Talıbov interneti təhlükə sayır

Naxçıvanda 21 min nəfərə bir internet-klub düşür

Naxçıvandan mütəmadi gələn məlumatlar Muxtar Respublikada virtual blokadanın yaradıldığından xəbər verir. Bu qəbildən olan son məlumatlarda Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun yeni metod tətbiq etdiyi bildirilir. Məlumata görə, internet-klub işlədənlər müştərilərin azlığından, şagirdlər bu internet-klublara rahat gələ bilmədiklərindən, ümumilikdə internet istifadəçiləri isə surətin azlığından və qiymətlərin bahalığından gileylənirlər.

“civil-forum.az”ın apardığı araşdırmanın nəticələri göstərib ki, internet klublara gələnlər əsasən məktəb şagirdləri və tələbələrdir. Sentyabrın 15-dən sonra qoyulan yeni qaydalar onların vəziyyətini daha da ağırlaşdırıb. Səhər saat 8.00-dan 14.00-a qədər və axşam saat 21.00-dan sonra məktəblilərin internet-klublara buraxılmasına qadağa qoyulub. Göstərilən zaman ərzində məktəblilər internet-klublarda yaxalanarsa, həmin internet-klublar cərimələnə bilər.
Naxçıvan Internet Mərkəzin müdiri Vüqar Bayramov məsələ ilə əlaqədar sualları cavablandırmaqdan imtina edib: “Bizdə mətbuat xidməti yoxdur. Muxtar Respublika Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinə müraciət edin. Biz onlara tabeyik”.

Muxtar Respublika Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən isə  nazirliyin icra aparatı ilə məsləhətləşdikdən sonra cavab veriləcəyi bildirilsə də, sonradan sualları cavablandırmaqdan imtina edilib.
“Internet klublar bizə tabe olmadığı üçün onlar haqqında heç nə deyə bilmərik. Qalan suallarınızın cavabını Naxçıvan Internet Mərkəzdən və ya Nazirliyin internet səhifəsindən öyrənə bilərsiniz”, – deyə bildirilib.

Statistik məlumatlara görə, 220 min əhalisi olduğu göstərilən Naxçıvan Muxtar Respublikasında 20 internet-klub fəaliyyət göstərir. Bu isə əhalinin sayına böləndə 21 min nəfərə bir internet-klub deməkdir. Bunlardan 16-sı Naxçıvan şəhərində, 4-ü isə Muxtar Respublikanın rayon mərkəzlərindədir. 26 mindən artıq əhalisi olan Şahbuz rayonunda və 14 minə yaxın əhalisi olan Sədərək rayonunda internet-klub olsa da, fəaliyyətsizdir. 20 minə yaxın əhalisi olan Kəngərli rayonunda internet-klub ümumiyyətlə yoxdur.

Sosial şöbə