«Rəis müavini dedi ki, nə qədər ki, ərizəbazlıq edirsən, uşağının vəziyyəti yaxşı olmayacaq»
AXCP Cəlilabad şöbəsinin sədri Təzəxan Mirələmli yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində saxlanılan oğlu Vasif Mirələmli ilə görüşüb. T.Mirələmlinin sözlərinə görə, müəssisə rəhbərliyinin Vasifə qarşı münasibəti pisdir: “Vasifin avqustun 22-də döyülməsi və ayaqlarının şişməsi ilə bağlı Penitensiar Xidmətə müraciət etmişdim.
Penitensiar Xidmətin əməkdaşı təhqiqat apardı. Məndən də izahat aldı. Ona həm Vasifin Şüvalandan köçürülən zaman məruz qaldığı işgəncələr, həm də ondan əvvəl baş verənlər barədə danışdım. Söz verdi ki, araşdıracaqlar. Gedib rəisin otağında Vasiflə görüşüb bir-iki kəlmə soruşub. Ondan sonra Penitensiar Xidmətin rəis müavini Mahir Musayevin imzasıyla mənə məktub gəldi ki, Vasifə qarşı hər hansı zorakılıq faktı aşkarlanmayıb, təhqiqat dayandırılıb. Mən də bununla bağlı müəssisənin yerləşdiyi əraziyə məsul olan Xətai Məhkəməsinə müraciət etdim. Noyabrın 11-də Vasiflə bir yerdə iddia ərizəsini tərtib etdik. Mən gedəndən bir gün sonra rəis Vasifi çağırıb hədə-qorxu gəlib. Məcbur edib ki, Vasif düzgün yazılmadığını əsas göstərib iddia ərizəsini geri götürsün. Halbuki bunu müəyyən etmək məhkəmənin səlahiyyətidir”.
T.Mirələmli təzyiqlərin bununla məhdudlaşmadığını deyir: “Öyrəndim ki, içəridə Vasifə təzyiq edirlər. Orada olan azyaşlıları Vasifə qarşı yönəldirlər. Deyirlər ki, bunun atası şikayət etdiyi üçün sizin rejimi sərtləşdiririk. Rəis müavini isə dedi ki, nə qədər ki, ərizəbazlıq edirsən, uşağının vəziyyəti yaxşı olmayacaq. Dedim ki, niyə hədə-qorxu gəlirsiz, övladım girovluqda deyil ki. Bu gün növbəti dəfə bütün bu baş verənlər barədə Penitensiar Xidmətə yazılı müraciət ünvanladım”.


