Özünü öldürən gəncin əmisi Sönməz Rəhimov: «Həbibi bu yola çəkənlərin əzizləri ağlar qalacaq…»
Azərbaycanda intiharlar da cavanlaşır. Son illərdə xüsusən tələbə və məktəblilər arasında intihar halları artıb. Bu qəbildən olan daha bir hadisə noyabrın 21-də paytaxtın Xətai rayonu ərazisində baş verdi. Axşam saat 18 radələrində Babək prospekti 10, mənzil 60 ünvanında yaşayan qohumlarıgilə qonaq gələn 19 yaşlı Rəhimov Həbib Sücəddin oğlu özünü 15-ci mərtəbədən ataraq intihar edib.
Həbib Rəhimov Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakültəsinin 2-ci kursunda təhsil alırmış. Dostlarının dediyinə görə, Həbibin dini fikirlərində fərqlilik olub. Bu səbəbdən də o, tez-tez dostlarıyla mübahisə edirmiş. Son zamanlar isə Həbib tamamilə təkliyə qapılmış, fikirləri də bir qədər sərtləşibmiş.
Mərhumun “facebook” səhifəsinə nəzər yetirdikdə məlum oldu ki, Həbib özünə qəsd etməmişdən əvvəl 2 status yazıb: “Ölüm mənalı deyil, sadəcə sonuncudur…” və “Hamınızı çox sevirəm. Amma artıq mən yaşaya bilməzdim, sağ olun!”
Bu cümlələri yazandan bir neçə dəqiqə sonra isə o, intihar edib.
19 yaşlı Həbib 2 gün əvvəl isə “Çox uğursuz həftə keçirdim. Həyatımın ən böyük planını reallaşdıra bilmədim” – deyə, status yazıbmış. Statusa gələn şərhlər isə daha maraqlı olub. Dostları bunu dinlə əlaqələndiriblər və onu Islama çağırıblar. Bundan başqa, onun “Həyatda yalan və doğru yoxdur” kimi statusu da olub. Maraqlıdır ki, Həbib onun statusuna gələn şərhlərə çox qısa cavab yazıb: “Sizin heç biriniz məni düzgün başa düşə bilmirsiz”.
Bundan başqa, mərhumun belə statusları da olub: “Yaxşı ki, yaxşı oğlanlar dininə, inancına görə dəyər vermirlər insana. Yoxsa, bununla da uğraşmaq vardı…”; “Çoxu da ateist filosofların çoxunun intihar etməsini ilahi ədalət hesab edir”; “Sırf inanc seçimimə görə ətrafımda olan hər kəs rədd olsun getsin!”…
Bütün bu statuslardan belə anlaşılır ki, Həbibin ətrafında olan bəzi adamlar onun dini baxışlarını qəbul etməyiblər.
Həmçinin belə məlum olur ki, Həbib ölümünü bir qədər əvvəldən planlaşdırıb. Çünki o, 11 noyabrda Masallıda olarkən ölümünün mesajını verib: “Bəlkə bu yerlərə bir də gəlmədim, bir də gəlmədim…”
Sosial şəbəkədə Sönməz Rəhimov adlı istifadəçi özünü Həbibin əmisi kimi təqdim edərək, intihardan əvvəl yazılan “Ölüm mənalı deyil, sadəcə sonuncudur” statusuna hadisə baş verəndən sonra “Bizim gözümüz ağlar qaldığı kimi, Həbibi bu yola çəkənlərin əzizləri də ağlar qalacaq” şərhini yazıb.
Ramin DEKO



