
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli
10 Fevral 2021-ci il tarixdə Kənd təsərrüfatı nazirliyinin saytında belə bir məlumat getmişdi: “Azərbaycanda heyvandarlığın inkişafı və qarşıda duran vəzifələr” mövzusunda onlayn müşavirə keçirilib.” Həmin məlumatda o da qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair Dövlət Proqramı”nın icrası ilə bağlı görülmüş işlər öz bəhrəsini verib.” Saytın Dövlət Proqramları bölməsində adı gedən “Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair Dövlət Proqramı”nı çox asanlıqla tapdım və həmin dövlət proqramının icrası ilə bağlı tənqidi fikirlərimi yazdım. Yazı “Qeyri-peşəkar, səthi və primitiv hazırlanan proqramlar” başlığı altında “Turan” İnformasiya Agentliyinin saytında 20 fevral 2021-ci il tarıxdə getmişdir. Həmin yazı gedəndən dərhal sonra kənd təsərrüfatı nazirliyi “Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair Dövlət Proqramı”nı və qeyd edildiyi kimi yaymış olduğu məlumatdan dövlət proqramı ilə bağlı hissəni saytından çıxarıb. Və sonradan elə bir proqramın ümumiyyətlə olmadığını AzPolitika.info, musavat.com, cia.az saytları vasitəsi ilə Mürvət Həsənli adından yayıb. Mənim “Qeyri-peşəkar, səthi və primitiv hazırlanan proqramlar” başlığı altında “Turan” İnformasiya Agentliyinin saytında gedən yazıma münasibəti belə bildiriblər: “… özündən mövcud olmayan “dövlət proqramı” da icad edib və bütün mülahizələrini bu “saxta sənəd” üzərində qurub. Dediyinə görə, əsaslandığı sənədin adı “Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair Dövlət Proqramı”dır. Halbuki, mən bu zamanadək belə bir dövlət proqramının qəbul edildiyi barədə heç nə eşitmişdim və “kənd təsərrüfatı mütəxəssisi”nin analizini oxuyandan sonra həmin sənədi axtarışlarım da heç bir nəticə vermədi. Kənd Təsərrüfatı Nazirliyindəki yaxından tanıdığım insanlara müraciətimdə aydın oldu ki, o adda sənəd ümumiyyətlə mövcud deyil.”
Azərbaycanın aqrar siyasətini müəyyənləşdirmək üçün vəzifəyə gətirilən bu adamlar nadan olmaqla yanaşı həm də saxtakardırlar. Bunların fevral ayının 10-da “Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair Dövlət Proqramı”nın icrası və görülmüş işlərlə bağlı yaydıqları məlumatlar digər saytlarda yerləşdirilmişdir. Şərh bölümündə 100-dən çox saytlarda yer almış həmin məlumatların bir neçəsi ilə tanış ola bilərsiniz.