçün maraqlıdı. Hətta heç nəyi olmayan, son ümid sayılan Allahdan belə əlini üzmüş bu ananın nə arzusu ola bilər? Axı gerçəkdə heç nəyi olmayanın arzusu hamınınkından çox olmalıdı. Ama yox. Hər bir azərbaycanlı kimi onun da bütün arzuları olub.
Ziqmund Freydin fikrincə, həyata keçirilməyən arzular nevroz yaradır. Ona görə, insana heç vaxt ağıldan bəla gəlmir, bəla arzudan gəlir (Vaxtilə ata Əliyevin arzulanması… – P.). Arzuların çoxluğu patologiya yaradır. Arzu və onun ödənilməməsi arasındakı uyğunsuzluq insanın xəstələnməsinə səbəb olur…
Bu gün Azərbaycanı Məzarbaycan adlandıra bilərik – arzular qəbiristanlığı olmasına görə. Artıq bu ölkədə sanki heç kəsin arzusu qalmayıb, sanki bircə arzu var: “Imkan verin, rahat ölək…”. Ona görə də kimsə qımıldanmır, öz hüququ üçün səsini çıxarmır. Indi bizdə arzunun yoxluğu da patologiyaya çevrilib. Freydin nəzəriyyəsində bu da deyilir: “…qorxunu qorxu ilə müalicə etmək olar” (məsələn, Çıldağ). Mənim dediyim ikinci mübarizə mərhələsi də bununla bağlıdı. Arzuları ölmüş insanlarda yenidən arzular oyatmaq. Oyada bildiksə, nə mutlu bu xalqa…