“Səadət sarayı” Prezident Administrasiyasına verildi

Baş nazir Artur Rəsizadənin 7 noyabr 2012-ci il tarixli sərəncamı ilə Bakının mərkəzindəki “Səadət sarayı” kimi tanınan tarixi bina Prezident Administrasiyasının İşlər İdarəsinin balansına verilib. Sənədə görə, Murtuza Muxtarov küçəsi, 6 ünvanında yerləşən binanın ümumi sahəsi 3700 kv. metrdən çoxdur.
Paytaxtın ən gözəl binalarından olan bu bina 1911-1912-ci illərdə neft sənayeçisi, xeyriyyəçi milyonçu Murtuza Muxtarovun vəsaiti hesabına inşa edilib. Xanımı ilə Avropaya səfər zamanı Venesiya memarlığı xanımın çox xoşuna gəlib. M.Muxtarov Bakıda xanımı üçün bu cür bina tikdirəcəyinə söz verib.  Bina tanınmış memar İ.Ploşko tərəfindən layihələndirilib və inşa edilib. M.Muxtarovun ailəsi orada yaşayıb. Bolşeviklər hakimiyyətə gələn zaman yeni hakimiyyət sarayı onların əllərindən almaq qərarına gəlib. Lakin M.Muxtarov binanı almağa gələn qızıl əsgərlərə atəş açıb və özü də öldürülüb.
Sonrakı illərdə bina azad  azərbaycanlı qadın klubu kimi fəaliyyət göstərib. Sonralar bu evdə Şirvanşahlar muzey-qoruğu, sonra isə Nikah Evi (“Səadət sarayı”) açılıb.
2007-ci ildə Saray təmirə bağlanıb və 2012-ci ilin yayında açılıb. Obyekt iki hissəyə bölünüb: biri işgüzar görüş evi üçün nəzərdə tutulub, digəri VVAQ üçün. Layihənin yenidən işlənməsi ilə fransız memarlar məşğul olub. İnteryer yerli və italyan mütəxəssislərlə birgə  qurulub. Binanın işgüzar görüşlər üçün nəzərdə tutulan hissəsi qış bağı adlanan girişdən (böyük holl) başlayır. Bura iş adamlarının görüş yeri  və muzey  kimi nəzərdə tutulub (“Turan”).