Dünya yaranandan belədir, heç kim ömrünün sonuna kim pis, yaramaz, ədalətsiz ola bilmir. Hansısa mərhələdə keçilmiş yol və o yola baxmaq yada düşür, onda hər şey film kimi gözlər önündən gəlib keçir. Baxırsan, düşünürsən, ömrünün necə keçməsini qiymətləndirirsən. Axı özündən yaxşı sənə kimsə qiymət verə bilməz. Ömür yolunu necə keçdiyin, onun kimsəyə görünməyən, sirli qalan qaranlıqları yalnız sənə bəllidir. Kim ki, o yolu saf-çürük etmək məqamına yetişir, bax, onda ən ədalətli hakim olur (Azərbaycanın məhkəmə hakimləri ilə qarışdırmamaq acizanə surətdə xahiş olunur).
“Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsi siyasi partiyada üzvlüyə məcbur edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini müzakirə edib. Qanun layihəsində təklif olunan həmin maddədə siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur etməyə görə bu cəzalar nəzərdə tutulur: 1000 manatdan 3000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə”. Bu informasiyanı oxuyandan tarixi ədalətin nə vaxtsa bərpa olunacağına zərrə qədər şübhəm qalmadı. Etiraf edim ki, uzun illər “tarixi ədalət” sözlərini kiminsə uydurması saymışam, bu ölkədə gördüyüm saysız ədalətsizliklər səbəbindən onun nə vaxtsa yerini tutacağına inanmamışam. Gördüklərimdən gözüm qorxduğu üçün. Zaman yetişir, görünür, dünya həqiqətən dəyişib…
Təklif olunan qanun layihəsinin müzakirə edildiyi Milli Məclisdəki bu komitəyə Əli Hüseynli rəhbərlik edir. Indiyə qədər onun rəhbərliyi altında parlamentdə saysız qanunsuz qanunlar qəbul edilib və bu adam da kompleksiz-filansız, heç bir xəcalət hissi keçirmədən, hətta yanaqları allanmadan həmin qanunların ədalətli olmasından danışıb (elə bunun nəticəsidir ki, bu Milli Məclisi kimi hərəmxana, kimi zoopark, kimi də zoosirk adlandırır). Ancaq… Yuxarıda dediyim insan həyatındakı o an Əli Hüseynli üçün də yetişib. Onun rəhbərlik etdiyi komitədə nəhayət ki, çoxdan gözlənilən qanun layihəsi müzakirəyə çıxarılıb. Güman ki, bundan əvvəlki qanunlar kimi bu da müzakirəsiz, yekdilliklə qəbul olunacaq. Ondan sonra gözəl günlər başlanacaq.
Bu qanun Milli Məclisdən və dövlət başçısının imzasından keçdikdən sonra YAP-da həbslərin biri bir qəpiyə olacaq. Hesab verməyin zamanı gəlir. Neçə illərdir bütün büdcə təşkilatlarında çalışanları zorla YAP-a üzv edirdilər. Kimsənin həddi nəydi ki, Əli Əhmədovdan üzü aşağı gələn, icrası müxtəlif səviyyəli rəhbərlərə həvalə olunan bu tələbə əməl etməsin. Statistika, “ən böyük partiya” adı üçün burada bütün vasitələr keçərliydi. Seçim imkanı… yox, buna seçim demək olmaz, ya iş, ya da işsizlik, aclıq, məhrumiyyət… insanlıqdan olan seçim demək deyil. Adamlar istəmədən, hətta o partiyaya nifrət edə-edə onun biletini daşımaq məcburiyyətində qalırdılar. Artıq buna son verildi. Əli Hüseynli tarixi addım atıb, bəlkə də bu, bütün olub-keçənləri bağışlayan bir addımdır. Deyilənə görə, daha türmələrdə də vəziyyət düzəlib, Avropa standartlarından danışırlar. Görünür, nə vaxtsa belə bir günün gəlib çatmasının fərqindəymişlər.ÿ
Düzdür, qanunda pul cəriməsi də nəzərdə tutulub. Ancaq pula susamış bu “simasız quldurlar partiyası”nın başbilənləri çətin ki, ondan keçsinlər. 2 illik həbs daha yey…
Bu qanunun qəbulunun bir üstün tərəfi var, müxalifət partiyalarında üzvlərin sayı artacaq. Illərlə ürəyində müxaliflik odu gəzdirənlər – büdcə təşkilatlarında çalışıb zorla yapçı olanlar – istəklərinə qovuşacaqlar.ÿ
Tanrı xoş niyyətdə olanların hamısını arzusuna çatdırsın! Amin!
gozetci.az