Ramil Usubovun qonaqları Salyan və Neftçalanı qarışdırdı

ramil usubovNazirin Qətərli dostları Aşura günü eyş-işrət qurdular; ov ovlayıb, quş quşladılar

Noyabrın 24-də axşam saatlarında Qətərın bir qrup zəngin adamı 30-dək “Toyota” markalı Azərbaycan nömrə nişanlı CİPlərdə DYP maşınlarının  müşayəti ilə Salyan şəhərinə gəlib. Axşamı “Kür” hotelində gücləndirilmiş mühafizə altında  gecələyən zəngin  ərəblər özləri ilə xeyli sayda şahin quşu və ov iti də gətiriblər. Noyabrın 25-də səhər isə zəngin ovçuların qara dərili qulluqçuları yerli sakinlərdən onlarla çöl göyərçini və xırda quzular alaraq kəsib ov itlərini və şahinləri yemləyiblər. Bu barədə məlumatı redaksiyamıza Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədov verib.

Onun sözlərinə görə, qonaqpərvər salyanlılar bu səfəri birmənalı qarşılamayıb. İslam ölkəsi Qətərin zənginlərinin Aşura günündə əyləncəyə çıxması salyanlıların hətta təəccübünə səbəb olub.
“Ailəsini günəmuzd qazancı ilə dolandıranların belə Aşurada islama hörmət əlaməti olaraq işə çıxmadığı gündə ulu babalarının yasını saxladığımız zəngin ərəblərin hərəkətləri Salyan sakinlərində ikrah doğurub. Onlar ərəbləri bu gündə qan-yaş içində deyil, yeyib-içən, əyləncəyə, eyş-işrətə çıxan görməkdən şok anlar yaşayıb”. E.Məmmədovun sözlərinə görə, Qətərli qonaqlar axşamüstü nadir quşları ovlamaq üçün polisin müşayiəti ilə Neftçaladakı Mahmudçala yasaqlığına yollanıblar.

Əldə etdiyimiz məlumata görə, gələn qonaqlar dövlət rəsmiləridir. Neftçaladakı Mahmudçala yasaqlığında ov edən ərəb zənginlərini Azərbaycan polisinin gücləndirilmiş rejimdə mühafizə etməsinin səbəbi də elə bu imiş. Sən demə, ova gələnlər Qətərin Daxili İşlər Naziri, onun 11 oğlu, 100-ə yaxın əshabəsi və onların qulluqçuları imiş. Daha dəqiq desək, Ramil Usubovun qonaqları. Onlara ayrılmış CİPlər də Ramil Usubova məxsus şirkətin maşınları olub. Qonaqların nə ovladığını, neçə quş vurduğunu bilmirik, ancaq Ramil Usubovun bir gülləyə iki dovşan vurduğu – ovunun uğurlu olduğu bəllidir. Ərəblər həm polis mühafizəsinə, həm də maşınlara görə böyük məbləğdə pul ödəyiblər.

Məlumatla bağlı DİN-dən münasibət öyrənmək mümkün olmayıb.

İnformasiya şöbəsi