Əliyev gücünü daxili faktoru zərərsizləşdirməyə yönəldərkən beynəlxalq birlikdən həlledici zərbə aldı
2013-cü il seçkisi il bağlı diskussiyalar daha erkən başladı. Azərbaycan üçün xarakterik olmasa da, prezident seçkisinə 11 ay qalmış cəmiyyətdəki siyasi diskussiyaların ana xəttini bu istiqamətdə aparılan müzakirələr təşkil edir.
Sırf seçki şəraiti konteksində baxsaq, vəziyyət hakimiyyət üçün normaldır. Qanunlar sərtləşdirilib, siyasi azadlıqlar ləğv olunub, müxalifət küncə sıxışdırılıb, MSK tamamilə hakimiyyətin monopoliyasındadır. Bu mexanizmlərin qaldığı şəraitdə müxalif namizədin qələbəsini rəsmiləşdirmək imkanları yoxdur. Daxildəki başqa faktorlar da hakimiyyət üçün böyük təhlükə yaratmır. Azərbaycan cəmiyyəti hələ də elliklə ayağa qalxıb haqqını tələb etmir, müxalifət daxili narazlıqları bir tərəfə atıb rejimi dəyişmək üçün vahid cəbhə qurmayıb.
Bəs cəmiyyətdə ruh düşkünlüyü niyə yaranmır, Ilham Əliyevin növbəti dəfə prezident olacağına, hakimiyyətin əbədiliyinə inam getdikcə niyə azalır? Hakimiyyət gələcəyinə yaranmış təhlükələrdən niyə bu qədər əndişəlidir? Dəyişiklik üçün bu qədər vacib şərtlərin meydanda olmadığı halda cəmiyyət nədən ümidlənib, hakimiyyət nədən təlatüm içindədir?
Xalq nə vaxtadək susacaq?
Azərbaycan dəyişən dünyanın tərkib hissəsidir, yeni dünya düzənində avtoritar rejimlərin əhəmiyyəti itdiyinə görə Bakıda hakimiyyəti əlində saxlayan despot rejim üçün də pis atmosfer yaranıb.
Dünyadakı dəyişikliklər Əliyev rejimini çox həssas dönəmdə yaxalayıb. Ilham Əliyev yeni şərtlərə görə qəbul edilməyən 3-cü prezidentliyini təmin etməlidir. Bu mümkün olmazsa, hakimiyyətinin davamlılığını və özünü qorumalıdır.
Bu həyati məsələni həll etmək üçün cəmiyyət zorla susdurulub, polis rejimi hələ xalq üsyanına, müxalifətin xalqı ayağa qaldırmasına imkan vermir.
Amma proseslərin gedişi göstərir ki, əslində avtoritar hakimiyyətin mənbəyi polis dəyənəyi ilə qorxudulmuş xalq deyil. Bunun üçün bütün faktorlar hakimiyyətin xeyrinə olmalıdır – xüsusən beynəlxalq və regional şərtlər.
Azərbaycanda 2003 prezident, 2005-ci il parlament seçkiləri sübut etdi ki, hakimiyyət dəyişikliyi üçün xarici faktorlar həlledicidir. Yalnız xalqın yeni qüvvələri hakimiyyətdə görmək istəyi optimal nəticə üçün yetərli deyil.
Getdikcə zəifləyən mövqe
Bu gün Azərbaycan cəmiyyətini ümidləndirən, hakimiyyəti isə təlaşa salan məsələ xarici faktorlarin hakimiyyətin əleyhinə olmasıdır.
2003-cü ildə Ilham Əliyevin hakimiyyətə gəlməsini təmin edən beynəxalq koalisiya (Rusiya, ABŞ, Avropa Birliyi, Türkiyə) fərqli mövqedən çıxış edir. Beynəlxalq güclərin mövqeyi ən azı Əliyev diktaturasının davamlı olmasına yardım etmək niyyətində deyil. Son 10 ildə aparılan siyasət bütün beynəlxalq tərəfdaşlarla münasibətləri pisləşdirib. Əliyev atasından miras qalan “balanslaşdırma” siyasətini davam etdirmək istəsə də, beynəlxalq güclərin toqquşan mövqeləri buna imkan verməyib. Əliyev getdikcə Şimal və Qərb arasında əzilməyə, zəifləməyə, nəhayət, indiki halında gücsüz qalmağa vadar olub.
Bu gün Azərbaycan heç bir beynəlxaql təhlükəsizlik sisteminə inteqrasiya etməyib, bu, ölkəni xaricdən gələn təhlükələr qarşısında əliyalın qoymaqla yanaşı, beynəlxalq güclərin də narazılığına səbəb olur. Qərb rəsmi Bakıya NATO, Avropa Birliyinə inteqrasiya olunmağı, Rusiya Kollektiv Müqavilə Təşkilatına, Avrasiya Ittifaqına qoşulmamağı tələb edir.
Ötən 10 ildə rəsmi Bakı Rusiyanı oxşar rejim qurmaqla və bölgədə status-kvonu Kremlin diktə etdiyi şərtlər çərçivəsində saxlamaqla sakitləşdirməyə çalışıb.
Enerji resurslarının işlənməsi, neft pullarının Qərb banklarında saxlanması, Əfqanıstana, Iraqa sülhməramlı kontingentin göndərilməsi, hava məkanının NATO qoşunlarına silah, ərzaq daşınması üçün açılması, habelə Irana qarşı kəşfiyyat əməliyyatları üçün ölkəni “nəzarətsiz” zonaya çevirməsi ilə Qərbin istəklərini qarşılayıb.
Türkiyə oyundankənar durumda
Türkiyə sırf Bakının kaprizləri ucbatından hələ də Cənubi Qafqazda söz sahibi olmur. Iki ölkə arasındakı münasibətlər potensialdan qat-qat aşağıdır. Bunun da səbəbi rəsmi Bakının regionda Ankara ilə maraqları toqquşan Rusiya və Israilə daha yaxşı imkanlar yaratmasıdır.
Iri türk kapitalı hələ də Azərbaycanda təmsil olunmur, əksinə, yüzlərlə türk şirkəti süni əngəllərə görə Azərbaycandan baş götürüb qaçıb. Hakimiyyət Türkiyənin Azərbaycan cəmiyyətinə təsirlərini azaltmaq üçün viza rejimini qaldırmır, türk dilini xarici dil elan edib, türk seriallarını TV-lərdən yığışdırıb.
Nəhayət, bu gün Türkiyənin Orta Şərqdə avtoritar rejimlərə qarşı oynadığı rol rəsmi Bakını qıcıqlandırır. Türkiyə onu regional gücə çevirmiş yeni siyasi xətdən avtoritar Bakının xətrinə imtina edəsi deyil. Əlverişli bir məqamda Türkiyə Azərbaycanın da demokratik olmasını istəyəcək. Bu, Türkiyənin Cənubi Qafqazda söz sahibi olması üçün strateji məsələdir.
Qərbin planı
Avropa Birliyi ilə ziddiyyətlərin mənbəyi aydındır. Azərbaycan AB proqramlarına qoşulsa da, onları icra etmək niyyətində deyil. Sonsuz danışıqlar, görüşlər, tövsiyyələr, tənqidlər heç bir nəticə vermir. Azərbaycan hakimiyyəti varlığına təhlükə gördüyü islahatları aparası deyil. Bu reallıq “çox səbrli” olan AB rəhbərlərinin səbrini daşırmağa başlayıb. Avropa Parlamentinin qətnamələrini, Avropa Şurasının “kürü diplomatiyası”nı ifşa etməsi, siyasi məhbuslar üzrə məruzəçinin təyin olunması buna bariz nümunədir.
Qərbin ictimaiyyəti də Azərbaycan hakimiyyətinin korrupsioner, antidemokratik hərərkətlərinə görə öz hakimiyyətlərinə açıq təzyiq göstərir.
Azərbaycanda baş verənlər, hüdudsuz korrupsiya, ölkə rəhbərlərinin kralsayağı həyat tərzi Qərb mediasının, nüfuzlu hüquq müdafiə mərkəzlərinin kəskin tənqid hədəfinə çevirib.
Bunların məntiqi nəticəsi olaraq hakimiyyətə qarşı güzəştsiz mövqe formalaşır, Kanadada, Meksikada rejim qurucusunun heykəllərinin yıxılması ilə sonuclanır.
Hakimiyyətin planı
Bu şəraitdə I.Əliyev hansı addımı atacaq? Masa üzərində bir neçə plan var.
1. I.Əliyev daha sərt repressiyalara al atır, ölkədə hərbi xunta yaradır, dünya ilə açıq qarşıdurmaya gedir.
2. Hakim ailənin üzvlərindən birinin namizədliyini irəli sürür, hakimiyyətdaxili narazılıqları aradan qaldırıb onun qələbəsi üçün güc qoyulur.
Hər iki plan hakimiyyətdən siyasi güc tələb edir. Birinci halda klassik diktaturalar kimi cəmiyyətlə həmrəy olmalıdır. Əliyev bu şansını çoxdan qaçırıb.
Ikinci variantda nisbətən demokratik seçki keçirmək tələb olunur. Amma Əliyev azca yumşalmanı intihar sayır.
Hələ ikinci variantın qəbul olunması üçün hakimiyyətdaxili qüvvələrin razlığını almaq olduqca problematik məsələdir.
Cəmiyyət hakim rejimin bu çıxılmazlığını görür, beynəlxalq güclərin də mövqeyindən xəbərdardır. Ümidlər buradan doğur…
Siyasət şöbəsi