Təşkilatın sədri məqsədlərini açıqladı
Bu günlərdə bir qrup şəxs Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi (ADNDTB) yaratdıqlarını bəyan edib.
Təsis toplantısına ziyalılar, din xadimləri və alimlər qatılıb. Toplantı iştirakçıları Mehdibəy Səfərovu quruma sədr seçiblər. Nüfuzlu ictimaiyyət nümayəndələri bir araya gələrək, ADNDTB-nin yaranmasına zərurətin olduğunu bildiriblər. Birliyin öz fəaliyyətində milli-mənəvi, əxlaqi və islami dəyərləri prioritet elan etdiyi vurğulanır.
Qurumun məramnaməsində ADNDTB-nin milli dövlətçiliyin demokratiya, tolerantlıq, vətəndaş cəmiyyəti ənənələri üzərində qurulması məqsədi ilə yaradıldığı qeyd edilir. Talış xalqının ölkənin aborigen etnoslarından biri kimi müxtəlif tarixi məqamlarda Azərbaycan dövlətçiliyinin qurulması uğrunda mübarizə apardığı, ölkənin müstəqilliyində inkaredilməz payı olduğu vurğulanır. Qurum talışların dövlətçiliyə zərbə ola biləcək istənilən separatçılıq meyillərinin əleyhinə olduqlarını önə çəkir.
Qurumun əsas məqsədi kimi Azərbaycanın bütün vətəndaşlarının bərabərhüquqlu həmrəyliyinə nail olunması, o cümlədən son zamanlar talış xalqının həyatında ciddi vüsət alan süni assimilyasiya prosesinin, milli özünüdərk harmoniyasının pozulmasının qarşısının alınması göstərilir. Sənəddə xalqın öz dilini, tarixini, ədəbiyyat, etnoqrafiyasını, folklorunu öyrənməklə yenidən özünə qayıtması təqdir edilir.
Ölkə qanunları çərçivəsində fəaliyyət göstərərək qurum talış xalqının folklor, adət-ənənə və incəsənətini qorumaq və inkişafına nail olmaq istəyir. Məktəblərdə talış dilinin peşəkar səviyyədə tədris olunması nəzərdə tutulur. Talış tarixinin öyrənilməsi üçün AR MEA- na müraciət etmək irəli sürülür. Talış və Azərbaycan dillərində yayımlanan regional radio və televiziya studiyalarının açılışına nail olmaq qeyd edilir.
Sənəddə talış tarix və mədəniyyətilə məşğul olan alimlərə, azad fikirli ziyalılara dəstək olmaq, onlara qarşı hər hansı ədalətsizliyə qanun çərçivıəsində təpki göstərmək vurğulanır. Talış xalqının milli mənliyini diskriminasiya edərək, milli kimliyindən imtina etməsi yönündə riyakar addımlara kəskin etiraz və içtimai rəydə qınanmasına nail olmaq sənəddə əksini tapır. Qurum özünün həftəlik mətbu orqanını talış və Azərbaycan dillərində nəşr etməyi nəzərdə tutur. ADNDTB üzvlərinin Azərbaycanda, əsasən talışların kompakt yaşadığı bölgələrdə mütərəqqi fikirli ziyalılar, ağsaqqallar, alimlər, din xadimlərindən və digər nüfuz sahiblərindən ibarət olacağı qeyd edilir. ADNDTB birliyin fəaliyyətini tənzimləyəcək nizamnamənin hazırlanmasının Təşkilat Komitəsinə həvalə etdiyini bildirir. Qurumu Mehdibəy Səfərov və Quliyev Eldəniz Quliyevin təsis etdiyi nəzərə çatdırılır (“Turan”).
***
Birliyinin sədri Mehdibəy Səfərov isə “Media forum” saytına bildirib ki, uzun illər kino sahəsində çalışıb, son illər isə bizneslə məşğul olub, ictimai sahədə fəaliyyət göstərib.
“Bu təşkilatı yaratmaqda əsas məqsədimiz Azərbaycan dövlətinə, onun mənafeyinə zərbə vura biləcək istənilən separatçılığa qarşı çıxmaq, talışların daxilində bir mobillik yaratmaq, onların dövlətə məhəbbətini gücləndirmək, talışların milli irsini təbliğ etməkdir. Eyni zamanda bəzi xarici dairələrin bizim adımızdan çıxış etməsinin, işlərimizə müdaxilə etməsinin qarşısını almaq istəyirik. Bundan başqa, bizim dilimiz, ədəbiyyatımızla bağlı problemlər var, onları aradan qaldırmağı, inkişaf etdirməyi planlaşdırırıq”, – deyə o bildirib.
Mehdibəy Səfərovun sözlərinə görə, təşkilatın təşəbbüs qrupunda 14 nəfər təmsil olunur və onların arasında din xadimləri, ziyalılar, alimlər var.
“Azərbaycanın hər yerində sosial-iqtisadi problemlər var. Azərbaycan vətəndaşı olan talışların problemlərini digər bölgələrdəki problemlərdən ayırıb bunu etnik amillə izah etmək nə dərəcədə doğrudur” sualına Mehdibəy Səfərov belə cavab verib: “Problemlər var. Son zamanlar isə bəzi məmurlar, mətbu orqanlar talışların məsələsindən siyasi konyunktur üçün istifadə edirlər, qızışdırıcı rol oynayırlar. Eyni zamanda yaxın qonşularımız olan dövlətlər bizim işlərimizə qarışır, adımızdan çıxış edirlər. Bunu edənlər bundan sonra bizi öz qarşılarında görəcəklər”.
Problemləri başqa formada deyil, etnik amili ön plana çıxarmaqla həll etməyə cəhd göstərməyin doğru olub-olmamasına gəlincə, Mehdibəy Səfərov hesab edir ki, vəziyyətdən çıxmaq üçün ən münasib yolu tutublar: “Çünki etnik amili, bununla bağlı problemləri ört-basdır etmək, gizlətmək mümkün deyil. Problemləri gizlətsək belə, balıq kimi sürüşüb o biri tərəfdən çıxacaq, bir gün isə partlayacaq. Ona görə də etnik amilin qabardılmasının doğru olmadığını düşünənlər səhv yoldadırlar. Əksinə, problemlərin içinə daxil olmaq, onları dərindən bilmək və kökündən həll etmək lazımdır. Problemlərin üzərinə ağır daş yıxmaq çıxış yolu deyil, bu, bir gün partlayacaq. Bu məsələlərdən xəbəri olan bir ziyalı, dövlətini sevən şəxs kimi belə bir təşkilatı yaratmaq qərarına gəldim. Eldəniz Quliyevlə məsləhətləşəndən sonra birliyi təsis etdik”.
Təşkilat sədri deyib ki, artıq Bakı, Masallı, Lənkəran, Sumqayıtda yerli strukturları təsis olunub: “Başqa rayonlarda da yerli şöbələrimizi yaradacağıq. Bundan başqa Azərbaycan və talış dillərində nəşr olunacaq qəzet çap etməyi planlaşdırırıq. Qəzet “Tolerant” adlanacaq”.
Rusiyanın Azərbaycanda etnik münaqişələr yaratmaq istiqamətində addımlar atmasına dair son günlər mətbuatda xeyli məlumat dərc olunub. Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin belə informasiyalar yayıldığı bir dövrdə yaradılması təsadüfdürmü? Bu suala cavab olaraq Mehdibəy Səfərov bildirib ki, hansısa xarici dairələrlə heç bir əlaqələri yoxdur: “Əvvəla, mən və Eldəniz Quliyev iki aydan çoxdur yerlərdə görüşlər keçiririk, bu birliyi təsis etmək məsələsi üzərində işləyirik. İkincisi, biz elə xaricdən talışların adından çıxış edənlərlə mübarizə aparmaq, işlərimizə müdaxilənin qarşısını almaq, talış xalqının Azərbaycanın düşməni olan Ermənistanla əlaqələndirilməsinin heç bir əsasının olmadığını sübut etmək üçün birlik yaratmışıq. Biz Azərbaycançıyıq, dövlətimizi sevirik. Heç bir talış Azərbaycana xəyanət edə bilməz. Əksinə, dövlətimizi hamıdan çox sevirik. Bu torpaq uğrunda canımızı da əsirgəmərik”.
Mehdibəy Səfərov deyib ki, mühacirətdə olan separatçı Ələkrəm Hümbətovla heç bir əlaqələri yoxdur və xaricdə oturub talışların adından danışan adamlarla hər hansı əməkdaşlıq etməyəcəklər: “Ələkrəmin bizim işimizə heç bir aidiyyəti ola bilməz. Biz onun ideologiyasını qəbul etmirik”.


