«Ovanisyanın Bakıya dəvət olunması və ona burada çıxış üçün tribuna verilməsi yanlış idi, bu, ciddi araşdırılmalıdır»
Irs Partiyasının lideri Raffi Ovanisyan noyabrın 22-23-də Bakıda keçirilən Beynəlxalq Asiya siyasi partiyalar konfransının 7-ci Baş Assambleyasının iclasında iştirak edəcəyi barədə məlumat vermişdik. Eyni zamanda vurğulamışdıq ki, Ovanisyanın Bakıda Azərbaycanın əleyhinə çıxışı gözlənilir. Bu barədə Ovanisyan hələ noyabrın 21-də Yerevanda keçirdiyi mətbuat konfransında bildirmişdi.
Düzdür, bu konfransdan qabaq Ovanisyan “Səfərovun işi ilə əlaqədar” olaraq tədbirə qatılmayacağını bəyan etsə də, sonradan belə görünür ki, fikrini dəyişib. Onu da xatırladaq ki, Ermənistanın keçmiş xarici işlər naziri olan Ovanisyan tanınmış terrorçu Monte Melkonyanı Qarabağa müharibəyə dəvət edənlərdən biri olub.
Politoloq Vəfa Quluzadə R.Ovanisyanın Bakıya dəvət olunmasını və ona burada çıxış üçün tribuna verilməsini yanlış qərar sayır: “Ovanisyanın Bakıya dəvət olunması böyük yanlışdır. Ona Azərbaycanda çıxış etmək üçün imkan yaratmaq olmazdı. Mən onu çox yaxşı tanıyıram. O həmişə Azərbaycan barəsində qərəzli mövqedə olub və yanaşmasını dəyişməyib. Bakıda çıxışında isə o bəyan edib ki, Ermənistan Azərbaycandan işğal etdiyi torpaqları əslində azad edib. Bunu ciddi araşdırmaq lazımdır ki, bu şəxsi Bakıya kim dəvət edib. Çünki bu şəxs Azərbaycanın ən qəddar düşmənidir”.
Bundan başqa, V.Quluzadə hesab edir ki, Azərbaycanın işğal altında olan torpaqları azad olunmamış Ermənistanla bu tip əlaqələrin yaradılması yanlışdır: “Bu günlərdə Azərbaycanın boks komandası Ermənistana beynəlxalq yarışa gedəcək. Bu tip addımlar Ermənistanla dostluq yaratmaq kimi dəyərləndirilir və o deməkdir ki, biz işğal faktı ilə barışırıq. Biz buna yol verməməliyik”.
Xəyal


