Növbəti 10 ildə illik neft hasilatı 18 milyon tona düşəcək

Nemət Əliyev, iqtisadçı ekspert, AXCP iqtisadi siyasət komissiyasının sədri

Neft hasilatı 2020-ci ildə 2,9 milyon ton azalıb. Bu, son 10 ilin 2-ci ən iri itkisidir (1-ci böyük azalma 2011-ci ildə baş verib: 5,2 milyon ton). Ötən il yalnız hasilat göstəricisi deyil, neft qiymətləri də aşağı düşüb. Hər barel neftin orta ixrac satış qiyməti il ərzində 66 dollardan 44 dollara enib. Hər bareldə 22 dollar, hər tonda 158 dollar itki əmələ gəlib. Qiymət və ixrac həcminin azalması hesabına neftin xaricə satışından gəlirlər ötən il 5,5 milyard dollar azalıb. Belə məlum olur ki, bundan sonra köhnə əyyamdakı kimi qaz vurub qazan doldurmaq mümkün olmayacaq. Çünki tənəzzül neftçıxarmada tendensiya halına gəlib və hasilat göstəricisi son 10 ildə 50,8 milyon tondan 34,6 milyon tona qədər düşüb. Bu dövrdə itki 16,2 milyon ton və ya 32%-dir. Bu tendensiya davamlı olarsa, buna ehtimal böyükdür, növbəti 10 ildə neft hasilatının 18,4 milyon tona düşəcəyi şübhə doğurmur. Bu isə neft yataqları ilə nəfəs alan iqtisadiyyat, dövlət və ölkə üçün fəlakətdir.

Nə qədər geç deyil, qeyri-neft sektoruna münasibət köklü şəkildə dəyişməlidir. Bu sektorda fəaliyyət göstərən sahibkarlara hər cür dəstək verilməli, real islahatların önü açılmalı, sözdən əmələ keçilməlidir. İnvestorların, iş adamlarının ölkənin iqtisadi mühitinə neqativ münasibətini dəyişmək üçün hər cür fədakarlıqlar edilməlidir. Dövlət idarəetmə sisteminə əsaslı yeniliklər gətirilməli, ölkədə düz əməlli-başlı məhkəmə-hüquq sistemi qurulmalıdır. Siyasi münasibətlər sistemini sağlamlaşdırmadan irəli çıxmağın mümkün olmamasını hər kəs anlamalıdır. Bu yöndə ictimai fikri azdırmağa yönələn açıqlamalardan birmənalı şəkildə imtina edilməlidir.