
AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Bu gün Putinin qloballaşmaya qarşı ötən əsrlərdən qalma ekspansiya siyasəti ilə qarşılıq verməsi, strateji baxımdan Rusiya üçün heç bir perspektiv vəd etmir. Niyəsi çox sadə və aydın məntiqə söykənir. Ötən əsrin ortalarında dünyada müstəmləkəçilik sistemi süqut etməyə başladı. Çünki ortaya çıxan qloballaşma və azad bazar şərtləri böyük dövlətlərin müstəmləkə saxlamasını, beləcə hərbi, siyasi və iqtisadi maraqlarını başqa ölkələr üzərində birbaşa nəzarət yolu ilə həyata keçirməsini səmərəsiz edirdi. Bu üsul fayda verməkdən daha çox, həm gərəksiz yerə maddi resurslar xərclənməsinə, həm də yerli xalqların nifrətini qazanmağa səbəb olurdu.
Bunun əvəzində, qloballaşma şərtləri sərmayənin, informasiya və kommunikasiya şəbəkələrinin, ticarətin önünü açaraq, milli sərhədləri yumuşaldaraq, inteqrasiya olunmuş beynəlxalq bazarlardan daha çox fayda götürməyə imkanlar yaratdı.
Rusiya isə, hazırkı qloballaşma prosesində nə xarici bazarlara yatırdığı milli sərmayəsi , nə intellektual və texnoloji məhsulları ilə, nə də ki, insan resursları ilə beynəlxalq güc mərkəzləri ilə rəqabət aparmaq iqtidarında deyil. Əksinə, özü də inkişaf üçün xarici sərmayə və texnologiyalara möhtacdır. Belə bir şəraitdə Putinin postsovet məkanında və Suriyadakı ekspansiyası Rusiyaya nəinki fayda gətirmir, əksinə əlavə itkilər və xərcləmələr nəticəsində büdcəni yükləyir.
Siyasətin uğuru əldə etdiy fayda ilə ölçülür. Bu gün Rusiya Ukraynanın, Gürcüstanın, Moldovanın bir hissəsini hərbi güclə tutmaqla nə əldə edib, hansı faydaya sahib olub? Əksinə, sanksiyalar və xarici sərmayələrin ölkəni tərk etməsi üzündən böyük itkilərə məruz qalıb. Təsadüfi deyil ki, ruslar artıq Bəşər Əsəd kimi psixopatı himayə edib qorumağın mənasızlığlnı və maddi zərərini açıq şəkildə dilə gətirməyə başlayıblar. Bu baxımdan Sovetlərin Əfqanıstanda çıxdığı kimi, Rusiyanın da Suriyadan zərərlə çıxacağı gün uzaqda deyil.
Hazırkı şəraitdə Rusiyanın bu ekspansiya siyasətini davam etdirərək Dağlıq Qarabağa sülhməramlı adı altında soxulması, ənənəvi yaylmaçılıq, ilhaq siyasətinin davamıdır.
İndi Putin, onsuz da iqtisadi və sosial baxımdan pis durumda olan Rusiyanın büdcəsi hesabına, Dağlıq Qarabağakı separatçı rejimi gücləndirməklə, nəhəng maliyyə vəsaitləri xərcləməklə məşğuldur. Nə fayda əldə edəcək rus xalqı Putinin bu avantürasından?
Məqsəd bəllidir, Cənubi Qafqazda hərbi mövcudluğunu gücləndirən Rusiya, Qarabağ konfliktinin nəzarətini əlində saxlamaqla, həm Azərbaycan, həm də Ermənistan üzərində təsirini artırıb onların Qərbə inteqrasiyasını əngəlləməyə çalışacaq. Deyək ki, Putin 10 il, lap uzağı 20 il bunu edə bildi, bəs sonra? Rusiya bu cür kobud antiqərb siyasətindən nə əldə edəcək? Böyük itkilərə rəğmən yeganə qazanc, Putinin avtoritar rejimini qorumaq üçün demokratik Qərb dəyərlərinin Rusiya sərhədlərinə daha da yaxınlaşmasını bir müddət ləngitmək olacaq. Bundan başqa heç nə.
Bu ləngimə, itirilmiş illər isə həm region ölkələrini, həm də Rusiyanı sonda Qərbin sərmayəsindən, mədəniyyətindən, texnologiyasından daha çox aslı hala salacaq. Rasional baxışa görə, qloballaşmaya qarşı ən yanlış yol, prosesə qatılıb rəqabət qabiliyyətini artırmaq əvəzinə, özün təcrid edib köhnə təfəkkürün əsirinə çevrilməkdi.
Bu gün ABŞ, Avropa ölkələri də dövlət maraqlarını təmin etmək üçün böyük xarici yatırımlar edirlər. Ancaq onların bu yatırımları, qloballaşmaya qarşı deyil, əksinə, investisiyaların önünü açılmaq, yeni bazarlar qazanmaq, daha əlverişli rəqabət şərtləri təmin etmək, kənar resursların işlənməsində pay almaq və özlərinə qarşı terror təhdidlərinin qarşısını almaq üçündür.
Rusiyanın ekspansiya siyasətində isə bu elementlər yoxdur. Əvəzində isə on doqquzuncu əsrin “dünya jandarmı” rolunun və imperial iddialar arxasınca sürünən avtoritar zehniyyətin, qloballaşmaya tərs düşən təfəkkür tərzi və dünyagörüşünün Rusiyaya və region xalqlarına gətirdiyi zərər var.