İlham Əliyevdən növbəti yalan məlumat

Prezident İlham Əliyev “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışında deyib ki, tütün məmulatları istehsal edən fabrik fəaliyyətə başlayandan sonra Azərbaycanın siqaret idxalından asılılığı azalıb.

“Biz bu fabrik işə düşənə qədər daha çox idxaldan asılı idik. İndi biz 300 milyon manata qənaət etmişik”, ‒ deyə Prezident vurğulayıb. 

“Fakt Yoxla” İlham Əliyevin iddiasının doğru olub-olmadığını araşdırıb.

Sumqayıt Kimya Sənaye Parkı ərazisində “Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin tütün məmulatları istehsalı fabriki 2018-ci ildə istifadəyə verilib. Açılış ərəfəsində fabrikin il ərzində 3 növdə olmaqla 11 mlrd. ədəd filtrli siqaret istehsal edəcəyi qeyd edilmişdi. Fabrikin ölkənin tütün məmulatlarına olan tələbatının 80%-ni ödəyəcəyi proqnozlaşdırılmışdı.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycana xaricdən 71 mln. dollar dəyərində siqaret idxal olunub. 2018-ci ildə müvafiq göstərici 152,6 mln. dollar təşkil edib. Bu, 2018-ci illə müqayisədə 81,6 mln. dollar qənaət etmək demək idi. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ilin birinci yarım ilində Azərbaycan dəyəri 9,6 mln. dollar olan 492,1 mln. siqaret idxal edib. 2018-ci ilin eyni dövründə ölkəyə 55,5 mln. dollar  dəyərində 4,2 mlrd. siqaret idxal edilmişdi. Bu, 45,8 mln. dollar qənaət demək idi.

Ümumilikdə, 2019-cu il və 2020-ci ilin birinci altı ayı ərzində siqaret idxalında 127,5 mln. dollar (216,7 mln. manat) qənaət əldə olunub. 

Azərbaycanda yerli tütün də becərilir. DSK-nın məlumatına görə, 2019-cu ildə 3,1 min hektar sahədə tütün əkilib. Ötən il həmin sahələrdən 6 min ton tütün yığılıb. Bu, 2018-ci illə müqayisədə 4,4% aşağı göstərici idi. 

Azərbaycanda tütün istehsalı artsa da, onun həcmi siqaret istehsalı üçün yetərli olmayıb. Buna görə də Azərbaycan siqaret istehsalı ilə yanaşı tütün xammalının idxalını da genişləndirib. Rəsmi məlumata görə, 2018-ci ildə Azərbaycan 13,2 mln. dollar dəyərində tütün idxal edib. Bu göstərici 2019-cu ildə 46,2 mln. dollar təşkil edib. Beləliklə, 2018-ci illə müqayisədə 2019-cu ildə xarici ölkələrdən 33 mln. ton daha çox tütün gətirilib.

2020-ci ilin ilk yarısında idxal olunan tütün xammalının dəyəri 29,6 mln. dollar  təşkil edib. 2018-ci ilin müvafiq dövründə bu göstərici 4,6 mln. dollar olub. Həmin dövrdə siqaret istehsalı müəssisəsi hələ fəaliyyətə başlamamışdı. Beləliklə də, 2019-cu ildə və 2020-ci ilin birinci yarısında tütün xammalının idxalı 57,9 mln. dollar (98,5 mln.manat) artıb.

Yuxarıda qeyd edlənlərə görə, tütün məmulatları istehsalı fabriki fəaliyyətə başlayandan sonra Azərbaycana idxal olunan siqaterin fiziki dəyərində 63%, gömrük dəyərində isə 54% azalma qeydə alınıb. 

2019-cu il və 2020-ci ilin ilk altı ayı da daxil olmaqla siqaret idxalında 216,7 manat qənaət əldə edildiyini, tütün xammalının idxalının isə 98,5 mln. manat artdığını nəzərə alsaq, bu sahədə 300 mln. yox, 118 mln. manat qənaət əldə olunub.

Gəldiyimi nəticəyə görə, İlham Əliyevin iddiası yanlışdır.

Fakt Yoxla