
Milli Şuranın sədri, professor Cəmil Həsənli
Bilirəm çoxlarının həvəsi və hövsələsi yoxdur İlham Əliyevin YAP-ın bugünkü qurultayında çıxışını oxumağa. Qurultay YAP-ı da ailə partiyasına çevirmək üçün çağırılmışdı və iş başa çatdırıldı. İlham Əliyev YAP-ın sədri, həyat yoldaşı Mehriban Əliyevə sədrin birinci müavini. Yəni dövlətin ailə idarəçiliyi hakim partiyaya da tətbiq edildi. Və bundan sonra adam uzun-uzadı “demokratiyadan-zaddan danışır. Bugünkü qurultayda İlham Əliyevin leksikonunda “Antimilli Şura” kimi təqdim edilən Milli Şura yeganə hədəf kimi götürülüb. Şadıq ki, fəaliyyətimiz hədəfə dəyir, korrupsioner, kriminal, nepotist və traybolist ailə hakimiyyətini bu qədər hiddətləndirir. Buyurun çıxışın həmin yeri ilə Siz də tanış olun.
“Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Bu prosesə müharibədən əvvəl start verildi və hesab edirəm ki, qısa müddət ərzində yaxşı nəticələr əldə olundu. Demək olar ki, bütün partiyalar, – əgər biz özünü siyasi qurum adlandıran antimilli şuranı istisna etsək, bütün siyasi qüvvələr dialoqa meyil göstərmişlər, bizim təşəbbüsümüzü alqışlamışlar və artıq bu dialoq baş tutub. Bunu mən tam əminliklə deyə bilərəm və heç bir kənar müdaxilə olmadan…Antimilli ünsürlərlə, əlbəttə ki, biz heç vaxt bir masa arxasında otura bilmərik, çünki onlar satqınlardır, xaindirlər. Onlar təlimatları xaricdən alırlar. Onların emissarları xarici paytaxtlarda oturublar. Oradan pul alırlar bura göndərirlər, camaatı çaşdırmaq üçün, onlar bizim şanlı Qələbəmizə kölgə salmaq istəyirlər. Onlar Paşinyanı bizə nümunə gətirirdilər, onu təmiz adam adlandırırdılar, onu demokrat adlandırırdılar. Deyirdilər ki, kaş ki, Azərbaycanda da belə bir lider olaydı. Həmin o demokrat bütün müxalifəti həbs etdirdi. Əgər 27-si sentyabrda müharibə başlamasaydı o, onları heç buraxmazdı. Əsas müxalifət partiyasının liderini müharibədən bir neçə gün əvvəl həbs etdi…Amma bizim bu dırnaqarası “demokratlar” indi niyə susurlar? İndi niyə demirlər ki, Paşinyan bizə nümunə olmalıdır. Gəlsin desin, öz zibilini yalasın. Ermənistanda adam qalmayıb ki, onu lağa qoymasın. Hansısa adlar veriblər, özləri bilərlər. Bunu bizə nümunə gətirirdilər. Nə üçün? Çünki oradan, mərkəzdən, onların mərkəzindən təlimat almışdılar. Məqsəd nə idi? Məqsəd Azərbaycanı qarışdırmaq, Azərbaycanı çökdürmək, Azərbaycan rəhbərliyini hörmətdən salmaq, çirkin uydurmalar, iftiralar, yalançı məqalələr yazdırmaq – hamısı bizim gözümüzün qabağındadır. Biz bunları unutmamışıq. Bizi əsas vəzifəmizdən çəkindirmək istəyirdilər ki, başımız qarışsın daxili çəkişmələrə, başımız qarışsın əsassız ittihamları yalanlamağa, əsas vəzifədən bizi çəkindirsinlər ki, işğal edilmiş torpaqlar ermənilərin əlində əbədi qalsın. Bu idi məqsəd. Bu gün antimilli şurada cəmləşən milli satqınlar da bu məqsədi güdür. Bizim şanlı Ordumuzun Qələbəsinə kölgə salmaq istəyənlər də bu məqsədi güdür. Azərbaycan tarixində bəlkə də onlar kimi iyrənc insanlar olmayıb. Amma bütün digər siyasi qurumlarla biz əməkdaşlıq edirik və edəcəyik.”