Babək Həsənli azad edilməlidir

Milli Şuranın sədri Cəmil Həsənli

Qarabağ qazisi Babək Həsənlinin həyatı üçün təhlükə yaranıb. O, cəzaçəkmə yerində Covid – 19 virusuna yoluxub. Babək bəy birinci Qarabağ müharibəsinin döyüşçüsü olub, canıyla, qanıyla, sinəsiylə vətəni qoruyub, döyüş yolu keçib, yaralanıb qazi olub. Əgər o, azadlıqda olsaydı, birinci Qarabağ müharibəsində ağır yaralar almasına baxmayaraq heç şübhəsiz ki, 44 günlük döyüşlərin də könüllü iştirakçısı olacaqdı. Bu Babək Həsənlinin xarakteri, həyat amalıdır. İkinci Qarabağ müharibəsi zamanı azad edilmiş vətən torpaqların hər qarışında Babək Həsənlinin döyüş izləri var.

Onu tamamilə mənasız, saxta, başdan-ayağa qurama bir ittihamla 3 il müddətinə həbs ediblər. Bu qanunsuz həbsin iki il yarımı artıq arxada qalıb. Babək bəyi qanunsuz sahibkarlıq, çirkli pulların yuyulması kimi cəfəng ittihamla həbs ediblər. Onun qanunsuz sahibkarlıq və çirkli pulların yuyulması “ittihamı” üzrə fəaliyyəti siyasi məhbus ailələrinə göndərilmiş 1200 manat pulu ünvanına çatdırmaqdan ibarət olub. Təpədən dırnağa qədər çirk içində olan bir rejim, çirkli pulların yuyulması çamaşırxnasına çevirdiyi bir məmləkətdə nəcib bir əmələ görə Babək Həsənliyə 3 il həbs cəzası verib.

Son aylar Covid təhlükəsi kəskin şəkildə artıb. Sözün tam mənasında virus can alır. Babək Həsənli də həyat üçün təhlükəli olan bu virusa yoluxub. Cəzaçəkmə yerində bu ağır və canlar alan xəstəliyə müqavimət göstərməyin əlavə çətinlikləri var. İmmunitetin aşağı, səhiyyə xidmətinin ondan da aşağı, qida rasionunun hər ikisindən daha aşağı olduğu bir məkanda qanunsuz həbsin doğurduğu mənəvi əhvalın ağır yükü altında Covidə qarşı effektli müqavimətin imkanları məhduddur. Qeyd edilən saxta hökmdən 6 ay cəza müddəti qalır Babək Həsənlinin. Qarabağ qazisinin həyatını xilas etmək üçün onu təcili azad etmək zəruridir. Bu şəraitdə onun həbsxanada saxlanması yolverilməzdir.