Rafiq Tağı anıldı

“Bu ölüm hadisəsinin üstü mütləq açılmalıdır”

Noyabrın 23-də Reportyorların Azadlığı və Təhlükəsziliyi İnstitutunda yazıçı Rafiq Tağı ilə bağlı anım tədbiri keçirilib.

Bu tədbir Beynəlxalq Cəzasızlıq gününün qeyd olunduğu eyni tarixdə baş tutub. Tədbir iştirakçılarından buna diqqət çəkənlər olub.

«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev çıxışında bildirib ki, Rafiq Tağının qətli ictimaiyyət tərəfindən də diqqətdə saxlanmalıdır və bu ölüm hadisəsinin üstü mütləq açılmalıdır.

«MƏN İNANMIRAM Kİ…»

«Qanun» nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu deyib ki, Azərbaycanda indiyədək öldürülən və ya başqa zorakılığa məruz qalan söz adamları ilə bağlı cinayətlərin üstü heç vaxt açılmayıb.

«Mən inanmıram ki, bu qətlin də üstü açıla»- deyə Şahbaz Xuduoğlu çıxışına davam edib: «Bir şeyi də deyim ki, Elmar Hüseynov qətlə yetiriləndə istintaq daha çevik davrandı, isti-isti izə düşməyə çalışdı, az sonra qatilin fotorobotu hazırlandığı deyildi. Ancaq Rafiq Tağının istintaqı bu cür olmadı. Bu da onu göstərir ki, hakimiyyət bu qətlin üstünü açmaqda maraqlı deyil».

Tədbirdə çıxış edənlərdən bəzisi qətlin sifarişçisinin İran siyasi və ya dini dairələrindən olması haqda fakir söyləyiblər. Azad Yazarlar Ocağının üzvü Rasim Qaraca deyib ki, Rafiq Tağı təkcə İran siyasi hakimiyyətinə yox, çox şeylərə tənqidi yanaşıb. O cümlədən də Azərbaycan Yazıçılar Birliyinə. Onun fikrincə, yazıçının bıçaqlanma səbəbi araşdırılarkən bu məqam da yaddan çıxmamalıdır.

MƏZAR, MÜKAFAT, KİTAB

Tədbir iştirakçıları daha sonra yazıçının məzarını ziyarət ediblər Ziyarət zamanı yazarın qardaşı Alim Tağıyev deyib: «Biz prezidentdən və qardaşımın ölümünü araşdıran hüquq-mühafizə orqanlarından Rafiq Tağının qatilinin və sifarişiçinin tez bir zamanda tapmasını tələb edirik».

Bu gün – noyabrın 23-də Rafiq Tağı adına mükafatın və yazıçının «Yanaşı ulduzlar» kitabının təqdimatı da olacaq (“Azadlıq” radiosu).

***

Rafiq Tağının qətlindən 1 il keçdi

İlham Əliyevin nəzarətində olan cinayət işinin üstü hələ də açılmayıb

Yazıçı-publisist Rafiq Tağının ölümündən 1 il ötür. O, 2011-ci noyabrın 19-u axşam saatlarında işdən evə dönərkən naməlum şəxsin hücumuna məruz qalıb. Çoxsaylı bıçaq xəsarətləri alan yazıçı noyabrın 23-də xəstəxanada keçinib.

Rafiq Tağı həm İran rejimi, həm də hakimiyyət əleyhinə tənqidi yazılarla tanınırdı.

məlumatına görə, yazıçının yaxınları, dostları, ailə üzvləri mərhumun vəfatının ildönümü ilə əlaqədar onun məzarını ziyarət ediblər.

Hadisə ilə bağlı əvvəl Cinayət Məcəlləsinin 126.1-ci (qəsdəm sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, lakin Rafiq Tağının ölümündən dərhal sonra Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif olunub. İctimai rezonans doğuran bu hadisə ilə əlaqədar cinayət təqibi üzrə görülən işlər Azərbaycan prezidentinin xüsusi nəzarətindədir.

Yazıçının ölümündən bir il keçsə də, hələlik qətlin üstü açılmayıb.

Media Hüququ İnstitutu (MHİ) Rafiq Tağının qatillərinin ən qısa zamanda tapılmasını təmin edən addımlar atmağa çağırır. Noyabrın 23-də yaydığı bəyanatında MHİ eyni zamanda qətli araşdıran hüquq mühafizə qurumlarını istintaqın məxfiliyinə xələl gətirməyən bilgiləri ictimaiyyətlə bölüşməyə, hesabat verməyə dəvət edir.