Gülər Əhmədovanın günahı Sevinc Babayevanın üzərinə qoyula bilər

Qalmaqallı videodakı qadının ölkədən çıxarılması nəyə hesablanıb?

Müzəffər Baxışov: «Sevinc Babayevanın saxlanılması və cinayət məsuliyyətinə cəlb edilməsi üçün hüquq-mühafizə orqanlarının kifayət qədər vaxtı olub»
Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videoda vasitəçi qismində adı hallanan Sevinc Babayeva axtarışa verilib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, S.Babayevanın axtarışa verilməsi məlum video qalmaqalı ilə deyil, törətmiş olduğu dələduzluq faktı ilə bağlıdır. Artıq həmin dələduzluq faktı ilə bağlı cinayət işi də başlanıb.
Məlumata görə, S. Babayeva hazırda Azərbaycanda deyil. O, məsuliyyətdən yaxa qurtarmaq üçün ölkədən qaçıb. Məhz buna görə də onun barəsində axtarış elan edilib. Maraqlıdır ki, S.Babayevanın həbs olunması üçün prokurorluğun əlində kifayət qədər zaman olub. Belə ki, bu video E.Abdullayev tərəfindən hələ bu ilin iyul ayında prokurorluğa, heç bir tədbir görülmədikdən sonra Prezident Administirasiyasına təqdim olunub. Amma müraciəti ilə bağlı heç bir nəticənin hasil olmadığını görə E.Abdullayev əlindəki məlumatları ictimailləşdirmək məcburiyyətində qalıb. Ekspertlər hesab edir ki, S.Babayevanın ölkəni tərk edən zaman onun sərhəddə saxlanılmaması təsadüfi deyil. Və o məqam da istisna edilməməlidir ki, baş verən cinayətin tam məsuliyyəti sonda bu şəxsin üzərinə qoyula bilər.
Hüquqşünas Müzəffər Baxışovun da fikrincə, S.Babayevanın ölkə ərazisini tərk etməsinə bilərəkdən şərait yaradılıb ki, son nəticədə cinayət işi məhz bu şəxsin üzərində yekunlaşdırılsın: “Məsələlərin mahiyyəti ondan ibarətdir ki, Sevinc Babayevanın baş verən hadisələrdə mühüm fiqur olduğu göstərilsin. Məhz Sevinc Babayeva Gülər Əhmədova ilə Elşad Abdullayev arasında körpü yaradan bir şəxsdir. Tamamilə doğrudur ki, bu məsələ barəsində cinayət işi başlanan zaman Sevin Babayeva Azərbaycanda idi. Hətta Elşad Abdullayeva qarşı bir mətbuat konfransı da keçirmişdi. Onun şübhəli şəxs qismində saxlanılması və cinayət məsuliyyətinə cəlb edilməsi üçün hüquq-mühafizə orqanları heç bir tədbir görmədilər. Mənə elə gəlir ki, bu prokurorluq orqanlarına Prezident Admnistirasiyasından verilən göstərişə əsasən qəsdən edilib. Çünki Zakir Qaralov baş prokuror təyin olunandan sonra prokurorluq orqanı məhv edilib və o yalnız Prezident Administirasiyasından verilən göstərişləri icra edir”.
M.Baxışov hesab edir ki, hətta o istisna edilməməlidir ki, S.Babayevanın ölkəni tərk etməsi üçün dövlətdə mühüm post tutan şəxslər tədbirlər görüblər. Məqsəd də ondan ibarətdir ki, o epizod üzrə işin icraatı dayandırılsın.

Hikmət