“Yuxarıların tapşırığı olanda xəstəxana kovidə yoluxanı qəbul edir”

Milli Şuranın sədri Cəmil Həsənli

Ölkədə Covid virusu tüğyan edir. Hər gün tanıdığımız adamların ölüm xəbərini alırıq. Dünən canına and içdiyimiz dostların istər-istəməz goruna and içməli oluruq. 120-150 manat pul verib test olunan hər dörd nəfərdən biri virusa yoluxub. Test olunmağa maddi imkanı olmayanları da bura əlavə etsək dəhşətli mənzərə alınar. Hökumət uzun müddət bioloji fəlakətə qarşı effektli tədbirlər görmək əvəzinə rəqəmlərlə oynadı, virus təhlükəsindən siyasi məqsədlərlə istifadə etdi, virus üzərində yalançı “qələbənin” təbliğatını apardı, həta Covidə qarşı mübarizənin Azərbaycan “modeli” deyə gülünc bir saçma uydurdu. Bu “modelin” həyatiliyini sübut etmək üçün 30-a yaxın ölkəyə 30 milyon dollar həcmində yardım edib “beynəlxalq” səviyyəli saxta təriflər qazandı. Bundan riqqətə gələn ölkə ziyalıları iki ayaqların bir başmağa dirədilər ki, dünyanı sarsıdan Covid üzərində həşəmətli qələbəsinə görə ölkə başçısına Milli Qəhrəman adı verilməlidir. İndi həmin təklifləri verənlərin çoxu virusa yoluxub.

Mənzərə çox dəhşətlidir. Hökumətin elan etdiyi rəqəmləri qoyun bir kənara. On minlərlə, bəlkədə yüz minlərlə adam hökumətdən xəbərsiz Covidlə mübarizədə həyat və ölüm arasında canı ilə əlləşir. Onlarla öz peşəsini şərəflə yerinə yetirən həkim, tibb işçisi etibarlı qoruyucu vasitələrlə təmin edilmədiyi üçün Covidin qurbanı olub. Ölkənin səhiyyə sistemi çöküb, anormal idarəçilik bu sistemi yararsız vəziyyətə salıb.

Dərmanların qiyməti kəllə çarxa qalxıb, adi şəraitdə 15-20 manata olan dərmanlar 10-15, bəzən 20 dəfə baha qiymətə satılır, o da tapılsa. Dərman bazarına nəzarət edən Əliyev ailəsi Covidin doğurduğu faciədən də varlanmaq vasitəsi kimi istifadə edir. Dövlət səhiyyə müəssisələri öz pasientlərini Covid testinindən keçmək üçün özəl tibb müəssisələrinə göndərirlər. Dünyada Covidə qarşı mübarizəyə 30 milyon yardım göstərmiş bir ölkənin məzlum vətandaşları özəl tibb müəssisələrində 130 manat ödəyib virusa yoluxduqların təsdiq etdirirlər. Testlərin cavabı bəzi hallarda xəstə həyatla vidalaşandan sonra bəlli olur. Kimsə bu bəladan qurtarıb “təmizə” çıxmağını test etmək istəsə bir o qədər də ödəmək məcburiyyətindədir. Əks təqdirdə tibb müəssisəndin kənarda onu testin qiymətin də 2 dəfə yüksək olan (əgər müxalifətçidirsə bir il azadlıqdan məhrum etmə cəzası) polis cərimsi gözləyir. Bir sözlə TƏBİB-in Covid bazarı və Operativ qərargahın mənasız ekspermentləri əhalinin belini qırır.

Kimsə müalicə olunmaq fikrinə düşsə orta hesabla 1500 manat ətrafında xərc çəkməlidir. Bu fantastik qiymətlərin qarşısında əlacsız qalan viruslu vətandaşlarımız öz evində oturub nə zaman canını təslim edəcəyini gözləyir. Dərman almağa 300-500 manat pul tapa bilməəyən insanların çoxu artıq həyatla vidalaşıb. İnsanların ümüid yeri kimi baxdığı təcili yardım şəbəkəsi çağırışlara reaksiya verməməyə, telefonu qaldırmamağa vəziyyətdən çıxış yolu kimi baxır. Əslində, onların edə biləcəyi bir şey də qalmayıb. Bu sahədə çalışan təcrübəli bir tibb işçisi bunu etiraf etdi. O, dedi ki, bizdən ümid gözləyən xəstəyə ilk yardımı göstərib onu təcili yardım maşınana mindirib şəhərin bütün xəstəxanalarını dolaşırıq. Heç bir xəstəxana qəbul etmir. Axırda xəstəni gətirib evində düşürür, gözlə yer olanda gəlib apararıq – deyə ona ümid veririk. Hər yer doludur, xəstələri qəbul etmirlər, yalnız yuxarıların tapşırığı ilə bəzi xəstələri yerləşdirmək olur.

Bakıdan kənar vəziyyət daha acınacaqlıdır. Gəncədə vəziyyət ağır epidemiya xarakter alıb. Kütləvi yoluxma var. İnsanlar imdad diləyir, kimsə onların halına acımır, vəziyyətin bu həddə çatmasına görə məsuliyyət daşıyan bir dövlət orqanı yoxdur. Kənd yerlərində insanlar taleyin ümidinə buraxılıb. Tərkibi bəlli olmayan idaxla bazarı hakim zümrənin əlində olduğu üçün qida təhlükəsizliyinə cavabdeh olan orqanlar işləmir. Uzun illərin yoxsulluğu, imkansızlığı əhalini kefiyyətsiz qidayə möhtac edib. Nəticədə immun sistemi zəifləyib və Covid təhlükəsinə qarşı həssaslaşıb. Amma xalqın belə acınacaqlı duruma düşməsinin ən böyük səbəbi 200 milyarda yaxın neft gəlirləri olan bir ölkədə indiyə qədər vətəndaşların tibbi sığortasının olmamasıdır.

Bu ağır və üzücü vəziyyətə nəhayət ki, dünən bir “sevindirici” məlumat aldıq. İqtisadiyyat nazirimiz bəyan etdi ki, Covid pandemiyası dövründə Azərbaycanda 80 min yeni iş yeri açılıb. Bu möcüzə kimi bir şeydir. Yəqin bu da Covidə qarşı mübarizənin “Azərbaycan modelinin” yeni fütuhatıdır. Bütün dünyadı Covid yalnız insanları deyil, sosial və iqtisadi həyatı da vurduğu halda, iş yerlərinin bağlanması kütləvi hal aldığı, işsizliyin fantastik həddə çatdığı halda Azərbaycanda necə bu baş verib? Belə olan halda Azərbaycan niyə bu möcüzənin sirrini açıb dünyanı bu bəladan xilas eləmir?

Bu barədə çox fikirləşdim, axı bu necə ola bilər? Ağla gələn bir fikir odur ki, Covid kütləvi can aldığı üçün mürdəşirlərin sayı arta bilər, dəfn mərasimlərini yetirmək üçün qəbristanlarda yeni iş yerləri aça bilərlər, Baş daşları sexləri gecə-gündüz çalışa bilər, onlayn yasin və yas mərasimləri internet üzərindən şəbəkələşdirilə bilər. Və ən nəhayət, hökumətin bütün təyinatlar üzrə istifadə etdiyi “basılmaz” trol ordusu onlayn dəfn salavat mərasiminə cəlb edilməlidir. Əks təqdirdə, Covid şəraitində bu 80 min yeni iş yerinin mənbəyini tapmağın ağlabatan bir izahı yoxdur. Həm də ona görə ki, indi yeni iş yerlərini açanda – bağlayan da Həzrəti Mikayıl yox, Cənabi Əzrayildir.