TQDK sədri Misir Mərdanovu yenə “vurdu”

Məleykə Abbaszadə «Çox az halda «Ilin ən yaxşı müəllimi» və «Ilin ən yaxşı məktəb»ini TQDK-nın imtahanlarında yüksək nəticə göstərənlər siyahısında görmək mümkün olur»

“Hər il prezident Ilham Əliyevin sərəncamı ilə ”Ilin ən yaxşı müəllimi” və “Ilin ən yaxşı məktəbi” seçilir. Ancaq təəssüflər olsun ki, çox az halda “Ilin ən yaxşı müəllimi” və “Ilin ən yaxşı məktəb”ini Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi imtahanın nəticələrinə əsasən yüksək nəticə göstərənlər siyahısında görmək mümkün olur” – bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə komissiyanın 20 illiyinə həsr olunan dəyirmi masada deyib (APA).
O bildirib ki, TQDK da hər il qəbul imtahanlarında yüksək nəticə göstərən orta məktəblər haqqında statistik məlumatlar hazırlayır: “Yüksək nəticə göstərən məktəblərlə bağlı statistik məlumatların siyahısı rayonların hər birinə təqdim edilir. Amma gəlin görək, həmin məktəblər arasında fərmana əsasən ”Ilin ən yaxşı məktəbi” seçilənlər varmı? Buna çox az halda rast gəlmək olur. TQDK tərəfindən keçirilən qəbul imtahanlarında hansısa parametrlər yoxlanılır. Bəlkə “Ilin ən yaxşı müəllimi” və “Ilin ən yaxşı məktəbi” seçilərkən təhsil təşkilatlarının bu göstəriciləri yox, başqa məsələlər nəzərə alınır, bunu bilmirəm”.
Yuxarıda qeyd olunan məsələ ilə bağlı qəzetimizə açıqlama verən təhsil sahəsi üzrə ekspert Nabatəli Qulamoğlu söyləyir ki, “ilin ən yaxşı müəllimi” kriteriyası nisbi anlayışdır. Onun sözlərinə görə, bu adı əslində, repetitorlara vermək lazımdır: “Ona görə ki, Azərbaycanda ali məktəblərə qəbulun böyük əksəriyyəti repetitorların fəaliyyəti nəticəsində həyata keçir. Eyni zamanda, dövlət məktəblərində  müəllimlərə yetərincə pul verilmir deyə, belə fəxri adla görüntü yaratmaq istəyirlər. Mən ”ilin ən yaxşı müəllimi” adını Təhsil Nazirliyi və TQDK-nın verdiyi kriteriyalarla müəyyən etmək fikrində deyiləm. Ali məktəblərdə istənilən balı toplamayan şagirdlər həmin ad verilmiş məktəblərdən də gəlir”.
N.Qulamoğlunun fikrincə, ən yaxşı şagirdlərin oxuduğu və uğurları göz qabağında olan müəllim və məktəblər “ən yaxşı müəllim” adına layiqdir.
Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadə isə bu adın hansısa abituriyentin bal toplamasına verilən qiymət olmadığını deyir. Onun sözlərinə görə, bu müsabiqə Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalara əsasən, müəyyən şərtlər altında aparılır: “Ən əsası isə odur ki, bu müsabiqə üç mərhələdə keçirilir. Həmin mərhələlərdə müsabiqənin keçirilməsinə qeyri-hökumət təşkilatlarının üzvləri, tanınmış alimlər, ziyalılar, ən yaxşı müəllimlər cəlb olunur. Sonda da Təhsil Nazirliyində nazirin sədrliyilə 30-a yaxın komissiya üzvünün iştirakıyla yekun qiymət verilir. Bu qədər mərhələdən süzülən, eyni zamanda, təhsil sisteminin qaymaqları, aparıcı şəxslərin rəhbərliyilə keçirilən bir iş barədə başqa cür düşünmək nə dərəcədə doğrudur?”
B.Hüseynzadə əlavə etdi ki, bu müsabiqə Azərbaycanda xeyli müddətdir keçirilir və bu günə qədər bir müəllim də həmin müsabiqənin qeyri-obyektiv olduğunu söyləməyib, ondan narazı qalmayıb: “Müəllimlərə verilən balı onların nəzərinə çatdıranda bununla razılaşmayanların iradları orada dərhal aydınlaşdırılır. TQDK-nın bu müsabiqənin qeyri-obyektiv keçirilməsi, hansısa məktəb və yaxud müəllimlə bağlı arqumenti varsa, o, bizə müraciət edə və bunu araşdıraraq həmin komissiyaya məlumat verə bilərik”.

Nigar