AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Bütün diqqət Moskvada keçiriləcək sammitə yönəlib. Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan dövlət bsşçılarının görüşü, hər şeydən əvvəl, Moskvaya Dağlıq Qarabağla bağlı danışıqların yeni formatını müəyyənləşdirmək imkanı verir. Beləliklə də ATƏT Minsk Qrupu prosesdən kənar saxlanılır, Rusiya danışıqların əsas arbitri olur.
Müzakirə olunacaq məsələlərə gəldikdə isə, çox böyük ehtimal ki, Rusiyanın tərəflərə yeni şərtlər qəbul etdirəcəyi, bununla da prosesin müsbətə doğru irəlilədiyi təəssüratı yaradılmağa çalışılacaq. Bu şərtlərin başında Rusiyanın Dağlıq Qarabağlda öz hərbi mövcudluğunu uzatmaq, gücləndirmək və legitimləşdirmək istəyi gəlir. Ona görə də Rusiyanın Dağlıq Qarabağda öz hərbi kontingentini artırması və Ermənistanla olduğu kimi, Azərbaycanla da sülhməramlıların statusuna dair müqavilə imzalaması gözlənilir. Bu çərçivədə bölgədəki Rusiya hərbiçilərinin sayının artırılacağı da ehtimal olunur.
Bu danışıqlarda Azərbaycan üçün tələ hesab olunan başqa bir məqam, Dağlıq Qarabağda yerli hökumət funksiyasını öz üzərinə götürmüş Rusiyanın xərclərdən yaxasını qurtarmaq istəyi ola bilər. Azərbaycan tərəfi Dağlıq Qarabağdakı yerli idarəçiliyin Azərbaycanın suverenliyinə uyğun həyata keçirilməsini istəyir. Rusiya da, o halda bütün yerli hakimiyyət orqanlarının ölkəmizin hakimiyyət quruluşuna uyğun təşkil olunmasını və buna görə də Azərbaycan büdcəsindən Dağlıq Qarabağ üçün də vəsait ayrılmasını istəyə bilər. Bu halda, ermənilərdən təşkil olunan yerli hakimiyyət orqanları ilə Bakı arasındakı koordinasiyanın yenə də ruslara həvalə olunacağı gözləniləndir. Əgər, bu gerçəkləşərsə, Azərbaycan rəhbərliyi mahiyyətdə Rusiyanı və Ermənistanı maliyyə xərclərindən azad edən bu razılaşmanı, çox güman ki, öz diplomatik uğuru kimi təqdim edib, Dağlıq Qarabağda yerli idarəçiliyin bizim nəzarətimizə keçdiyini idda edəcək.
Moskva sammitində Azərbaycan üçün vacib olan məsələlər erməni silahlı birləşmələrinin Dağlıq Qarabağdan çıxarılması, Laçın dəhlizində Gömrük və Sərhəd buraxılış məntəqələrinin yaradılması hesab oluna bilər. Gözlənilir ki, bu tələblər sırasında Paşiniyan ancaq erməni silahlı qüvvələrinin Dağlıq Qarabağdan çıxarılmasına razılıq verə bilər. Çünki onsuz da Ermənistanda valideynlər, övladlarının Dağlıq Qarabağda xidmət etməməsi üçün vaxtaşırı etiraz aksiyaları keçirirlər, cəmiyyət bundan narazıdır. Bir halda ki, erməni xalqı bunu istəmir və Dağlıq Qarabağda ordu saxlamaq büdcəyə əlavə maddi yükdür, o halda, Paşiniyan İlham Əliyevin bu tələbini qəbul edə bilər. Xüsusilə ona görə ki, Qarabağda ermənilərin təhlükəsizliyini artıq Rusiya təmin edir.
Beləliklə də Putin də İlham Əliyevin rus “sülhməramlılarının” sayını artırmağa razılıq verməsinin qarşılığında, Ermənistan ordusunu Qarabağdan çıxarmağı ona hədiyyə etmiş olacaq. Bu da imkan verəcək ki, İlham Əliyev Moskva sammitindən əli boş dönmədiyini idda edə bilsin.
Ancaq əslində isə, bunun müqabilində Laçın dəhlizinə Azərbaycanın nəzarət tələbi qəbul edilməmiş qalacaq. Çünki bu tələbin qəbulu Azərbaycanın siyasi qələbəsi olar və Dağlıq Qarabağ üzərində ölkəmizin suverenliyininin təmininə yol açar. Bu isə nə Ermənistan, nə də ki, Rusiya üçün qəbul edilməzdir.
Digər vacib məsələ isə üçtərəfli Bəyanatda göstərildiyi kimi, Naxçıvana yolun çəkilişi ilə bağlı məsələyə aydınlıq gətirilməsidir. Rusiya Avropa ilə Asiyanı birləşdirən, Gürcüstanla müqayisədə 1400 km qısa olan bu yolun öz hərbi nəzarətində olmasını və bu yolla da regiona öz siyasi – iqtisadi nəzarət imkanlarının genişləndirmək istəyir. Ona görə də Moskva sammitində, bu məsələnin də həllinin razılaşdıralacağı real görünür. Eyni zamanda Azərbaycan rəhbərliyi, Rusiyanın bu istəyindən doğan razılığını da öz aktivinə yazmaqla, Naxçıvana yol məsələsini öz diplomatik uğuru kini təqdim etməyə çalışacaq.
Ən nəhayət İisə Paşiniyan da bu görüşdən əli boş dönməyəcək. Azərbaycan tərəfin saxladığı erməni terrorçularının geri qaytarılması, Azərbaycanın Türkiyə hərbiçilərini Qarabağa yerləşdirmək cəhdlərinin qarşısının alınması da o öz uğuru kimi təqdim etməyə çalışacaq. Halbu ki, bu məsələnin baş tutmaması Rusiyanın istəkləri ilə bağlıdır.
Görünən odur ki, həm İlham Əliyev, həm də Paşiniyan bu görüşdən Moskvanın ayrı – ayrı məsələlərdə üst – üstə düşən maraqlarına görə, hər iki tərəfə verdiyi razılıqları öz diplomatik uğurları kimi göstərirməyə çalışacaqlar.