“Ədəbiyyatşünasların rəhbəri” Xətib Təbrizi

20 yaşlı gəncin qeyri-adi istedadı

Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri XI əsrdə yaşayıb-yaratmış ensiklopedik biliyə malik böyük şəxsiyyət Xətib Təbrizidir.Xətib Təbrizinin fitri istedadı hələ məktəb yaşlarından özünü göstərməyə başlamışdı. O, şərq poetika nəzəriyyəsi ilə maraqlanır, bu mövzuda çoxlu kitablar oxuyurdu. Qeyri-adi zəka sahibi olan 20 yaşlı bu istedadlı oğlanın sualları qarşısında bəzən böyük alimlər də susub qalırdı. Onun xüsusi zəkasını görən müəllimləri məsləhət görür ki, o, Suriyaya məşhur dilçi Əbü-l-Əla Mərrinin yanına getsin. Sonralar şərqin böyük alimlərindən biri olan Xətib Təbrizi haqqında yazan salnaməçilər gənc nəslə nəsihət olaraq göstərirdi ki, mənzil başına çatanda Xətibin xurcunundakı kitablar tər qoxuyurdu.
Onun adı tarixə dahi Azərbaycan alimi, ədəbiyyatşünas, dilçi, şair və şərh ustası kimi düşdü. Ərəb alimləri onu “ədəbiyyat, qrammatika və leksikoqrafiya elmlərinin başçısı”, “bütün ədəbiyyatşünasların rəhbəri” adlandırırdı. Akademik Həmid Araslı isə böyük alimi “XI əsrdə Azərbaycan türklərinin yetirdiyi ən böyük şəxsiyyət” kimi qiymətləndirirdi.
Yəhya bin Əli Xətib Təbrizi 1030-cu ildə Təbriz şəhərində doğulmuşdu. Onun uşaqlıq və yeniyetməlik illəri haqqında məlumat yoxdur. Bütün salnaməçilər Xətibin tərcümeyi-halını onun Suriyadakı Məərə ən-Nüman şəhərinə gəlməsindən sonra təsvir edirlər.
Gənc Xətib bu qədər uzun yolu boşuna gəlməmişdi. Əbü-l-Əla əl-Məərri ərəb ədəbiyyatının ən məşhur simalarından biri, ərəb dilçiliyi və filologiyasının nəhəng bilicisi idi. Xətib Təbrizi onun haqqında deyirdi ki,”ərəblərin dilində Əbü-l-Əlaya məlum olmayan bircə söz də yoxdur”. Bu sözlər ona məxsusdur: “Bəşər cinsi iki qismə bölünür: bir qismində ağıl var, din yoxdur, o biri qismində din var, ağıl yoxdur.” Alimin gözləri kor olsa da, o, fenomenal yaddaş sahibi idi. Xətib Təbrizi onun iri mətnləri yadda saxlamaq bacarığından bəhs edərkən belə bir hekayə danışır: “Nümanda (şəhər adı), Məərrə məscidində mən onun qarşısında oturub, ona (Əbül-Əlaya) kitab oxuyurdum… Mən iki il onun yanında qaldım. Bu müddət ərzində öz vətənimdən heç kəsi görməmişdim. Birdən namaz qılmaq üçün içəri girənlərin arasında bir qonşumu gördüm. Sevincdən halım dəyişdi. Əbül-Əla soruşdu: ”Sənə nə oldu?”. Mən dedim ki, iki ildir öz ölkəmdən heç kimlə rastlaşmamışam. Indi bir qonşumu gördüm. O dedi: “Get bir az onunla söhbət elə”. Mən soruşdum: “Bəlkə dərsimi bitirim, sonra?”. O dedi: “Dur, mən səni gözləyərəm.” Mən ayağa qalxıb, qonşumla görüşdüm, onunla Azərbaycan türkcəsində xeyli söhbət etdim. Sonra yerimə döndüm. Əbüləla soruşdu: “Siz hansı dildə danışırdınız?”. Mən cavab verdim ki, biz Azərbaycan əhalisinin dilində danışırdıq. O dedi: “Mən (bu) dili bilmirəm. Ancaq sizin bütün danışdıqlarınızı təkrar edə bilərəm.” Sonra o, bizim söhbətimizi sözbəsöz təkrar etdi. Qonşum təəccüblə söylədi: “O, anlamadığı şeyləri necə əzbərləyib?”.
“Nizamiyyə” mədrəsəsindəki fəaliyyəti
Yazılı mənbələrdə xəbər verilir ki, Xətib Əbül-Əlanın yanında təhsilini bitirdikdən sonra müxtəlif Şərq ölkələrində dövrün ən məşhur alimlərinin yanında elm öyrənməyə davam edir. Professor M.Mahmudov göstərir ki, səyahətə çıxmazdan əvvəl Xətib bir müddət öz vətəni Təbrizdə yaşayıb. Bu, müəlliminin ölümündən sonra (1057-ci ildə), yaxud bir qədər əvvəl olmalı idi. Bir şey aydındır ki, Xətib Təbrizdə çox qalmır.
Oxumaq həvəsi onu yenə də Suriyaya çəkib aparır. Xətib burada tanınmış ərəb alimləri Əli Rəqqi, Ibn Dahan, Ibn Bürhan və Səlim Razidən ilahiyyat, leksikoqrafiya və poetika dərsləri alır. 1064-cü ildə Xətib Dəməşqə gəlir və burada onun tanınmış tarixçi Xətib Bağdadi (1002-1071) ilə dostluğu başlayır. Bağdadi onun üçün yalnız yaxşı müəllim və səmimi dost deyil, həm də zəngin bir hami olur.
Daha sonra Misirə yola düşən Təbrizi orada saray alimi Tahir ibn Babaşazdan ərəb qrammatikasını öyrənir. 1067-ci il sentyabrın 22-də Şərqin mədəni həyatında əlamətdar bir hadisə baş verir. Bağdadda türk-səlcuq hakimlərinin vəsaiti hesabına məşhur vəzir Nizamülmülkün şərəfinə “Nizamiyyə” adlandırılan və sonralar bütün Şərqdə şöhrət tapan mədrəsə açılır. Burada tarix, ədəbiyyatşünaslıq, dilçilik, astronomiya, riyaziyyat və bir çox başqa dünyəvi elmlər də tədris olunurdu. Buna görə də həmin universitet ən müxtəlif elmlərin inkişafında mühüm rol oynamışdı. Həmin mədrəsəyə dəvət olunan kadrları səlcuq hakimləri özləri seçirdilər. Xətib Təbrizi “Nizamiyyə” mədrəsəsinin açılış günündən ömrünün sonuna qədər, təxminən 40 il burada filologiya tədris edir və mədrəsədəki məşhur kitabxananın təşkilatçısı və rəhbəri olur.
Demək olar ki, həmin dövrdə Bağdadda Şərqin bütün alimləri toplanmışdı. Mədrəsədə zəngin kitabxanadan istifadə etmək hüququ qazanmış Xətib Təbrizi bu mədrəsənin öz əməkdaşlarının və buraya dəvət etdiyi alimlərin iştirakı ilə müzakirə və mühazirələr təşkil edir.
Xətib Təbrizinin yaradıcılığında əsas fəaliyyət sahəsi ədəbiyyatşünaslıq idi. O, bu mövzuya iyirmiyə yaxın risalə həsr etmişdi. Bundan başqa, Xətib Təbrizi Qurana dördcildlik şərhlərin, ədəbi əsərlərin və leksikoqrafiyaya, qrammatikaya, habelə ərəb poetika nəzəriyyəsinə dair bir sıra risalələrin müəllifidir. Məhəmmədəli Tərbiyət onun ərəb ədəbiyatına həsr olunan əsərlərinin əhəmiyyətini qiymətləndirərək, Xətib Təbrizini “ərəb dilinin anası” adlandırır. Professor M.Mahmudov alimin əsərlərini məzmununa görə dörd sahəyə bölür: poetik əsərlərə şərhlər, dilçilik risalələri, ilahiyyata dair tədqiqlər və poetik problemlərə həsr olunanlar.
Alimin ölməz əsərləri
Onun birinci sahəyə aid əsərləri arasında məşhur ərəb şairi Əbu Təmmamın (796-843) “Həmasə” (“Qəhrəmanlıq”) adlı toplusuna şərhi diqqəti daha çox çəkir. Həmin toplunun yaranma tarixi maraqlıdır. Xorasandan Iraqa gələrkən o, Həmədanda öz dostu Əbü-l-Vəfa Salamın yanında düşür. Onun Həmədanda ləngimək fikri olmasa da, güclü qar çovğunları Xətibi bir neçə ay yoldan saxlayır. Vaxtını boş keçirməmək üçün öz güclü yaddaşına və dostunun zəngin kitabxanasına arxalanan Əbu Təmmam Həmasə adı altında ərəb şairlərinin poeziya antologiyasını tərtib edir. Bu topluda ərəb şeirinin mövcud olduğu üç yüz il ərzində yaşayıb-yaratmış altı yüzdən çox şairin əsəri təmsil olunub. Antologiyanın yazılması ilə dillərdə əzbər olması bir olur. Toplu o qədər məşhurlaşır ki, Əbu Təmmamın öz yaradıcılığı bir tərəfdə qalır. Xətib Təbrizi bundan sonra eyni mövzuya daha iki dəfə müraciət edir. Birinci qısa şərhlərdə ayrı-ayrı şeirlərin, ikincisində beytlərin izahı verilmişdisə, sonuncu əsər daha kamil və sanballı idi. Günümüzə yalnız müəllifinə əbədi şöhrət gətirmiş ikinci şərh çatmışdır. Həmin əsər Avropada 1850-ci ildə dörd iri cilddə latınca, 1828, 1873 və 1938-ci illərdə ərəb dilində nəşr olunmuşdur. Çox maraqlıdır ki, hələ Əbül-Əla Məərrinin yanına gedərkən yolda Xətib Mosula dönərək, bir nəfər yerli alimin yanında Əbu Təmmamın kitabının üzünü köçürmüşdü. 1082-1083-cü ildə Xətib Təbrizi ərəb alimləri arasında ilk dəfə öz müəllimi Əbül-Əla Məərrinin “Səqt-əz-zənd” (“Çaxmaq daşının ilk qığılcımları”) əsərinə şərh yazır.
Artıq yaşlı çağlarında o, özünün son əsəri olan “Kitab əl-kafi fi-l əruz və-l-qəvafi” (“Əruz və qafiyə haqqında elmin yekunu”) üzərində işə başlayır. Bu əsər ərəb poetika nəzəriyyəsinə həsr olunur və tezliklə böyük şöhrət qazanır. Avropa alimləri bu kitaba XIX əsrdən etibarən maraq göstərməyə başlayıblar. Müasir dövrdə bir neçə dünya kitabxanasından həmin risalənin onlarla nüsxəsi tapılmış, əsərin tənqidi mətni hazırlanmışdır. Həmin əsəri ilk dəfə tədqiq etmiş Azərbaycan alimi Qaley Allahverdiyev yazır: “Kitab əl-Kafi fi-l-əruz və-l-qəvafi” əsəri ədəbiyyat nəzəriyyəsi, poetika, ritorika və üslubiyyat haqda bütöv bir təlimdir.”
Xətib Təbrizinin əlyazmaları bir çox tanınmış muzey və kitabxanalarda saxlanır. Bunlardan ən qiymətlisi, şairin özü tərəfindən üzü köçürülmüş və Tunis milli kitabxanasında saxlanan şərhin əlyazmasıdır. Həmin şərh şair Müfəzzəl Dabinin “Müfəzzəliyyat” adlı antologiyasına yazılmışdır.
Xətib Təbrizi 1109-cu ilin yanvar ayında vəfat etmişdir. Onun dəfn mərasiminə bütün Bağdad yığışmışdı. Xətib Təbrizini Bağdadın “Bab Abraz” qəbiristanlığında dəfn etmişlər
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir.