Azərbaycanlılar Rusiyadan çıxarılır

Qabil Hüseynli: «Proses hələ ki, Moskvadan başlanıb»

Rusiya-Azərbaycan münasibətlərinin gərginləşdiyi bir vaxtda Moskvada yaşayan azərbaycanlıların bu şəhərdən çıxarılacağı haqqında məlumatlar yayılmağa başlayıb.
Qeyd edək ki, Moskvada 2 milyondan çox azərbaycanlı yaşayır. Onların da əksəriyyəti Rusiya vətəndaşlığı olan azərbaycanlılardır. Moskvada və Rusiyanın digər regionunda yaşayan azərbaycanlıların bu ölkədən çıxarılması bir sıra problemlərə yol açacağı proqnozlaşdırılır.

“Moskvada yaşayan azərbaycanlıların bu şəhərdən çıxarılması həm gözlənilən, həm də gözlənilməyən bir hadisədir” deyən politoloq Qabil Hüseynlinin sözlərinə görə Moskva bu şəhərdə yaşayan azərbaycanlılara qarşı təxribatlar hazırlayır: “Məsələn bu yaxınlarda Rusiyada işləmək üçün rus dilini yüksək səviyyədə bilinməsi və bu dildə imtahan götürülməsi haqqında parlamentdə qərar çıxarılması məhz miqrasiya prosesləri qarşısına xətt çəkilməsi məqsədi daşıyır. Bu qərar əsas da azərbaycanlılara qarşı çevrilib. Indi isə Moskva şəhərinin meri çoxdan çıxardığı ”Moskvada bazarların azaldılması haqqında” qanunu icra eləməyə başlayıb. Üstəlik də küçə ticarətinin yığışdırılması haqqında sərəncam verib. Belə yerlərdə də çalışanların böyük əksəriyyətini azərbaycanlılar təşkil edir. Yəni ki, Moskvadan azərbaycanlıları çıxarmazdan əvvəl onları iş yerlərindən məhrum edirlər. Təbii ki, işi olmayanları da qeydiyyatdan çıxaracaqlar. Qeydiyyatdan çıxardıqdan dərhal sonra Rusiyadan deportasiya edəcəklər. Rusiyada yaşayan azərbaycanlıların bu ölkədən çıxarılması prosesi hələ ki, Moskvadan başlayıb. Moskvadan çıxarılacaq azərbaycanlılar ya üçüncü ölkəyə (Ukrayna, Moldova, Belorusiya), ya Rusiyanın daxili regionlarına və Azərbaycana qayıdacaqlar. Bunun üçün də böyük vəsait lazımdır. Moskva azərbaycanlılarının da bu qədər vəsaiti yoxdur. Rusiyada yaşayan azərbaycanlıların Rusiyadan çıxarılması rus hakimiyyətininin ana xəttidir(Olaylar).