Gənc qadın məhkəmənin qarşısında döyüldü

Qanuna dəyişiklikləri əsas gətirərək, məhkəmə onu döyənləri cinayət məsuliyyətindən azad edib

Milli Məclisin qərarına əsasən 132-ci (döymə) maddə Cinayət Məcəlləsindən çıxarılaraq, Inzibati Xətalar Məcəlləsinə əlavə ediləndən sonra bu dəyişikliklərdən sui-istifadə hallarına rast gəlinir.
Biləsuvar rayonundakı 1 saylı qəsəbənin sakini Ofelya Ibadova “AzNews”a müraciət edərək, Cəbrayıl rayon məhkəməsini məlum dəyişiklikdən sui-istifadə etməkdə günahlandırıb.
Ofelya Ibadova Cəbrayıl rayon məhkəməsinin qarşısında döyüldüyünü bildirərək, ona xəsarət yetirənlərin cinayət məsuliyyətinə cəlb edilməsini istəyir. Onun sözlərinə görə, Bayramova Vəzifə və Məmmədli Rəşad adlı şəxslər onu məhkəmənin inzibati binasının qarşısında, insanların gözü önündə döyərək xəsarət yetiriblər: “Lakin Cəbrayıl rayon məhkəməsi bu əməli törədən şəxslərin barəsindəki cinayət işi üzrə icraata xitam verib. Əsas kimi isə Cinayət Məcəlləsindən 132-ci maddənin çıxarılmasını göstərib”.
O.Ibayeva isə adıçəkilən şəxslərin ona ciddi xəsarət yetirdiyini bildirərək, qərarın ləğvini tələb edir. Ona görə də cinayət işinin təkrar istintaqa qaytarılması üçün apelyasiya şikayəti verib. O.Ibayeva yerli məhkəmənin işə səthi yanaşdığını, adıçəkilən şəxslərin ona yetirdiyi xəsarətlərə dair fotoşəkillərə hüquqi qiymət vermədiyini vurğulayıb.
Rayon məhkəməsini işə tələsik baxmaqda ittiham edən O.Ibayeva iş materiallarında adı çəkilən Iradə Məmmədova barəsində də yanlış qərarın verildiyini deyir: “Hadisə vaxtı məni döyən şəxslər Bayramova Vəzifə və Məmmədli Rəşad olub. Məmmədova Iradə isə məni onların əlindən almağa çalışıb. Bu zaman onu da döyüblər. Əslində, Iradə Məmmədova da zərərçəkən kimi tanınmalı idi”.