Nazirin əleyhdarları general Zakir Nəsirovu danışdırmaq istəyir
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin yaydığı son video daxili işlər naziri Ramil Usubovun hakimiyyətdəki əleyhdarlarını hərəkətə gətirib. Həmin videoda Elşad Abdullayevlə Nərimanov Rayon Məhkəməsinin sabiq sədri, hazırda Ağır Cinayətlərə Dair Məhkəmədə hakim işləyən Ağababa Babayevin söhbəti əks olunub. 2007-ci ilin iyununa təsadüf edən bu söhbətdə Ağababa Babayev Mahir Abdullayevin 3 ildən artıqdır ki, DIN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsində saxlanıldığını iddia edir.
Hakim həmçinin qeyd edir ki, Mahir Abdullayevin barəsində sanksiya verilməsi üçün DIN rəhbərliyi tərəfindən ona müraciət olunsa da, bundan imtina edib. Daxili işlər naziri Ramil Usubovun və müavini, vaxtilə BMCQMI-nin rəisi vəzifəsində çalışmış Vilayət Eyvazovun adı çəkilən söhbət zamanı Ağababa Babayev Elşad Abdullayevə söz verir ki, qardaşının azad olunması üçün ona kömək edəcək və DIN rəhbərliyilə danışıqlar aparacaq.
Ramil Usubovun əleyhdarları hesab edir ki, daxili işlər nazirini sıradan çıxarmaq üçün münbit şərait yetişib. Onların bu məsələdə “Hacı Məmmədov olayı”na görə həbs edilərək ömürlük azadlıqdan məhrum olunan DIN-in Cinayət-Axtarış Idarəsinin sabiq rəisi general Zakir Nəsirovun da köməyindən yararlanmağa çalışdıqları deyilir. Zakir Nəsirov hələ məhkəmə zamanı çox şey bildiyini və vaxtı çatanda danışacağını bəyan eləmişdi. Bundan əlavə keçmiş idarə rəisinin vəkili Adil Ismayılov da hələ bir neçə il əvvəl “Azadlıq” qəzetinə müsahibəsində generalın nə zamansa bildiklərini danışacağını söyləmişdi. Ramil Usubovun əleyhdarları hesab edir ki, artıq həmin məqam yetişib. Onlar Zakir Nəsirova mesaj göndəriblər ki, bildiklərini açıqlamaqla həm həbsdən qurtular, həm də dövlət qarşısında mühüm xidmət göstərmiş olar. Zakir Nəsirovun cavabının nədən ibarət olduğu bəlli deyil. Lakin generalı yaxından tanıyan şəxslər bildirir ki, o, indiki mərhələdə danışa bilər.
Namiq