
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə telefon söhbətində tərəfləri Qarabağda atəşin dərhal dayandırılmasına çağırıb.
Interfax agentliyinin verdiyi məlumata görə Rusiya xarici işlər naziri sentyabrın 30-da Azərbaycan və Ermənistan nazirləri ilə ayrıca olaraq telefon söhbətləri aparıb.
Lavrov Ceyhun Bayramov və Zohrab Mnatsakanyanla söhbətində Dağlıq Qarabağ münaqişə zonasındakı vəziyyəti müzakirə edib.
Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir:
“Rusiya tərəfindən davam edən genişmiqyaslı hərbi əməliyyatlardan ciddi narahatlıq ifadə olunub. Atəşin dərhal dayandırılmasına və gərginliyin deeskalasiyasına, habelə təxribatçı və davakar ritorikadan çəkinilməsinə çağırış səsləndirilib. Tərəflərin yubadılmadan danışıqlar masasına qayıtmasının zəruriliyi vurğulanıb”.
Rusiya XİN habelə bildirir ki, Moskva müvafiq kontaktların yaradılması üçün “meydança” verməyə hazırdır.
Bu da qeyd olunur ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə növbəti dəfə görüşmək çağırışı edilib.
Məlumatda deyilir:
“Lavrov qeyd edib ki, Rusiya həm təklikdə, həm də Minsk qrupunun başqa həmsədrləri ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik yolla tənzimlənməsi üçün şəraitin yaradılmasında vasitəçilik səylərini davam etdirəcək”.
Azadlıq radiosu