Nərimanov polisi Fəzail Ağamalının qızı ilə bağlı baş verən cinayəti niyə aça bilmir?
Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalının qızı Günay Ağamalıya məxsus “Hyundai” markalı maşından müəyyən miqdarda pul, mobil telefonlar və şəxsi əşyalar oğurlanıb. Nərimanov Rayon Polis Idarəsindən APA-ya verilən məlumata görə, hadisə bir neçə gün əvvəl Nərimanov rayonu, Teymur Əliyev küçəsində baş verib.
Baş vermiş hadisə ilə bağlı Nərimanov polisinə məlumat verilib və faktla bağlı Polis Idarəsinin istintaq şöbəsində cinayət işi başlanıb. Hadisədən bir müddət keçməsinə baxmayaraq, oğurluğun üstü hələ də açılmayıb.
APA G.Ağamalıdan hadisə ilə bağlı açıqlama almaq istəsə də, o, açıqlama vermək istəməyib: “Mən şəxsi həyatımla bağlı məlumatların mətbuatda yayılmasının əleyhinəyəm”.
G.Ağamalı “Buta” uşaq bağçasının müdiridir.
Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən deputat Fəzail Ağamalı bildirib ki, həqiqətən qızına məxsus avtomobil 9 ay bundan öncə (bu ilin martında) T. Əliyev küçəsində qarət edilib. Onun sözlərinə görə, maşından cüzi miqdarda pul, bir mobil telefon və avtomobilin sənədləri, G. Ağamalının şəxsiyyət vəsiqəsi də daxil olmaqla əl çantası oğurlanıb: “Dörd ay bundan əvvəl baş verən qarət hadisəsi ilə bağlı Nərimanov polisində cinayət işi başlanılsa da təəssüf edirəm ki, bu günə qədər iş açılmayıb. Cinayətin üstünü açmaq əvəzinə KIV-ə bu məlumatı ötürüb onu ictimailəşdiriblər. Bu fakt Nərimanov rayon Polis Idarəsində ciddi problemlərin yaşandığını təsdiq edir. Mən bununla bağlı ölkənin daxili işlər nazirinə müraciət edəcəm” .{jcomments off}