Musa Yaqub: «Rüstəm İbrahimbəyova qarşı kampaniya aparmaq yox, qulaq asmaq lazımdır»
Ziyalılar Forumunun Idarə Heyətinin sədri, tanınmış kinematoqrof Rüstəm Ibrahimbəyova qarşı hakimiyyət mətbuatında aparılan təbliğat davam etməkdədir. Hər ötən gün təbliğat daha kəskin forma alaraq R.Ibrahimbəyovu və onun timsalında bütün müstəqil ziyalı kəsimini ağır formada təhqir edir.
R.Ibrahimbəyovu ermənipərəstlikdə suçlayan Azərbaycan hakimiyyəti tanınmış ziyalının əldə etdiyi uğurlara da kölgə salmağa çalışır. Hətta vəziyyət o həddə çatıb ki, R.Ibrahimbəyov Azərbaycanın milli maraqlarına xəyanət edən şəxs kimi təqdim olunub. Ziyalılar Forumunun üzvü, tanınmış ziyalı Musa Yaqub bu cür yanaşmanı yolverilməz sayır. Hakimiyyətin onu tənqid edən şəxslərə qarşı bu cür kampaniya aparmasının artıq ənənə halına çevrildiyini deyən M.Yaqub vurğuladı ki, əslində tam əks-reaksiya sərgilənməlidir: “Hakimiyyətin fəaliyyəti barədə bir söz deyən kimi o dəqiqə şər-şəbədəyə başlayırlar. Rüstəm müəllim Azərbaycanın bütün dünyada tanınmış ziyalısıdır. Ona qarşı kampaniya aparmaq yox, onu dəyərlənirmək, fikirlərinə diqqətlə qulaq asmaq lazımdır. Amma hakimiyyət onu eşitmək əvəzinə, onunla mübarizə aparmağa çalışır. Ağsaqqal sözünü eşitmək lazımdır. Ona qarşı mübarizə aparmazlar”.
Ziyalılar Forumunun və digər müxalifət təşkilatlarının Azərbaycanın inkişafı üçün təkliflər irəli sürdüklərini deyən M.Yaqub vurğuladı ki, amma bu təkliflərə heç baxan yoxdur: “Rüstəm bəyin hədəf alınması, reallıqdan uzaq ittihamların onun ünvanına söylənilməsi yolverilməzdir. Hakimiyyət bir qulaq assın görsün biz nə istəyirik. Biz dövlətçilik mövqeyindən, xalqımızın maraqlarından çıxış edərək söz deyirik. Biz ziyalılar ölkəmizi xoşbəxt, demokratik, qanunların qorunduğu formada görmək istəyirik. Məqsədimiz budur. Məhz buna görə də səsimizi ucaltmışıq”.
Xəyal


