Ölkədə işsizlik 49,4% artıb

Nemət Əliyev, iqtisadçı ekspert, AXCP iqtisadi siyasət komissiyasının sədri.

İşsizlik 49,4% artıb (rəsmi).
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb ki, onun tabeliyində olan Dövlət Məşğulluq Agentliyi 2020-ci il ərzində 150 min nəfərdən çox şəxsi məşğulluq tədbirləri ilə əhatə edib. Çox yaxşı! Nazirlik bu tədbirlərin ümumi işsizlik səviyyəsinə təsiri, işsizlik səviyyəsinin necə dəyişməsi haqqında açıqlama da versəydi, daha yaxşı olardı. Lakin etməyib bunu, bu haqda susmağa üstünlük verib nazirlik. Bu sonuncu suala aydınlıq gətirək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin il ərzində məşğulluq tədbirlərinə cəlb etdiyi 150 mindən çox insanı da əlavə etsək, ölkə üzrə məşğul əhalinin sayı 2020-ci ilin sonuna olan tarixə 4876,6 min nəfər olar. 2020-ci ilin əvvəlinə olan tarixə məşğul əhalinin sayı 4938,5 min nəfər təşkil edib. Deməli, il ərzində məşğul əhalinin sayı 61,9 min nəfər azalıb. Məşğuliyyət yerlərini itirdiklərinə görə 61,9 min nəfərin hamısı son nəfərinə qədər işsizlər ordusunun sıralarına qoşulub.

Ötən il həm də iqtisadi fəal əhalinin sayı dəyişib: 5190,1 min nəfərdən 5252,5 min nəfərə qədər və ya 62,4 min nəfər artıb. Məşğuliyyət yerləri tapa bilmədiklərinə görə bu 62,4 min nəfər də işsizlər ordusunun sıralarına qoşulmaq məcburiyyətində qalıblar.

Yekun hesabla ölkə üzrə işsizlərin sıraları 124,3 min nəfər (62,4+61,9=124,3) böyüyüb ki, bu da ötən ilin göstəricisindən 49,4% çoxdur. Odur ki, 2020-ci ildə rəsmi işsizlik səviyyəsi 49,4% artıb.

Beləliklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 150 mindən çox insanı məşğulluq işləri ilə təmin etsə də, ölkə üzrə işsizlik səviyyəsinin 1,5 dəfə dəfə artmasının qarşısını almaq mümkün olmayıb. Bu vəziyyət rəsmi məlumatların təhlilinin üzə çıxardığı mənzərədir. İşsizlərin gerçək sayı və artım faizi isə daha yüksəkdir.