Avropa Birliyinin üç xarici işlər naziri Bakıya hansı mesajla gəlir?
Dekabrın 11-12-də Bolqarıstanın xarici işlər naziri Nikolay Mladenov, Polşanın xarici işlər naziri Radoslav Sikorski və Isveçin xarici işlər naziri Karl Bild regiona səfərləri çərçivəsində Bakıda işgüzar səfərdə olacaqlar. Səfərin məqsədi regionda yaranmış vəziyyətlə yaxından tanış olmaqdır.
Qeyd edək ki, Polşa və Isveç Şərq Tərəfdaşlığı proqramının təşəbbüsçüsüdür. Xatırladaq ki, bu günlərdə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Avropa Birliyinin Avropa Qonşuluq Siyasəti və genişlənmə məsələləri üzrə komissarı Ştefan Füle ilə görüşüb. Təmsil etdiyi qurumun Azərbaycanın Avropa Qonşuluq Siyasətinə uyğun şəkildə qarşılıqlı dəyər və maraqlara əsaslanan demokratik inkişafını davam etdirməsini istədiyini deyən Ş.Füle insan haqlarına və demokratik prinsiplərə hörmətin daha yüksək səviyyədə öhdəliyə layiq olduğunu bildirib. O həmçinin seçki qanunu, sərbəst toplaşmaq və mətbuat azadlığının daha çox səylərə ehtiyac duyan sahələr olduğunu qeyd edib.
Bu açıqlamanın ardınca Bakıya səfər edəcək Bolqarıstan, Polşa və Isveç xarici işlər nazirlərinin də bu istiqamətdə danışıqlar aparacağını gözləmək olar. Görünür, Avropa Birliyi 2013-cü il prezident seçkiləri ərəfəsində Azərbaycanın insan haqları və demokratiya ilə bağlı mövqeyini dəqiqləşdirmək istəyir. Bu halda Azərbaycan hökumətinin cavabı nə olacaq və mənfi cavab hakimiyyətə nə vəd edir?
Siyasi ekspert Rahim Hacıyev son dövrlər Avropa Birliyinin Azərbaycana xüsusi diqqət göstərdiyini və ölkəmizlə bağlı ciddi proqramlar üzərində işlədiyini deyir. Bu proqramların reallaşdırılması istiqamətində addımlar atılır.
Ekspertin sözlərinə görə, Azərbaycan hökuməti bu təşəbbüsləri dəstəkləmir. Çünki bu proqramlar çərçivəsində götürülən öhdəliklərin yerinə yetirilməsi Azərbaycandakı antidemokratik hakimiyyətə yaxşı heç nə vəd etmir. Buna baxmayaraq Avropa Birliyi səylərini gücləndirmək niyyətindədir.
Ekspert Avropa Birliyinin ritorikanı sərtləşdirməsini də müsbət hal kimi qiymətləndirdi. Son illər Avropa Birliyinin siyasətinin formalaşdırılmasında ciddi rol oynayan Polşa və Isveçin xarici işlər nazirlərinin Bakıya səfəri də qurumun ölkəmizlə kontaktlarının artdığını göstərir. Eyni zamanda Avropa Birliyi seçkilərə xeyli müddət qalmış ciddi addımların atılmasının, siyasi vəziyyətin dəyişməsi üçün səylərin artırılmasının vacibliyini anlayır. Bu baxımdan Polşa, Isveç və Bolqarıstanın xarici işlər nazirlərinin Bakıya gəlişi Azərbaycan hakimiyyətinə çətin danışıqlar vəd edir: “Avropa Birliyində başa düşürlər ki, seçkilərə xeyli qalmış vəziyyətin dəyişməsi üçün tədbirlərin görülməsi sonra atılacaq addımlardan daha vacibdir. Əvvəl görülən işlər daha səmərəli olur. Bu baxımdan onların səyləri yaxın vaxtlarda müəyyən nəticə verə bilər”.
Ekspertin sözlərinə görə, Avropa Birliyi Azərbaycan hakimiyyəti ilə danışmağın yollarını yaxşı bilir. Insan hüquqlarını kobud şəkildə pozan Azərbaycan rəsmiləri ilə bağlı sanksiya məsələsinin bu ilin may ayında gündəmə gəlməsi müəyyən effekt verdi və hakimiyyəti çəkindirdi. Bu baxımdan rəsmi Bakını çətin danışıqlar gözləyir. Hakimiyyət Avropa Birliyinin tələblərinə uyğun fəaliyyət göstərməyə çalışsa, bu, ölkədəki vəziyyətin, siyasi mühitin yaxşılaşmasına, eyni zamanda Azərbaycana daha çox diqqətin göstərilməsinə, ölkəmizlə bağlı problemlərin həllinə kömək edə bilər. Bunu sadəcə olaraq Azərbaycan hakimiyyətinin başa düşməsi lazımdır. Amma hakimiyyətin qeyri-konstruktiv mövqeyi də Avropa Birliyini çəkindirməyəcək və onlar növbəti ildə vəziyyətin dəyişməsi üçün ciddi addımlar atacaqlar.
Fizzə