
Rövşən Ağayev
Müharibənin nəticələrinin hərtərəfli müzakirəsindən çəkinmək lazım deyil.
Bir halda ki, əksəriyyətimiz üçün həssas olan məqama – Azərbaycan ordusunun qələbəsinə kimsə kölgə salmır, o halda döyüşsonrası siyasi nəticələrin müzakirəsindən narahat olanları anlamaq çətindir.
Xeyli sayda müstəqil düşünən, həmişə başqarının rəyi əsasında deyil, öz fikirlərilə danışan ictimai-siyasi fəalların və ekspertlərin siyasi-diplomatik yekunların hərbi nəticələrə adekvat olmaması ilə bağlı mövqeyini daşlamağın, dışlamağın anlamı yoxdur.
Hərbimiz işğal altında olan torpaqlarımızın az qala 80%-ni azad etməklə, 700 minə nəfər yaxın məcburi köçkünlərimizin öz yurdlarına qayıtmasını təmin etməklə çox ciddi problemlərimizin həllinə nail oldu. Şübhəsiz ki, sentyabrın 27-dək işğal altındakı bütün ərazilərimizdən az qala əlini tamamən üzən insanlarımız üçün bu nəticə hazırda mümkün ola biləcək ən yaxşı nəticədir.
Lakin diplomatiyamızın 27 ildən sonra rus qoşunlarının yenidən Azərbaycanda öz hərbi mövcudluğunu bərpa etməsinə razılaşmaqla ölkə üçün əlavə strateji və siyasi problemlər yaratdığından narahatlılar niyə dilə gətirilməsin ki? Ermənilərin Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəməməsinin, Dağlıq Qarabağ sorununun yenidən sonadəkl həll edilməməsinin hər hansı qeyri-müəyyən zamanda yenidən münaqişənin alovlanması riskini saxlamasından dolayı narahatlılar niyə ifadə olunmasın ki? Bunlar həm də suallardır – nəticələrə görə siyasi-diplomatik məsuliyyəti üzərinə götürən şəxslərin cavab verməli olduqları suallar.
Azərbaycan cəmiyyəti 27 il ərzində öz iradəsinə uyğun sivil və demokratik cəmiyyət quruculuğuna nail ola bilmədisə, hazırda üzləşdiyimiz reallığı da dəyişəsi deyil.
Bu baxımdan əldə olunan nəticələri emosinal şəkildə faciələşdirmək bizə fayda gətirəsi deyil. Bugünkü siyasi nəticələr faciə deyil, amma ciddi riskləri var. Bu riskləri neytrallaşdırmaq özümüzdən asılı olacaq. Azərbaycan mümkün olduğu qədər demokratikləşməlidir.
Qələbə eyforiyası altında siyasi azadlıqların daha da boğulacağı, bir siyasi qüvvənin bütün alternativləri sıradan çıxararaq təkbaşına hökmranlığını daha da gücləndirəcəyi tədqirdə həmin risklər faciəyə çevriləcək.
Hərbi əməliyyatların gedişi dövründə demokratikləşmə təşəbbüslərinə daş atan xeyli insan gördüm. Həmin fürsətçillərə deyəcəklərim budur: demokratikləşmə bizə erməniləri burda problem yaratmadan yaşamağa razı salmaq üçün deyil. Bizə ona görə lazımdır ki, bizi şəffaf və hesabatlı hökumətlər idarə etsin, büdcənin hər 100 manatından 30-40 manatı nəhəng korrupsiya şəbəkəsinin cibinə getməsin. Demokratiya ermənilərin könlünü almaq, qərbliyə xoş görünmək üçün yox, özümüzə xoş güzəran, dayanıqlı inkişafı təmin etmək, daha güclü ordu qurmaq üçün lazımdır.
Avtoritar idarəçilik insanların təşəbbüskarlığına buxov taxır, intellektual və istedadlı insanların ölkədən köçünə səbəb olur. Demokratik mühit isə ən ucqar kənddə oturan insanların yaradıcı potensiallarını aşkarlayır, bütün sahələrdə ən işıqlı adamların söz sahibi olmasına mühit yaradır.
Dronların ciddi dəstəyilə qazandığımız hərbi uğurlar da göstərdi ki, elm və texnologiyadan yapışmayan ölkələr yaxın onilllikərin məğlub ölkələri sırasında olacaqlar.
Nəhəng iqtisadi resurslara, 100 illərlə formalaşmış ənənəyə söykənən barmaqla sayılacaq imperiya dövlətləri nəzərə alınmasa, kiçik ölkələrin güclü olmasının tək yolu demokratiləşmədir. Dünyada bunun əksini sübut edən tək nümunə belə yoxdur….