
Natiq Güləhmədoğlu
Dağlıq Qarabağla bağlı bir neçə şeyə düzgün qiymət verməklə özümüzü izafi əsəbdən xilas edib, həm inkişafımızı təmin edə bilərik, həm də o problemi gələcəkdə həll etmək üçün optimal yol tapa bilərik. Nələri nəzərdə tuturam?
Birincisi bu iluziyadan özümüzü təmizləməliyik ki, Qarabağ problemini 44 günlük müharibə həll edib. Etməyib, bu acı həqiqətdir. Onu malalamaq, ört basdır etməklə biz ancaq özümüzə ziyan vura bilərik. Necə ki, keçmişdə bunu yaşamışıq. Erməni separatçıları hələ sovet dövründən iddiaların ortaya qoyanda biz onları görməməkdən gəldik, rəsmi siyasət bütün gücünü bu istiqamətdə önləyici tədbir görmək yerinə malalamağa, ötr-basdır etməyə verdi. O səhvi təkrarlamaq lazım deyil. Həqiqətin gözünə dik baxmaq lazımdır. Qarabağın böyük hissəsində Azərbaycanın dövlət iradəsi işləmir, separatçılar orda aşkar fəaliyyətdədir, özü də Rusiyanın himayəsində. Ona görə Xankəndinə azərbaycanlılar köçəcək, orda dövlət idarələrimiz fəaliyyətə başlayacaq, bayrağımız dalğalanacaq kimi söhbətlər, yaxın günlərdə reallaşmayacaq xoş arzu kimi qiymətləndirilib kənara qoyulmalıdır. Real işlərdən danışılmalıdır.
Bəs onlar nədir?
Biz reallıqla (Qarabağ problemi qalır, ordakı separatçılar iddiasında əl çəkməyib) barışmadan onu dərk edərək, Azərbaycanın yerdə qalan ərazisində-97 faizdə nümunəvi dövlət qurmalıyıq. Bu dövlət bütün paramertləri ilə cəlbedici olmalıdır. İqtisadi-siyasi həyatı birinci ölkə vətəndaşlarında, sonra isə kənardakılar üçün fərəh, rəğbət doğuran hala gəlməlidir. Siyasi islahatlar ləngimədən başlamalıdır. Müharibə dövründə hamı gördü, İlham Əliyevin xarici auditoriya qarşısında ən çox ilişdiyi mövzu ölkədə demkratiya problemi ilə bağlı idi. Azərbaycan ədalətli, qanuna əsaslanan dövlətə çevirilməklə dünyada müttəfiqlərini çoxaltmalıdır. Gördük ki, təkcə qardaş Türkiyə ilə iş aşmır. Kimin xoşunun gəlib, gəlməməsindən asılı olmayaraq dünyanın qüdrət sahibi olan dövlətləri, təşkilatları var. Onlarla müharibəyə çıxıb, onları məğlub etmək daha çətin işdir, yoxsa onları dostumuza, müttəfiqimizə çevirmək? Məncə, birinci. Heç kim özünü aldatmasın ki, guya Ermənistana bu və ya başqa dövlətin dəstəyi, simpatiyası xristian təəssübkeşliyinə, yaxud kimlərisə pulla ələ almalarına görədir. Bu şişirdilmiş, əsasları zəif arqumentlərdir.
Ermənilər bunu əziyyətlə qazanıb, zəhmət çəkiblər. Danışıblar, inandırıblar, özlərinə rəğbət oyadıblar. İllər gedib bu işə. Əlbəttə, burda böyük dövlətlərin ermənilərlə maraqlarının kəsişməsi də öz sözünü müəyyən mənada deyib. Lakin, unutmayaq ki, Azərbaycan həm coğrafi mövqeyinə, həm iqtisadi imkanlarına görə böyük dövlətlər, güc mərkəzləri ilə daha ciddi, daha yaxşı müttəfiqlik potensialına sahibdir. Bunları dəyərləndirmək və o istiqamətdə siyasət qurmalıyıq.
Gedişat belə davam etsə Dağlıq Qarabağ heç vaxt müstəqil dövlət olan deyil-bunu bizi rahatlaşdıran fakt olsun. Lakin, o bir yara olaraq qalacaq, ən pisi isə odur ki, ölkəmizdə korrpusiya, ədalətsizlik, tayfa-klan prinsiplərinə əsaslanan mürtəce rejim hökm sürəcəksə, yaxın perespektivdə Azərbaycanın da dövlət kimi mövcudluğu sual altındadır.