Təzəxan Mirələmli necə oğurlanıb?

AXCP Cəlilabad şöbəsinin sədri Təzəxan Mirələmli oğurlanmasl ilə bağlı “Azadlıq” radiosuna bunları deyib:
 
«Noyabrın 17-də mitinqə getməyə hazırlaşırdım. Evimin yanından, Şəhər 5 saylı xəstəxananın qarşısındakı dayanacaqdan avtobusla Füzuli meydanına getməyə hazırlaşırdım. Saaat 14:30-da iki nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini təqdim etmədən məni sarı nömrə nişanı olan qara «Tofaş» markalı maşına oturtdular. Arada imkan tapıb partiya rəhbərliyinə mülki geyimlilər tərəfindən saxlanıldığım barədə ismarıc yazdım. Əsəbləşib telefonumu aldılar, özümün də gözlərimi bağladılar. Yolda maşını dəyişdilər. Hiss etdim ki, şəhərdən çıxmışıq. Bir xeyli getdikdən sonra maşın dayandı. Haranınsa qapıları açıldı. Maşını içəri sürdülər. Hiss elədim ki, Novxanı, Bilgəh tərəfdi. Çünki dənizin səsi o tərəflərdəki, kimi gəlirdi. Kiminsə villası idi yəqin ki. Gözlərimi açıb məni bir otağa saldılar. Qapını da çöldən bağladılar».
 
Təzəxan Mirələmli deyir ki, orada olduğu müddətdə tanımadığı başqa bir adam iki dəfə onunla profilaktik söhbət aparıb. Mitinqlərlə heç nəyə nail ola bilməyəcəklərini deyib, söyüb, təhqir edib. Səhərə yaxın yenidən gözlərini bağlayaraq şəhərə gətiriblər. Ayna Sultanovanın heykəlinin yanında buraxıldığı üçün, ora gəldiyi istiqamətdən müəyyən edib ki, onu Novxanıya aparıblarmış. Təzəxan Mirələmli saat 7-də evinə gəlib çıxıb.      

***

Noyabrın 17-i günorta saatlarında oğurlanan AXCP funksioneri Təzəxan Mirələmli noyabrın 18-i səhər saat 6 radələrində sərbəst buraxılıb.

***

17.11.2012

AXCP Cəlilabad şöbəsinin sədri Təzəxan Mirələmlini naməlum şəxslər saxlayıblar. Bu barədə “Azadlıq”a T.Mirələmlinin özü məlumat ötürüb. Məlumatda deyilir ki, tanımadığı 2 nəfər onu Bakının “Beşmərtəbə” adlanan ərazisində avtobus dayanacağında saxlayaraq zorla qara rəngli “Tofaş” markalı avtomobilə mindirib naməlum istiqamətə aparırlar.

Hadisə Fəvvarələr Meydanında saat 15:00-da başlayan aksiyadan təxminən 1 saat qabaq baş verib. Buna görə də, T.Mirələmlinin aksiyada iştirakına mane olmaq üçün “götürüldüyü” ehtimalı güclü olub. Lakin aksiya bitəndən, hətta aksiyada həbs edilənlərin taleyinə aydınlıq gələndən sonra da T.Mirələmlidən xəbər çıxmayıb. Onun taleyindən 17 noyabr gününün sonuna qədər məlumat almaq mümkün olmayıb. Nə təmsil olunduğu AXCP-də, nə də ailəsi və yaxınlarında onun harada olduğunu bilirlər.

AXCP rəhbərliyi T.Mirələmlinin dövlət aparatının nəzarət etdiyi hansısa qrup tərəfindən oğurlandığını iddia edir və bbundan narahatlığını bildirir. Bu barədə partiya sədri Əli Kərimli də twitter səhifəsində qeyd yazıb: “Təzəxan bəyi mitinq öncəsi oğurlayıblar, narahatıq. Təsəllimiz odur ki, ölkədə adam oğurluğu da manapoliyadadır.Kimdən tələb edəcəyimizi bilirik”.