ilham-zaqatala-zelzele

“Fövqəlnazir”ə qarşı şok ittiham

ilham-zaqatala-zelzele«Fəlakət bölgəsinə ayrılan vəsaitlərin 1/3-i korrupsiyanın qurbanına çevrilib»

Oqtay Gülalıyev: “Bu vəsaitlərin xərclənmə səlahiyyətləri birbaşa FHN-dədir, onun hər hansı rayon icra hakimiyyətlərində ilişib qalması inandırıcı deyil”

2010-cu ilin yazındakı Kür-Araz daşqınlarının təsirinə məruz qalmış, problemləri bu günə qədər həll olunmayan Sabirabad, Saatlı, Imişli, Salyan sakinləri imzatoplama kampaniyasına başlayıblar. Dövlət qayğısından kənarda qaldıqlarını, üzləşdikləri ayrı-seçkilik və korrupsiya ucbatından problemlərin həll olunmadığını bildirən sakinlər dövlət başçısından kömək istəyirlər.

Sonuncu dəfə 29 mart 2012-ci ildə Kür-Araz daşqınlarının törətdiyi problemlərin həlli istiqamətində işlərin davam etdirilməsi üçün 50 milyon manat vəsait ayrıldığını qabardan bəyanat müəllifləri bu vəsaitin hara və necə xərcləndiyini dövlət başçısından soruşurlar. Mövzu ilə bağlı suallarımızı “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyeva ünvanladıq:

– Oqtay bəy, vəsaitlərin ünvanına çatmaması icra hakimiyyətlərinin günahıdır, yoxsa bu konkret olaraq Fövqəladə Hallar Nazirliyi ilə bağlıdır?
– Vətəndaşlar dövlət başçısına belə bir müraciətin səbəbini onun bu rayonlara səfəri zamanı şikayətçilərlə görüşməsinə imkan verilməməsi ilə izah edirlər. Onlar bildirirlər ki, sonuncu dəfə Kür daşqınları ilə bağlı 50 milyon vəsait ayrılsa da, o, vətəndaşlara çatmayıb. Bu vəsaitlərin zərərçəkmişlərə çatmaması bizi də narahat edir. Biz də bu sərəncam verildikdən sonra bu vəsaitlərin xərclənməsində şəffaflığın təmin edilməsi üçün prosesdə vətəndaş cəmiyyəti institutlarının iştirakına şərait yaradılmasını istədik. Amma təəssüflər olsun ki, həmin təklifdən bir həftə sonra mən həbs olundum. Bu məktuba verilən yeganə cavab mənim həbsim oldu. Bu vəsaitin xərclənməsi ilə bağlı bizə rəsmi cavab yoxdur. Amma apardığımız araşdırmalara görə, həmin pulların bir hissəsi ötən müddət ərzində – iyul, avqust və noyabr aylarında zərərçəkmişlərə bərpa-gücləndirmə adı ilə verilib. Təbii ki, bu həmin 50 milyonu ehtiva etmir. Bu vəsaitlərin xərclənmə səlahiyyətləri birbaşa FHN-dədir. Bu vəsaitlərin hər hansı rayon icra hakimiyyətlərində ilişib qalması inandırıcı deyil. Kiçik məbləğlərlə bağlı belə hal yaşana bilər.

Evlərin tikilməsi şişirdilmiş bazar qiymətləri ilə aparılır

– Sizcə, ayrılan vəsaitin hansı faizi korrupsiyaya uğrayıb?
– Kür daşqınları zamanı ayrılan vəsaitin monitorinqi bu istiqamətdə tam aparılmadı. Amma Zaqataladakı hadisəyə görə ayrılan vəsaitlə bağlı bu istiqamətdə araşdırma aparılır. Hesablamalarımıza görə, ən yaxşı halda bu vəsaitlərin 1/3-i korrupsiyanın qurbanına çevrilib. Ən çox da bu vəsaitlərin xərclənməsində mənimsəmə evlərin tikilməsi zamanı müşahidə olunur. Çünki evlərin tikilməsi şişirdilmiş bazar qiymətləri ilə aparılır.

– Fövqəladə hallar naziri Zaqatalaya səfəri zamanı bildirdi ki, dekabrın sonuna qədər zərərçəkmişlərin problemləri tam həll olunacaq və onların evləri istifadəyə veriləcək. Sizcə, bir ay müddətində genişmiqyaslı işin öhdəsindən gəlmək olarmı?
– Çox nikbin bir açıqlamadır. Biz də arzulayardıq ki, ordakı evlərin tikintisi dekabrın sonlarına yekunlaşsın. Amma hesab edirəm ki, bu məsələnin reallaşması mümkün deyil. Bəlkə bu müddətə hansısa evlər istifadəyə verilə bilər. Əgər söhbət 3500 evdən gedirsə, bu, praktik olaraq mümkün deyil. Zaqatalada bəzi evlərin tikintisinə yeni başlanılıb. Yeni başlanan ev necə tikilib istifadəyə verilə bilər? Başqa tərəfdən, bu evlərin daxili təmiri də aparılmalıdır. Bu isə qısa müddətə mümkün deyil.

Yenə də təzyiqlərlə üzləşirəm

– Zərərçəkmişlər üçün tikilən evlər ayrılan vəsaitə adekvatdırmı?
– Burada incə bir məqam var. “Kür” Vətəndaş Cəmiyyəti olaraq məsələlərə həmişə adekvat yanaşmağın tərəfdarı olmuşuq. Açığı deyim ki, Zaqatalada tikilən evləri sahə, ölçü və mərtəbə baxımından Sabirabadla müqayisədə bir addım öndə saymaq olar. Sabirabadda hansı ölçüdə olmasından asılı olmayaraq ən yaxşı halda 80-90 kvadratlıq ev tikilirdi. Amma Zaqatalada tikilən evlər sakinlərin əvvəlki evlərinə uyğundur. Bəzi yerlərdə hətta iki mərtəbə tikilir. Bu, müsbət haldır. Amma burada rəqəmlər kifayət qədər şişirdilmiş rəqəmlərdir.

– Oqtay bəy, Kür daşqınları ilə bağlı araşdırmalarınızdan sonra sizi həbs etdilər. Hazırda apardığınız araşdırmalara görə təzyiqlərlə üzləşirsinizmi?
– Mənim qanunsuz həbsimə rəhbərlik edən Sabirabad Rayon Polis Idarəsinin rəis müavini Rauf Məcidov daxili işlər nazirinin sərəncamı ilə Tərtər rayonuna polis rəisi təyin olunub. Hesab edirəm ki, nazir və Rauf Məcidov bu qanunsuz hərəkətlərə görə qanun və Tanrı qarşısında qarşısında vaxt gələcək cavab verəcəklər. Rauf Məcidov yalnız mənə qarşı deyil, eyni zamanda Ilham Əmiraslanov və başqalarına qarşı da aparılan qanunsuz həbsin, verilən işgəncələrin başında dayanan şəxsdir. Mən həbsdən çəkinən deyiləm. Bu faktları açıqlayırıq və mübarizəmizi davam etdiririk. Təbii ki, mənə yaxın ətrafım, dostlarım məlumat verirlər ki, çox dərinə getmə. Amma haqqı demək niyə təhlükəli olmalıdır. Mən həqiqəti deyirəm. Kimsə buna şübhə edirsə, durub onun əksini sübut eləsin. Peyğəmbərimizin gözəl bil kəlamı var. Nahaqqı deyənlər yalanı danışmaqdan yorulmadığı halda, haqqı deyənlər haqqı müdafiə etməkdən niyə yorulmalıdır. Qoy onlar dövlət büdcəsinin xərclənməsi ilə bağlı hesabat versinlər. Dəfələrlə daxili işlər nazirinə müraciət etdim və bildirdim ki, həbsimlə bağlı məsələləri onunla müzakirə etmək istəyirəm. Amma o, görüşdən qaçdı və sonda Rauf Məcidovu bu vəzifə ilə mükafatlandırıb. Hətta məndə olan məlumata görə, Ilham Əmiraslanova qarşı zorakılığa yol verən şəxs də DIN-də başqa bir vəzifəyə təyin olunub. Belə çıxır ki, Azərbaycan insanına düşmən kəsilənlər DIN-ə yüksək vəzifəyə təyin olunurlar. Yəni Hacı Məmmədov həbs olunsa da, onun fəaliyyəti davam etdirilir. Nazir bunlara cavab verməlidir. O, Azərbaycan Respublikasının daxili işlər naziridir. Banditlərin, oğruların daxili işlər naziri deyil. Mən heç nədən çəkinmirəm. Onu da deyim ki, hələ də polis nəzarəti altındayam.

Xəyal