Dəyərli oxucu, əvvəlcə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimovun və AMEA-nın vitse-prezidenti Akif Əlizadənin dilindən səslənənlərlə tanış olaq.
Mahmud Kərimov: “Əgər bu gün alimin maaşı 150 manatdırsa, hansı elmdən danışmaq olar?”.
Akif Əlizadə: “Rəhbərlik etdiyim qurumda 30 elmlər doktoru, 97 elmlər namizədi var: Institutun elmlər doktorlarının orta yaş həddi 73, elmlər namizədlərinin orta yaş həddi isə 61-dir. Bu, fəlakətdir”.
Əslində, AMEA-nın iki akademikinin dedikləri Azərbaycanda elmin bərbad vəziyyətdə olduğunu isbatlayır. Ancaq bu bərbadlığın səviyyəsinə ayna tutmaq üçün başqa faktlara da isnad etməyə ehtiyac duyduq.
1960-cı ildə Yucin Harfild tərəfindən yaradılan Amerika Birləşmiş Ştatları (ABŞ) Elmi Informasiya Institutu “Science” (ISI) “Citation Index” (SCI) adlı sitatgətirmə indeksini yaratmaqla elmi qiymətləndirmə sahəsində inqilab edib. Bir vaxtlar “ISI” 600 jurnalı indeksləşdirməklə kifayətlənirdi. Artıq “ISI” 15 minə yaxın elmi jurnalın təsir əmsalını müəyyənləşdirən iri elmi korporasiyaya çevrilib. 2002-ci ildə Elmi Informasiya Institutu “Thomson Reuters” təşkilatının tərkibinə keçdikdən sonra “ISI-Thomson Reuters” təkcə təsir əmsalına malik jurnallar haqqında illik hesabat (“Journal Citation Report”) dərc etməklə kifayətlənmir, o, həm də məqalələrinə ən çox istinad edilən alimlərin də siyahısını hazırlayıb dərc edir. Bu isə dünya universitetlərinin, elmi müəssisələrinin reytinq cədvəlini müəyyənləşdirmək deməkdir. Buradan da dünya elminin akademik səviyyəsi üzə çıxır.
Təəssüflə qeyd etməliyik ki, nə AMEA-nın nəşr etdirdiyi “Məruzələr” jurnalı, nə də bir alimimiz “ISI-Thomson Reuters”-ə yaxın dura bilmir. Başqa sözlə, biz özümüz-özümüzə qiymət veririk və bu üsulla dəyərvermənin nəticəsi olaraq Azərbaycanda elmin sürətlə inkişafı barədə moizələr oxumağa başlayırıq.
AMEA prezidenti Mahmud Kərimovla yüz faiz razılaşmaq gərəkdir, 150 manat maaşla heç bir araşdırmaçı elmi məhsul ortaya qoya bilməz. Hər bir Homo Sapiensin, o cümlədən, alimin də başının çalışması üçün mədənin toxluğu gərəkdir. Aylıq tələbat zənbilinin 150 manatdan artıq olduğu bir zamanda alim tədqiqat obyektindən daha çox həzm sistemi barədə düşünməyə məcbursa, elmi nəticədən söhbət açmaq sadəcə gülüncdür. Ciddi elmi nəticə istəyirsənsə, ilk növbədə alimin sosial müdafiəsi təmin olunmalıdır.
ABŞ Milli Sağlamlıq Institunun – (National Institutes of Health) illik büdcəsi 35 milyard dollar civarındadır, başqa sözlə, bu instituta ayrılan pul ABŞ hökumətinin səhiyyəyə ayırdığı vəsaitini təxminən 30 faizini təşkil edir. 27 elmi tədqiqat mərkəzini özündə birləşdirən bu institut ABŞ vətəndaşlarının sağlamlığının qorunmasında müstəsna rol oynayır. Milli Sağlamlıq Institutunun bütün ehtiyaclarını dövlətin ödədiyi əməkdaşlarının dünya tibb elminə töhfə verdiyi elmi icadları, kəşfləri saymaqla qurtarmaz.
Bu gün maddi-texniki baza olmadan, elmi tərəqqidən danışmağa dəyməz. Elmi nailiyyət əldə etmək üçün öncə dayanıqlı maddi-texniki baza yaradılmalı və ciddi bazaya malik tədqiqat mərkəzlərinə savadlı mütəxəssislər cəlb olunmalıdır. Bu iki şərtə əməl etməyən bir dövlət nə ALIM yetişdirə, nə də dünya çapında hər hansı icada, kəşfə göz dikə bilər.
Nə qədər acı olsa da razılaşmaq zorundayıq, elm bu gün Azərbaycanın brendi deyil, əfsuslar olsun ki, Azərbaycanın adı gələndə ağıllara öncə bazar gəlir. Yüz dəfə bəlkə yazmışam, hər dəfə təkrar etməkdən də usanmıram, bu milləti bazardan çəkmək lazımdır. Çünki bazar və elm biri-birinə tərs mütənasibdir. Xalq bazara axışırsa, elm öləziyir. Azərbaycan əhalisinin təxminən 17 faizi ali təhsillidir (Sivil dövlətlərdə ali təhsillilər əhalinin 35-38 faizini təşkil edir). Qətiyyətlə demək olar ki, ali təhsillilərin 50 faizi məsləkinə uyğun fəaliyyət göstərmir, bazarlarda piştaxta arxasındadır. O 17 faizin nə qədərinin də diplomu hansı yolla əldə etdiyini saf-çürük edəndə istər-istəməz adamın yadına bərbad təhsil sistemi düşür. Universitetlərdə epidemiya kimi yayılan rüşvət, çiçəklənən dissertasiya bazarı barədə düşünmək lap dəhşətdir.
Mövcud durumda Azərbaycan alim yetişdirə bilməz!!! Vəssalam!
Şəkki olanlar, lütfən, bu suallara cavab versin. Azərbaycanın neçə alimi Qərb universitetlərində ingilis, alman, fransız dilində mühazirə oxumaq iqtidarındadır? Neçə alimimiz dünyanın qəbul etdiyi rəhmətlik Yusif Məmmədəliyevin səviyyəsinə çatıb?
Alim AMEA-nın elmi-tədqiqat mərkəzlərində və universitetləridə yetişir.
Yetişirmi?
Bu sualı da AMEA-nın Elmi-Tədqiqat institutlarının direktorlarına və universitetlərin rektorlarına ünvanlayıram. O kəslərə ki, əksəriyyəti elmi nailiyyətlərin sayəsində yox, rektor və direktor kreslosunun hesabına zəngin sərvətə sahib olub…
Davamı olacaq

XXI əsrin “gülümsərov”ları
•