Elşad Abdullayev Fransadan yaydığı videolarla həm də siyasi yumorda olan boşluqları doldurmaqda davam edir. Bununla elə professor özü də incə yumor hissi olduğunu uğurla sübut etməkdədir. Bu onun video öncəsi və sonrası açıqlamalarında özünü qabarıq göstərir. “Azadlıq” qəzetinə göndərdiyi 3-cü videoya ənənəvi əlavəsi buna parlaq sübutdur. Elşad müəllim həmin müraciətində israrla hakimiyyətə “sübut etməyə” çalışır ki, ağlınıza “başqa şey” gəlməsin, məqsədim sadəcə istintaqın gedişinə kömək etməkdir. Və “əmin olduğunu” bildirir ki, göndərdiyi video bu mənada əvəzedilməz materialdır, işə yaraya bilər…
Rejimin mahiyyətinə əlinin içi kimi bələd olasan, göndərdiyin videoların ölkədə hansı effekti verəcəyini əvvəlcədən biləsən, bununla kifayətlənməyib, məktubunda onların ədalətinə “ümid etdiyini” vurğulayasan. Yəni professor dolayı yolla, DIN şefi Ramil Usubov və onun müavini Vilayət Eyvazov da daxil olmaqla, bir qrup generalın məsuliyyətə cəlb edilib, dindirilməsini istəyir. Elşad Abdullayev bunun mümkün olmadığını gözəl anlayır, onda sual oluna bilər ki, niyə özünə əziyyət verib o məktubu yazıb? Cavab çox sadədir, professor özünəməxsus şəkildə revanş götürür, özü də buna çox güclü yumor qabiliyyətini işə salmaqla nail olur…
Gülər Əhmədova ilə lentə aldığı 1-ci videonu bir çoxlarınız yəqin, əzbərdən bilirsiniz. O videoya yazdığı müqəddimədə professor israrla vurğulayırdı ki, məqsədim(!) qardaşım Mahir Abdullayevin oğurlanması faktını araşdıran istintaq qrupuna “yardım” etməkdir. Nəticədə(!) bütün ölkə parlamentdə deputat kreslolarının neçəyə satıldığı haqda həqiqəti YAP-ın üçqat deputatı, “2012-ci ilin ən fəal deputatı” Qran-Prisini almış Gülər Əhmədovanın dilindən eşitdi. Bütün bunlar azmış kimi, videoya ictimai baxışdan sonra, professor təmkinini pozmadan(!), iqtidara və hüquq-mühafizə orqanlarına “səslənərək” Gülərin itkin qardaşı haqqında dediyi sözlərə diqqət etməyi “xahiş” edirdi. Siyasi yumor prizmasından baxsaq, bunu möhtəşəm bir monoloqun finalı adlandıra bilərik.
Hazırda ölkədə 3-cü videonun, yəni “ağsaqqal”(!) ayamalı, rejimin aldığı nəfəsdən də xəbəri olan hacı-hakimin etirafları ilə tanış olmaqdayıq. Ənənəvi videosonrası açıqlamanın da video qədər maraqlı olacağı şəksizdir.
Əminəm ki, bu dəfə də professor yenə də təmkinini pozmayaraq,rejimi çökdürə biləcək “materialın” hüquq-mühafizə orqanlarının “işinə yarayacağına” ümid bəslədiyini söyləyəcək və arsenalındakı “istintaqa” yardım edə biləcək(!) başqa görüntülərdən bəhs edəcək…
DIN isə məlum videoya, rəsmi sözçüsü Sadiq Gözəlov “səviyyəsində” reaksiya verə “bilib”. Sitat: “Ramil Usubovu da, Vilayət Eyvazovu da möhtərəm prezidentimiz də, xalqımız da yaxşı tanıyır. Kimlər hansı oyunları oynayırlarsa oynasın, axırı öz başlarında çatlayacaq”.
Sitatın birinci cümləsində polkovnik, prezident kəlməsini xalqdan önə “keçirib” və elə həmin cümlənin əzəmətini artırmaq üçün ora 4 ədəd “da, də” ədatı əlavə edib…
Mövzumuz yumor olduğundan Sadiq müəllimə illər öncə bir polis bölməsində başıma gələn “gözəl” bir əhvalatı danışacam…
…2005-ci ilin yazında “Azadlıq” blokunun mitinqində məni də bir qrup nümayişçi ilə polis bölməsinə gətirdilər. Bir neçə saat saxladıqdan sonra izahat üçün rəisin otağına apardılar. Profilaktik söhbətin “şirin” yerində bir xanım söyə-söyə içəriyə girdi. Arxam qapıya idi və bu xırıltılı, kobud səsin sahibinə biganə idim.
Qadın salam vermədən rəisə saldırırdı. Söhbətdən məlum oldu ki, bu qadın ərazidə yerləşən əxlaqsızlıq yuvasının sahibəsidir və polis zabitləri də onun sərəncamında olan qadınların xidmətlərindən istifadə edirmişlər. Həmin gün isə iki polis işçisi sərxoş halda onun məkanında olub və qadından mümkün olmayan (etik normalara görə yaza bilmirəm – X.Ə.) şeylər tələb ediblər. Geri dönüb arxamda dayanan və rəisi adı ilə çağıran bu qadına baxdım… Qadındakı gözəlliyə heyrət etməmək mümkün deyildi…
Müqayisə üçün deyim ki, Fransanın keçmiş prezidenti Sarkozi füsunkar xanımıyla boşanıb, bölməyə gələn bu qadınla evlənsəydi, heç kim onu qınamazdı. Təsəvvür edəndə ki, bu qadın artıq polislərin işinə “yaramır”, inanın, məni dəhşət bürüdü…
Rəis isə sənədlərimi qaytararaq, mənə təcili kabineti, ardınca isə bölmədən getməyi əmr etdi…
Təsəvvür edə bilirsinizmi, Sadiq müəllim, ömrümdə ilk dəfə könülsüz şəkildə bölməni tərk etdim…

Siyasi yumorun “video-insult” zirvəsi
•