O, “Ded Xasan”ın azərbaycanlı katibini də öldürübmüş
Bir qədər əvvəl Moskvada dörd nəfəri öldürməkdə şübhəli bilinənən azərbaycanlı killer yaxalanıb. Saxlanan şəxs “Axsaq Nazim” ləqəbli 43 yaşlı Azərbaycan vətəndaşıdır, o dörd nəfəri sifarişlə qətlə yetirmək ittihamı ilə federal axtarışda olub. Məxfi həyat tərzi keçirən killer daim yaşadığı ünvanları dəyişib və saxta pasportlardan istifadə edib.
Onun qrupuna daxil olan şəxslərin Moskva, Peterburq şəhərlərində, Moskva və Leninqrad vilayətlərində bir sıra sifarişli qətllərdə iştirakı güman olunur.
Saxlanan şəxsin üzərində “TT” tapançası, “Makarov” tapançasının dolu sandıqçası, Azərbaycan vətəndaşının adına saxta pasport götürülüb.
Rusiyada nəşr oluanan “Novaya qazeta” qəzeti “Axsaq Nazim”lə bağlı maraqlı araşdırma aparıb. Həmin yazıda deyilir ki, axsaq ləqəbli Nazim Hümbətovu ələ keçirmək üçün əməliyyatda “Rıs” xüsusi təyinatlı dəstə iştirak edib.
Qəzetin yazdığına görə, Hümbətov hələ 20 il əvvəl həbs edilməliymiş. Amma məhkəməyə çıxarılan Hümbətov hansısa sirli bir qüvvənin köməyi ilə həbsdən buraxılıb.
“Novaya qazeta”nın yazdığına görə, Nazim Cəmil oğlu Hümbətov 1969-cu ildə Gəncədə anadan olub. 90-cı ilərin əvvəllərində Moskvaya, bazarda çalışmağa gəlib.
Tezliklə özünə adam oğrularından ibarət qruplaşma yaradan Hümbətov ilk dəfə 1995-ci ildə ilişib. Zelenoqrad şəhərində Anastasiya Serdyukova adlı yeniyetməni girov götürən dəstə üzvlərini milis ələ keçirə bilib. Amma onlar həbsdə çox oturmayıblar. Hakim və prokuror ələ alınıb və onlar azadlığa çıxıblar. “Həbsdən çıxan Hümbətov tezliklə Məsimov qardaşları ilə tanış olur. Məhz, bu qardaşların sifarişi ilə Irandan Rusiyaya narkotik qaçaqmalçılığı ilə məşğul olur.
Məsimovlar sonradan ona başqa sifarişlər verməyə başlayırlar. Onların sifarişi ilə Hümbətov öz həmyerlilərini Hüseynov və Şamilov soyadlı iş adamlarını aradan götürür.
Bundan sonra “Axsaq” yenə sifarişlə iş adamları 44 yaşlı Əziz Ismayılovu və Kamil Kaştayevi güllələyir. Kriminal avtoritet Fizuli Hüseynovu öldürmək cəhdi isə alınmır. Fizuli 5 güllə yarası alsa da sağ qalır”, – deyə qəzet yazır.
Qəzetin yazdığına görə, Hümbətov bundan sonra kriminal avtoritet Aslan Usoyanın (“Ded Xasan”) şəxsi katibi Ilqar Cəbrayılovu öldürür. Usoyan Cəbrayılovun məhz “Axsaq” tərəfindən öldürüldüyünü bilir. “Ded Xasan”ın duyuq düşdüyünü hiss edən Hümbətov konspriativ bir mənzildə, özü də uzun müddət gizlənir. Elə həmin mənzildəcə ələ keçir.
Qəzetin yazdığına görə, istintaq Nazim Hümbətovun digər cinayətlərini də araşdıracaq və bundan sonra daha nələrin üzə çıxacağı da maraqla gözlənilir.
Azad