Hakimiyyət Kremllə açıq qarşıdurma yolunu tutdu; Moskva separatizmlə hədələndi
Rusiya Azərbaycan Ittifaqları Təşkilatı yaradılandan sonra rəsmi Bakı ilə Kremlin münasibətlərindəki gərginlik artıq pik həddə çatıb. Bir neçə gün əvvəl Rusiyanın Azərbaycandakı səfirinin şimal bölgəsinə səfər etməsi, separatçı “Sadval” təşkilatının nümayəndələri ilə görüşlər keçirməsindən sonra Bakı da Kremlə açıq şəkildə qarşılıq verməyi qərara alıb. Hakimiyyətin nəzarətində olan KIV-lərdə anti-Rusiya çıxışları bunun ilk görsənişləri sayıla bilər.
Iqtidarın nəzarətində olan qəzetlərin dünənki sayında dərc edilən analitik yazıların, müsahibələrin, rəylərin Prezident Administrasiyasının tezisləri əsasında hazırlandığı şübhə doğurmur. Yazılardakı ana xətt Rusiyanın ölkəmizə qarşı separatizm kartını işə salması, müxtəlif qüvvələri, xüsusilə milyarderləri rəsmi Bakıya qarşı qaldırması və bütün bunların kökündə Kremlin imperialist maraqlarının dayanmasından ibarətdir. Analitik yazılardan birinə diqqət edək: “Son bir ildə vəziyyətin əvvəlki dövrlə müqayisə olunmaz dərəcədə dəyişdiyi, iki ölkə münasibətlərindəki soyuqlaşmanın gərginləşmə ilə əvəz olunduğu müşahidə edilir. Rusiyanın köhnə imperialist meyllərini yenidən xatırlaması, ”aqressiv Rusiya” obrazının canlanması açıq-aşkar görünür…
…Moskvada “Prezident hotel”də “Rusiya və Azərbaycanda yaşayan ləzgi, avar xalqlarının problemləri və onların həlli yolları” adlı I beynəlxalq konfrans keçirilir, etnik qrupların ölkəmizdə guya assimilyasiyaya məruz qaldığı iddia edilir, Azərbaycana qarşı separatçılıq fəaliyyəti rəsmən stimullaşdırılır, “Talış Muğan Respublikası”nın ideoloqlarından Fəxrəddin Əboşzadə “Sadval”ın təsis toplantısına və Moskvada separatçıların toplantılarına dəvət olunur. Və bu tədbirlər Rusiya Prezident Administrasiyası, Xarici Işlər Nazirliyi, Federal Miqrasiya Xidməti və Federal Sərhəd Xidmətinin nümayəndələrinin iştirakı ilə keçirilir. Rusiyanın Azərbaycana qarşı separatçılıq fəaliyyətini dövlət səviyyəsində dəstəkləməsinə dair digər fakt Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin ölkəmizin şimal-şərq bölgəsinə son səfəridir.
Azərbaycan əsilli bir qrup oliqarxın günün birində Rusiya Azərbaycan Təşkilatları Ittifaqı təsis etməsi də Rusiyanın “tədbirli davranışının” nəticəsinə daha çox oxşayır”(APA-“RATI – Xodorkovskinin taleyini yaşamaq istəməyən dostlar klubu”).
Göründüyü kimi Rusiya açıq və birmənalı şəkildə Azərbaycanda qarışıqlıq yaratmaq cəhdində ittiham edilir. Indiyə qədər hakimiyyətin nəzarətində olan KIV-lərdə Rusiyanın ünvanına belə kəskin ittihamlar səsləndirilməyib. Deməli, vəziyyət, açıq konfrantasiyaya getmək məcburiyyətində qalmaq qədər ağırdır. Bakı geri çəkilməyi intihara bərabər addım sayır və tam gücü ilə Rusiyanın üzərinə yeriyir. Hətta Rusiyanı hədələməkdən də çəkinmir. Məsələn, başqa bir iqtidaryönlü qəzetdə(“Olaylar”) Rusiyanın özü separatçılıqla təhdid edilir. Qəzetin dünənki sayında “Rusiya odla oynayır” sərlövhəli yazıdakı bir abzasa diqqət edək: “Azərbaycanda ”Sadval” zehniyyətini gücləndirən Rusiya nəzərə almalıdır ki, sabah Dağıstanın müstəqilliyi məsələsi gündəmə gələ bilər. Rusiyada muxtar qurumların əksəriyyəti müsəlman mənşəlidir. Sabah onların azadlıq hərəkatı bütün Islam dünyası tərəfindən dəstək alacaq”.
Eyni hədəni hökumətyönlü deputat Zahid Oruc da səsləndirib. O, “Şərq” qəzetinə müsahibəsində deyib: “Indi Kremlin etnik ”kart”dan yararlanmaq cəhdi, onun özünün əleyhinə çevrilə bilər. Çünki bizim çeçen xalqının, münaqişədən əziyyət çəkən çeçen millətinin böyük bir hissəsinə sığınacaq vermək imkanımız var. O cümlədən Tatarıstanda, Inquşetiyada milli azadlıq meyilləri güclüdür. Yəni Azərbaycan bu məsələdə Rusiyaya savaş açmaq istəmir, belə bir niyyəti də yoxdur. Amma Azərbaycanın sərhədlərini azacıq yumşaltması yetər ki, bura antirusiya dairələrinin üz tutduğu ünvana çevrilsin. Bunu Kreml rəhbərliyi çox yaxşı dərk edir”.
Rusiya ilə Azərbaycan arasındakı bu qarşıdurmanın hansı sonluqla nəticələncəyini indidən demək çətindir. Lakin nəzərə alsaq ki, YAP iqtidarı üçün milli maraqlar yox, hakimiyyət maraqları daha önəmlidir, onda istənilən halda bu qarşıdurmadan Azərbaycan dövlətinin, xalqının ziyan çəkəcəyini söyləmək olar.
Namiq Cəfərli