“Səsiniz nə vaxt çıxacaq?”

Ərdoğan Ərəb Liqasına hiddətləndi

Misirin paytaxtı Qahirədə səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatının siyasi qolunun rəhbəri Xalid Maşaalla görüşüb. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun və daha bir neçə rəsmi şəxsin iştirakı ilə keçən görüşdə Yaxın Şərqdə vəziyyət, İsrailin Qəzza zolağına aviazərbələri müzakirə edilib. Türkiyənin baş nazirinin Qəzza xalqına dəstək nümayiş etdirdiyi bildirilir.

Ərdoğan Qahirədə Ərəb Ölkələri Liqasının baş katibi Nabil əl-Ərəbi ilə də görüşüb. Türkiyə-Misir Biznes Forumundan sonra mətbuata qapalı keçirilən görüşdə Ərdoğan və əl-Ərəbinin İsrailin Qəzza zolağına aviazərbələrinin müzakirə edildiyi bildirilir.

Türkiyə-Misir Biznes Forumundakı çıxışında isə Ərdoğan İsrailin aviazərbələri ilə əlaqədar Ərəb Ölkələri Liqasının işini tənqid atəşinə tutub. “Sizin səsiniz nə vaxt çıxacaq? Soruşuram, nə vaxt?.. Oturub yemək yeyəcəyik, söhbət edəcəyik və dağılışacağıq. Bunun nə mənası var?..» – deyə, Ərdoğan bildirib.