
Yanvarın 25-də Avropa Birliyinin xarici işlər nazirləri Kremlin tənqidçisi Aleksey Navalnının Moskvada saxlanmasını müzakirə edəcəklər. İki gün öncə isə polis müxalifətçiyə dəstək aksiyasına çıxanları dağıdıb.
AB-nin xarici siyasət rəhbəri Cozep Borrel deyib ki, iclasda Rusiyayla bağlı “növbəti addımlar” müzakirə olunacaq. Birliyin bəzi üzvləri Moskvaya qarşı əlavə sanksiyalar tələb edirlər.
Borrel iclasın keçiriləcəyini Rusiyada 23 yanvar etirazlarından sonra açıqlayıb. Yürüşlərdə ölkəboyunca 3 min 700-dən çox nümayişçi saxlanıb. OVD-Info-nun məlumatına görə, 1455 nəfər Moskvada saxlanıb. Polislə toqquşmalarda bir neçə nəfər xəsarət alıb.
Sanksiyalar istəyirlər
Qərb ölkələri nümayişçilərə qarşı “sərt taktika”nı pisləyib.
Fransanın Xarici işlər naziri Jan-İv Le Dryan yanvarın 24-də bildirib ki, etirazçıların kütləvi saxlanması “dözülməz təhqir”, “avtoritarizmə yuvarlanma”dır.
Polşa Prezidenti Andrey Duda da Avropa Birliyini Navalnı ilə davranışına görə Rusiyaya sanksiyaları gücləndirməyə çağıranlar sırasındadır.
“Münaqişədən qaçmağın yeganə yolu beynəlxalq hüququn tətbiqini gücləndirməkdir. Bunu avtomatsız, topsuz, bombasız etməyin yeganə yolu sanksiyalardan keçir”, – Duda “Financial Times” qəzetinin yanvarın 24-də dərc etdiyi məqalədə deyir.
Polşa lideri onu da deyib ki, Navalnı buraxılmasa, Borrel gələn ay Rusiyaya getmək planlarına yenidən baxmalıdır.
Kremlin ittihamı
Etirazlardan bir gün sonra Kreml Birləşmiş Ştatları Rusiyanın daxili işlərinə müdaxilədə suçlayıb. Sözçü Dmitri Peskov deyib ki, Prezident Co Bayden administrasiyası dialoqa açıq olarsa, Rusiya Prezidenti Vladimir Putin də şübhəsiz buna qarşılıqlı cavab verər.
Ancaq Birləşmiş Ştatların nümayişlərdə hər hansı rol oynamasının əlaməti yoxdur.
Yanvarın 23-də Moskvada, Sankt Peterburqda onminlərlə etirazçı küçələrə çıxıb.
Navalnı ötən yay Sibirdə zəhərlənəndən sonra Almaniyada müalicə olunurdu, bir həftə öncə Rusiyaya qayıdarkən saxlanıb.
Etirazlardan qabaq ABŞ səfirliyi Birləşmiş Ştatlar vətəndaşlarına etirazla bağlı mümkün təhlükəylə bağlı xəbərdarlıq etmişdi.
Səfirlik bəyanatında ABŞ-ın insanların dinc etiraz hüququnu dəstəklədiyini də bildirmişdi. “Rusiya hakimiyyətinin addımları bu hüquqları məhdudlaşdırır”, – bəyanatda deyilirdi.
Peskov bu bəyanatları “qeyri-münasib” adlandırıb.
Azadlıq radiosu