O günlərdən biri

Bu gün dünyada Beynəlxalq Cəzasızlıqla Mübarizə Günü kimi qeyd olunur. Bu, dünyada jurnalist qətllərinə etiraz günüdür, onu 200-ə yaxın ölkədən olan jurnalist təşkilatları təsis ediblər.
Biz yazıçı Rafiq Tağını ötən il məhz bu gün itirdik, bıçaqlandıqdan 4 gün sonra – 23 noyabrda. Beynəlxalq Cəzasızlıqla Mübarizə Günündə.
Rafiq Tağı 1 il əvvəl öldürülüb, amma onun qatil(lər)i cəzasızdır(lar). Qətlin sifarişçisi də.
Tıpkı Elmar Hüseynovun qatil(lər)i kimi. Qətlinin sifarişçisi kimi…
Bu ölkədə bu günədək sözə qarşı heç bir cinayətin üstü açılmadı. Qələmə, düşüncəyə, fikrə qarşı hər bir cinayətin üstündə qalın bir sirr pərdəsi var bu ölkədə. Niyəsini uzun-uzadı müzakirə etməyə dəyməz. Əgər sizin ölkənizdə fikirdən, düşüncədən, sözdən, qələmdən qorxan bir rejim hakimdirsə, nə belə cinayətlərin sonu olacaq, nə də o cinayətlərlə bağlı cəzasızlığın.
Azərbaycanda cəzasızlıq idarəetmə normasıdır, çünki cinayətkarlıq da idarəetmə normasıdır!
Xatırlayırsınızmı, keçənlərdə Gülər Əhmədova ölkədən çıxmasının yasaqlanıb-yasaqlanmadığı barədə suala nə cavab vermişdi: “Mən cinayətkaram ki, ölkədən çıxmağıma imkan verilməsin?”
Bu bir cümlədə Azərbaycanın necə qorxunc, mafioz əllərdə olduğu həqiqəti gizlidir. Məsələ yalnız Gülərdə də deyil – ölkəni idarə edənlərin hamısı eyni zehniyyətin daşıyıcılarıdır, onlara görə milli iradəni alver predmetinə çevirmək, deputat mandatı alıb-satmaq əsla cinayət sayılmır, sayıla bilməz!
Amma fərqli düşünmək – cinayətdir. Doğruları yazmaq – cinayətdir. Azad fikirli olmaq, tənqidçi müxalif olmaq – cinayətdir. Tabulara aykırı getmək – cinayətdir. Yazarkən yalmanmamaq, qələmini yalana satmamaq, yaltaqlığa bulaşdırmamaq – cinayətdir. Və bunların bütün bu “cinayət”lərə kəsdikləri cəzanı illərdir görə-görə gəlirik. Yaddaşınızı qurdalayın, görün son 19 ildə gözünüzün önündən sözə qarşı necə linçlər, terrorlar keçəcək.
Hələlik son qurbanımız Rafiq Tağıdır. “Hələlik son qurbanımız” deyirəm, çünki sözə qarşı cinayətlərin cəzasız qaldığı, beləliklə, sözə qarşı cinayətlərin legitimlik qazanmış olduğu bir ölkədə yəqin ki, Rafiq müəllim sonuncu qurban da olmayacaq.
Bu gün onun qətlinin ildönümüdür və mən bu gün bir daha sözün üstünə bıçaqla, güllə ilə, qandalla, nəşə ilə, armaturla gələnlərə acıyıram. Belələri çox miskin və zavallıdırlar. Onlar bəlkə də öz məqsədlərinə çatdıqlarını düşünürlər, amma qələmin qarşısına qətllə, silahla, zorla, zopa ilə çıxanları tarix həmişə lənətləyəcək.
Beynin gücünə qarşı biləyinin gücünü qoyanlar heç vaxt qalib ola bilməzlər, zəkanın önünə zopa ilə çıxanlar daim məğlubdurlar, qələmə bıçaqla, güllə ilə cavab verənlər heç vaxt öz kirli, alçaq məqsədlərinə çatmayıblar, çata da bilməyəcəklər.
Bu gün Rafiq Tağının ölüm günüdür, amma bu gün həm də o gündür ki, içində azacıq aydınlıq olan…
Bəşəri dəyərlərə hörmətlə yaşayan…
Tərəqqipərvər, çağdaş olan hər kəs zəkanınmı, yoxsa zopanınmı yanında olduğunu göstərsin.
Rafiq Tağının timsalında yazara, yazıya bıçaq çıxaranları, güllə atanları lənətləməklə biz hansı dəyərlərin tərəfdarı olduğumuzu, hansı toplumda yaşamaq istədiyimizi ifadə edirik.
Bir də…
Bir də heç bir ölümün, qətlin, qanın, terrorun söz üzərində, fikir üzərində qalib gəlmək, qələmi susdurmaq, sındırmaq, təslim etmək gücündə olmadığını nümayiş etdiririk.
Bu gün o gündür, o günlərdən biridir.
Və bu gün içində işığı olan, vicdanı olan, tərəqqipərvər olan, bəşəri dəyərlərə hörməti olan hər kəsin borcu bu günün, bu cür günlərin əli qanlı baiskarlarını lənətləməkdir. Lənət gölündə boğmaqdır.