Elşad Abdullayev qardaşının müavin təyin olunması barədə sənədin surətini yaya bilər
Fəaliyyəti dayanmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin işi ilə bağlı jurnalist araşdırması aparan blogger Elnur Məcidli keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasovun Mahir Abdullayev barədə dediklərini təkzib edib. Elnur Məcidlinin sözlərinə görə, Mahir Abdullayevi müavini təyin etməsi ilə bağlı Namiq Abbasovun qol çəkdiyi əmr var.
Blogger lazım gələrsə, o sənədin surətini də mətbuata çıxaracaqlarını deyib. Elnur Məcidli onu da vurğulayıb ki, Namiq Abbasovun bu mövqeyi səbəbsiz deyil. Onun sözlərinə görə, Namiq Abbasov hazırda təqaüdə çıxmağa hazırlaşır: “Üstəlik, o, ”vurulmuş” məmurdur. Onun “vurulmasında” Elşad Abdullayevin qardaşı ilə bağlı məsələ də rol oynayıb”.
Xatırladaq ki, Özbəkistanda yaşayan jurnalist Aida Eyvazlı Namiq Abbasovun adından bildirmişdi ki, MTN-nin keçmiş şefi Mahir Abdullayevi tanımır: “Əvvəllər mən Azərbaycanda kriminal mövzularda verilişlər və yazılar hazırlayırdım. Ona görə də indi belə xəbərlər KIV-də yayılandan sonra jurnalist marağım üstün gəldi, Namiq Abbasovdan məsələyə münasibətini soruşdum. O, qeyd etdi ki, Mahir Abdullayev adlı adamla heç vaxt üz-üzə gəlməyib. Dedi ki, belə bir köməkçisi də olmayıb. Namiq müəllim onu da əlavə etdi ki, adam oğurluğu ilə bağlı cinayət işi o zaman Milli Təhlükəsizlik Nazirliyinə aid məsələ olmayıb”.
Onu da qeyd edək ki, Mahir Abdullayevin itkin düşməsi faktı ilə bağlı araşdırma aparmış, tanınmış hüquqşünas, “Femida 007″ qəzetinin baş redaktoru Əyyub Kərim ”Azadlıq”a müsahibələrində Namiq Abbasovun bu məsələ barədə kifayət qədər məlumatlı olduğunu bildirmişdi. Əyyub Kərim həmçinin Namiq Abbasovun “vurulması” ilə Mahir Abdullayevin itkin düşməsi arasında əlaqə olduğunu istisna etməmişdi.