Bu vaxta qədər eşitdiyim ən dəhşətli fikir “Insanı ölümə hazırlamaq lazımdır” sözləri olub. Onu televiziyadan, bir keşişin söhbətindən eşitmişdim. O vaxt bu mənə çox dəhşətli görünmüşdü. Elə indi də bu haqda düşünəndə özümü birtəhər hiss edirəm. Kim bunu hazırlamalı, kim bu funksiyanı üzərinə götürməlidir? Başqaları bizi həyata kökləyəndə, yaşamağa həvəsələndirəndə bundan daha çox xoşumuz gəlir. Bəli, belə çıxır ki, bunu insan özü etməlidir. Artıq sonun yaxınlaşdığını hiss edib ölümün gəlişini və özünün bu dünyadan gedişini asanlaşdırmaq üçün. Bu, taledir, bəlkə taledən də artıq qəzavü-qədərdir, ilahi hökmdür. Fikirləşirsən ki, həqiqətən də bu dünyanın labüd sonluğu ilə barışmamaq asandır, çətini barışmaqdır. Barışmaq çətindir, amma buna çatanda özünü harmoniyada hiss edirsən. Bəli, günün, ayın, hətta əsrin tempi o qədər sürətlidr ki, yüksək, ilahi həqiqətlər haqda fikirləşməyə vaxt qalmır. Məsələn, mən hələ də başa düşmürəm ki, nədən N.Bonapart bu qədər böyük bir şövqlə Senanın sahillərində, T.Şevçenko isə Ukraynada, “Yüksək bir təpədə, bir dağ başında” uyumaq istəyirdi?
Tək gülüş qaldı?
Mənə həmişə elə gəlib ki, komediya artistləri dünyanın ən kədərli adamlarıdır. Deyilənə görə, rəhmətlik Eldəniz Zeynalov deyirmiş ki, əşi, ağlatmağa nə var ki, çətini güldürməkdir! Mənim Yaşar Nurini xatırlamadağım vaxtlar yadıma düşmür. Elə bil həmişə onu görmüşdüm, həmişə eşitmişdim. Bir aktyor kimi ona münasibətimdə Incəsənət Institutunda təhsil almış qohumumun söhbətləri də az rol oynamamışdı.
Y.Nurinin sevdiyim cəhəti o idi ki, o, güldürürdü, amma heç vaxt şitlik etmirdi. Başqaları güldürmək üçün dəridən-qabıqdan çıxır və yaman şitlik edirlər. Şitlik həmişə gülüş əvəzinə ikrah yaradır, hətta kulounlar da bunu etmir. Görünür, vaxt tapıb gülüş haqqında da oxumaq lazım gələcək. Sizə adi görünməsin bu. Nə isə. Mövzudan bir az uzaqlaşdım deyəsən. Mənə elə gəlir ki, Y.Nuri dünyanın ən xoşbəxt adamlarındandır.
Ondan nə qaldı? Təkcə gülüş. Bundan sonra, bəlkə əlli, yüz il sonra da onun adı çəkiləndə dodaqlara təbəssüm qonacaq, insanlar güləcəklər. Teatr və ya, ümumiyyətlə, sənət haqqında çox yazılıb. Elə Y.Nuri haqqında da az yazılmayıb. Deyilənlərdən, yazılanlardan əlavə ştrix tapmaq çox çətindir. Yəqin teatrın öz yeri, kinonun öz məziyyətləri var. Y.Nuri elə kinoda da əvəzsiz, təkrarsız idi. Mənə elə gəlir ki, kinoda aktyoru Aktyor edən rol, ssenaridir. Y.Nuri üçün uğurlu rollar tapılmışdı. Elə aktyorlar var ki, bu, onlara nəsib olmur, böyük potensialları olmasına baxmayaraq özlərini kino aktyoru kimi təsdiq edə bilmirlər. Mənim üçün Y.Nuri daha çox kino aktyoru idi. Başa düşürəm, bu, bir qədər mübahisəli görünəcək, çünki onun çox uğurlu teatr taleyi də olmuşdu. Amma nə olsun? Biri o birini inkar etmir. Sadəcə, kinonu daha çox sevdiyimdən vurğunu onun üzərinə yönəltdim. Amma mən bilmirəm, o, özü nəyi daha çox sevirdi? Kinonu, yoxsa teatrı? Indi bu sualın cavabını onun müsahibələrində axtarmaq lazım gələcək. Bəlkə də bu sualın heç cavabı yoxdur, bəlkə də bu cavab heç vaxt tapılmayacaq da. Və bir vaxt özümüzü qınayacağıq ki, nədən vaxtında ondan bu haqda soruşmadıq? Amma soruşmadığımız təkcə bu idimi? Onun həyata keçməyən arzuları haqda da soruşa bilmədik. Komediya artistlərimizin hamısının arzusu Məşədi Ibadı oynamaqdır. Görən, Y.Nuri bunu arzulayırdımı?..
Sonuncu rol
Əsl teatrdan savayı həyat adlı bir teatr da var. Onun son pərdəsi ölümdür.
Pərdə enir və bununla da hər şey bitir. O, alqışlara alışmışdı. Bu dünyadan alqışla getməsəydi bu, yaxşı olmazdı. Mənə elə gəlir ki, vida mərasimində onun çıxışını vermək, onu bir daha tamaşaçı alqışları ilə son mənzilə yola salmaq yaxşı düşünülmüşdü. Sərkərdəni, dövlət adamını atəş sədaları altında son mənzilə yola salırlar. Nədən aktyor üçün sonuncu pərdə əsl teatr kimi oynanılmasın, alqış sədaları ilə bitməsin? Bəli, bu, onun sonuncu rolu idi. Bu son pərdəni hamı dram aktyoru kimi oynamağa çalışır. Amma hamı öz rolunu oynasa, daha yaxşı olmazmı? Ona görə də pərdələri qaldırın, səhnədə aktyor və yaxud da artist (bilmirəm, hansını üstün tuturdu…) Yaşar Nuridir…

Pərdələri qaldırın!
•


